Ana Sayfa > Seçki 2024 > IX Qlobal Bakı Forumu

IX Qlobal Bakı Forumu


20-06-2022, 09:14. Yazar: sevinc1
IX Qlobal Bakı Forumu

Bildiyimiz kimi, iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu öz işinə başlamışdır. Cənab Prezidentimiz İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın 50-dən çox ölkəsindən ali səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak etmişdir.

Qeyd etmək istəyirəm ki, ölkəmizdə belə mötəbər forumun keçirilməsi ilk olaraq dövlətimizin beynəlxalq aləmdəki artan nüfuzunun göstəricisidir. Forum zamanı bir sıra mövzularda, xüsusilə hazırda dünyanı narahat edən problemlərin həlli yolları ilə bağlı müzakirələr aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin forum zamanı çıxışı, həmin çıxış əsnasında səsləndirdiyi bəyanatlar da mühüm əhəmiyyətə malikdir. Belə ki, forumda, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ermənistana mühüm mesajlar verilib. Dövlətimizin başçısı Forumda Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və gələcəyi, Zəngəzur dəhlizi və onun açılmasının vacibliyi ilə bağlı konkret fikirlər səsləndirib. Forumda ölkə başçısı Azərbaycanın mövqeyini ortaya qoydu. Qeyd etdi ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi təxribat xarakterli addımlardan birdəfəlik imtina etməlidir.

Cənab Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindəki qalibiyyətimizdən söz açaraq bildirib ki: “Müharibə ədalətli idi, labüd idi və ədalətin, beynəlxalq hüququn, Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi biz sülh haqqında danışırıq. Belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Nə üçün biz sülhü seçdik? Çünki biz Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanıb. Ermənistanın işğalı səbəbindən. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.”

Sentyabrın 27-də düşmənin torpaqlarımızı müxtəlif istiqamətlərdən atəşə tutması və buna Müzəffər Ordumuzun adekvat cavabı ilə başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə sona çatdı. Müzəffər Ali Baş Komananımızın rəhbərliyi, Ordumuzun rəşadəti sayəsində 44 gün davam edən müharibə sonunda Zəfər bizim oldu.
Bu gün bütün dünya erməni vandallığının şahidi oldu. Doğma Qarabağımızda düşmən tərəfindən tarix boyu misli görülməmiş vandalizm törədilmişdir.

Hazırda işğaldan azad olunmuş şəhər və kəndlərin bərpası və yenidən qurulması işləri də sürətlə davam edir. Otuz il düşmən işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəmini alaraq daha da gözəlləşir. Erməni vandallarının izləri yavaş-yavaş silinərək, düşmənin işğal dövründə xarabalığa çevirdiyi şəhərləri, kəndləri, qəsəbələri cənnətə çevirəcəyik. Çünki Qarabağın bərpası təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün xüsusi əhəmiyyət daşıyır.

İyunun 19-da Qlobal forumun iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etmişlər.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və inkişafına baxış, eləcə də ərazilərin minalardan təmizlənməsi ilə tanışlıq məqsədilə həyata keçirilən səfərdə qonaqları yerli və xarici media nümayəndələri müşayiət edib. IX Qlobal Bakı Forumunun iştirakçıları Şuşada panel müzakirələr aparıblar.

Biz gənclər də uzun illər həsrətində qaldığımız doğma Qarabağımızın bərpası məqsədilə aparılan quruculuq işlərində fəal iştirak edəcəyik. Bunun üçün hər birimiz səfərbərik. Qarabağı düşmən tapdağından azad edən Azərbaycan gəncliyinin bir parçası olaraq qeyd etmək istəyirəm ki, qazandığım bilik, bacarıqları azadllığına qovuşan ərazilərimizin inkişafı istiqamətində tətbiq etmək mənim üçün olduqca qürurvericidir.

Fidan Nəsirli
YAP Bərdə rayon təşkilatının təbliğat qrupunun üzvü, Bərdə
rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi.


Geri dön