Ana Sayfa > Seçki 2024 > Şuşa Bəyannaməsi Türk dünyasının tarixi nailiyyətidir

Şuşa Bəyannaməsi Türk dünyasının tarixi nailiyyətidir


16-06-2022, 16:42. Yazar: admen
Şuşa Bəyannaməsi Türk dünyasının tarixi nailiyyətidir

XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsl qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunmuşdur. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik, dostluq,  nümunəsidir. Və bunun tarixi çox qədimdir. Çünki bizi bir çox amillər birləşdirir. Ortaq etnik köklərimiz, mədəniyyətimiz, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, tarixən bir-birimizə arxa-dayaq olmağımız  bu birliyi, bu qardaşlığı, bu təəssübkeşliyi təmin etmişdir. Ötən dövr ərzində Azərbaycan-Türkiyə münasibətləri möhtəşəm inkişaf yolu keçmişdir.

2021-ci ilin 15 iyununda bütün Türk dünyasının qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərində müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanmasını sarsılmaz birliyimizi bir daha təsdiq edən mühüm tarixi addım kimi qiymətləndirən Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd edib ki, bu sənəd Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının konseptual istiqamətlərini müəyyən edərək, gələcək müştərək müvəffəqiyyətlərimizə yol açan yeni mərhələnin əsasını qoyub.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin etməklə bərabər, regionda yeni bir tarixi mərhələnin başlandığını göstərdi.
44 günlük Vətən müharibəsində düşmən Ermənistan üzərində Zəfərimiz hər iki xalq tərəfindən təntənə ilə qeyd edildi. Türk dünyasının birlik və həmrəyliyinin lokomotivi olan hər iki dövlət arasındakı siyasi, iqtisadi, hərbi, elmi-texnoloji, kommunikasiya sahəsində olan əlaqələri daha da gücləndirən Şuşa Bəyannaməsinin imzalanması bu qardaşlığın yeni səhifəsi kimi tarixi əhəmiyyəti ilə seçildi. “Şuşa  Bəyannaməsi iəlaqələrimizi ən yüksək zirvəyə qaldırmış oldu. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır” sözləri ilə ifadə edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsidir. Müttəfiqlik Bəyannaməsində 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad olunması, dövlətlərarası iş birliyinin gələcək istiqamətlərinin əksini tapması hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın ön planda göstərilməsi Türk dünyasının tarixi nailiyyətidir.

Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq, regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaqdır. Xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Heydər Əliyevin“Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamları bu Bəyannamə ilə bir daha təsdiqini tapmış oldu.

Böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik Zəngəzur dəhlizi Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur dəhlizi geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsi olmaqla bərabər tarixi ədalətin bərpa olunmasının təzahürü olacaqdır. Ölkə başçısı cənab İlham Əliyevin də vurğuladığı kimi: “Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır... Bu baxımdan Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir”.

Cavanşir Yusubov,
YAP Mingəçevir Təşkilatının sədri

Geri dön