Ana Sayfa > Siyasət > Şuşa Bəyannaməsi, qardaşlığın yeni tarixi mərhələsi
Şuşa Bəyannaməsi, qardaşlığın yeni tarixi mərhələsi16-06-2022, 10:10. Yazar: sevinc1 |
![]() Azərbaycanla Türkiyə arasındakı strateji əlaqələr hazırda özünün ən yüksək və dinamik inkişaf səviyyəsinə çatmışdır. Bu bənzərsiz əməkdaşlıq əsl qonşuluq və strateji tərəfdaşlıq, səmimi dostluq və qardaşlıq münasibətlərini ifadə edir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” vəsiyyəti və müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” formulu əsasında günbəgün inkişaf edən Azərbaycan -Türkiyə münasibətləri dünya dövlətçiliyi tarixində nümunə sayıla bilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dönə-dönə vurğuladığı kimi, bu gün dünyada hər hansı iki dövlət arasında bu səviyyədə münasibətlər mövcud deyildir. 15 iyun 2021-ci ildə müasir Azərbaycanın tarixində xüsusi önəmi və rəmzi mənası olan gündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şuşaya səfəri çərçivəsində tarixi Şuşa Bəyannaməsinin imzalanmasını ölkələrimiz arasındakı münasibətlərin zirvəsi saymaq olar. Sənəddə əksini tapmış “Tərəflər Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də, region dövlətləri darasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər”- fikirləri Azərbaycan-Türkiyə əməkdaşlığının, ilk növbədə, regionda sülhə, sabitliyə və bununla da təkcə iki dövlətin deyil, bölgədəki digər ölkələrin və xalqların da tərəqqisinə xidmət etdiyini təsbit edir. Bu təməl prinsiplərinin müasir dünyada sülhün, əmin-amanlığın bərpası və qorunması üçün olduqca mühüm əhəmiyyəti danılmazdır. Bu amil eyni zamanda Azərbaycan və Türkiyəni sülhsevər, humanizm prinsiplərinə sadiq, insan hüquq və azadlıqlarına hörmət edən, münaqişə və müharibələrin əleyhinə olan dövlətlər kimi səciyyələndirir. Bəyannamənin mətnindəki “Tərəflər xarici siyasət sahəsində əlaqələndirmənin və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edirlər və bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini vurğulayırlar” müddəası isə ölkələrimizin xarici siyasətdə də, diplomatiyada da vahid güc mərkəzi kimi çıxış edəcəyini ifadə edir, dövlətlərimizin gələcək diplomatik uğurları üçün zəmin yaradır. Bəyannamədə geosiyasi hədəflərlə yanaşı, ölkələrimizin iqtisadi cəhətdən gələcək inkişafını şərtləndirən prioritetlərin yer alması, xüsusilə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərin əksini tapması sənədin əhəmiyyətini daha da artırır. Bütövlükdə, tarixi bir sənəd kimi xüsusi əhəmiyyətə, mahiyyətə, hərtərəfli təhlil və analizə layiq olan Şuşa Bəyannaməsi, əlbəttə ki, siyasi təhlillərlə yanaşı, gələcəkdə elmi tədqiqat mövzularının da obyekti olacaqdır. Hər bir cümləsi, hər bir bəndi mühüm məna kəsb edən, böyük əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin mətnində yer almış aşağıdakı müddəa isə regionda sülhün və sabitliyin qorunması, müharibədən qalib çıxan ölkəmizin təhlükəsizliyinin, suverenliyinin qarantı kimi xüsusilə böyük önəm kəsb edir: “Tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, Tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və silahlı qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır”. Bu cümlələr tarixi Şuşa Bəyannaməsinin əsas qayəsini, leytmotivini təşkil edir və Azərbaycan dövlətinin siyasi gücünü, hərbi qüdrətini, müzəffər ordumuzun döyüş ruhunu, xalqımızın gələcəyə olan inamını daha da artırır. Şövqi Həsənov YAP Şəmkir rayon Təşkilatı Aparatının Məsləhətçisi aia.az Geri dön |