Ana Sayfa > Seçki 2024 > Şuşa Bəyannaməsi regionu investisiya qoyuluşu baxımından daha cəlbedici edir

Şuşa Bəyannaməsi regionu investisiya qoyuluşu baxımından daha cəlbedici edir


15-06-2022, 14:13. Yazar: admen
Şuşa Bəyannaməsi regionu investisiya qoyuluşu baxımından daha cəlbedici edir

2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Bəyannamə Tarix boyu ölkələrimiz və xalqlarımız arasında mövcud olmuş bağlılığı, dostluq və qardaşlıq münasibətlərini yeni strateji mərhələyə yüksəltdi. Bir il bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilmiş Şuşa şəhərinə səfəri və burada Azərbaycan Prezidenti İlham Əliyevlə Şuşa Bəyannaməsini imzalaması bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisə oldu. Ölkəmizin tarixi Qələbəsi ilə başa çatmış 44 günlük Vətən müharibəsindən sonra Cənubu Qafqazda yaranmış yeni reallıqlar fonunda imzalanmış bu tarixi sənəd ilk növbədə Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmaz olduğunu bir daha bütün dünyaya bəyan etdi. Bəyannamənin siyasi əhəmiyyətini vurğulayan amillərdən danışarkən, ilk növbədə belə bir məqamı qeyd etmək lazımdır ki, bu sənədin məhz Şuşa şəhərində imzalanması birbaşa işğaldan azad edilmiş ərazilərin məhz Azərbaycanın tarixi torpaqları olduğunun birmənalı şəkildə təsdiq etmiş oldu. İkinci bir tərəfdən də Şuşa Bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstək kimi çıxış edən vacib bir sənəddir. Bu gün hər iki ölkənin ərazisində qoşa dalğalanan Azərbaycan və Türkiyə bayraqları qəlblərimizi qürurla doldurur. O cümlədən Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin sarsılmaz birliyini nümayiş etdirir.

Artıq Azərbaycan-Türkiyə münasibətləri sadəcə iki qardaş xalqın arasında uzun illər ərzində formalaşmış dostluq əlaqələri deyil. Bu gün Azərbaycan və Türkiyə strateji müttəfiqlər olduqlarını bütün dünyaya nümayiş etdirirlər. Həmçinin Şuşa Bəyannaməsinin imzalanması ilə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri beynəlxalq hüquqa uyğun qaydada tam rəsmiləşdi. Əlbəttə ki, bu, çox böyük bir tarixi nailiyyətdir. Əslində Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının strateji müttəfiqlik konsepsiyasına çevrilməsinin bariz təcəssümü oldu. Bundan sonra Azərbaycan və Türkiyə bir-birinin təhlükəsizliyini təmin edəcək, ordu quruculuğu işində və müdafiə sənayesi sahəsində daha sıx əməkdaşlıq edəcəklər. Bununla da həm Azərbaycanın, həm də Türkiyənin hərbi qüdrəti getdikcə daha da artacaq. Həmçinin ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil və bütün digər sahələri də əhatə edir.

Şuşa Bəyannaməsi əlbəttə ki, iki ölkə arasındakı əməkdaşlıq çərçivəsində həm də iqtisadi hədəfləri nəzərdə tutur. Bu gün ölkəmizin işğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə apardığı bərpa-quruculuq işlərində qardaş Türkiyənin rolu xüsusilə böyükdür. Digər tərəfdən də Şuşa Bəyannaməsinin faktiki olaraq Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təminatçısı kimi çıxış etməsi regionun iqtisadi inkişafı baxımından çox vacib və əhəmiyyətli bir məqamdır. Belə ki, Azərbaycan və Türkiyənin müttəfiq olaraq Cənubi Qafqazda əsas söz sahiblərinə çevrilmələri bu regionu investisiya qoyuluşu baxımından cəlbedici edir. Bu da, öz növbəsində bölgəyə və xüsusən də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır. Beləliklə də regionun getdikcə artan investisiya potensialı bu ərazilərdə yeni, daha mütərəqqi və səmərəli iqtisadi münasibətlərin formalaşmasını təmin edir.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə nəticəsində Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların heç bir qüvvə tərəfindən təhrif olunmasına yol verməyəcək. Bütün dünyaya ünvanlanan bu ciddi mesaj da öz əksini Şuşa Bəyannaməsində Azərbaycanın müəllifi olduğu beynəlxalq yol-nəqliyyat layihələri ilə bağlı müddəaların yer almasında tapıb. O cümlədən Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı son dərəcə açıq-aydın ifadələr öz əks olunub. Bu gün artıq Azərbaycan tərəfindən ölkəmizi Türkiyə ilə dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülüb və bu işlər hal-hazırda da davam etdirilir. Zəngəzur dəhlizi xüsusi geosiyasi əhəmiyyətə malik olan beynəlxalq nəqliyyat layihəsidir və bu layihə ən qısa zamanda reallığa çevriləcək. Bununla da Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaq.

Elçin Bəşirov,
Xəzər Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi

Geri dön