Ana Sayfa > Media > Azərbaycanın Cənubi Qafqazda reallaşdırdığı layihələri artıq heç bir qüvvə əngəlləyə bilməz
Azərbaycanın Cənubi Qafqazda reallaşdırdığı layihələri artıq heç bir qüvvə əngəlləyə bilməz14-06-2022, 21:39. Yazar: admen |
Bu gün həm Azərbaycanın, həm də Türkiyənin şəhər və bölgələrində, küçə və meydanlarında qoşa dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının görüntüsü hər birimizin qəlbini qürur və iftixar hissi ilə doldurur. Tarix boyu ölkələrimiz və xalqlarımız arasında mövcud olmuş bağlılıq, dostluq və qardaşlıq münasibətləri 2021-ci ilin iyun ayının 15-də, iyirmi səkkiz illik işğaldan sonra rəşadətli ordumuz tərəfindən azad olunmuş Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Bəyannamə ilə yeni strateji mərhələyə yüksəldi. Artıq Azərbaycan-Türkiyə münasibətləri sadəcə bir-birinə milli-mədəni, tarixi və dini köklərlə bağlı olan iki qardaş xalqın arasında uzun illər ərzində formalaşmış və möhkəmlənmiş dostluq əlaqələri deyil. Bu gün artıq Azərbaycan və Türkiyə strateji müttəfiqlərdir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə ölkələrimiz arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri beynəlxalq hüquqa uyğun qaydada tam rəsmiləşdi. Əlbəttə ki, bu, çox böyük bir tarixi nailiyyətdir. Birmənalı olaraq deyə bilərik ki, Şuşa Bəyannaməsi Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının strateji müttəfiqlik konsepsiyasına çevrilməsinin bariz təcəssümü oldu. Bundan sonra ölkələrimiz bir-birinin təhlükəsizliyini təmin edəcək, ordu quruculuğu işində və müdafiə sənayesinin inkişafı kimi məsələlərdə daha sıx, daha səmərəli əməkdaşlıq edəcəklər. Bu isə həm Azərbaycanın, həm də Türkiyənin hərbi qüdrətinin daha da artmasına səbəb olacaq. Azərbaycan 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərlə öz ərazi bütövlüyünü təmin etdi. Prezident İlham Əliyevin də dediyi kimi, İkinci Qarabağ müharibəsi başlanan gündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, hadisələrin gedişinə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Bu gün isə ölkəmiz işğaldan azad edilmiş ərazilərdə böyük vüsətlə bərpa-quruculuq işlərini həyata keçirir. Təbii ki, bu işlərdə qardaş Türkiyənin rolu böyükdür. Şuşada imzalanmış Müttəfiqlik Bəyannaməsi iki ölkə arasındakı əməkdaşlıq çərçivəsində həm də iqtisadi hədəfləri nəzərdə tutur. Belə ki, bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur və bu işlərdə Türkiyə aparıcı rollardan birinə sahibdir. Şuşa Bəyannaməsi həm də faktiki olaraq Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təminatçısı kimi çıxış edir. Bu isə regionun iqtisadi inkişafı baxımından çox vacib və əhəmiyyətli bir məqamdır. Məsələ bundadır ki, bütün dünyada iş adamları, beynəlxalq şirkətlər yalnız o bölgələrə sərmayə yatırımı edirlər ki, həmin regionda dayanıqlı sülh və ictimai-siyasi sabitlik mövcud olsun. Məhz buna görə də Azərbaycan və Türkiyənin müttəfiq olaraq Cənubi Qafqazda əsas söz sahiblərinə çevrilmələri bu regionu investisiya qoyuluşu baxımından cəlbedici edir. Beləliklə də Şuşa Bəyannaməsi bölgəyə və xüsusən də Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə yeni sərmayə qoyuluşu prosesini stimullaşdırır və regionun getdikcə artan investisiya potensialı bu ərazilərdə yeni, daha mütərəqqi və səmərəli iqtisadi münasibətlərin formalaşmasına yol açır. Belə bir vacib məqamı da nəzərdən qaçırmaq olmaz ki, Şuşa Bəyannaməsində Azərbaycanın müəllifi olduğu beynəlxalq yol-nəqliyyat layihələri ilə bağlı müddəaların, məxsusi olaraq Zəngəzur dəhlizi ilə bağlı konkret açıqlamaların yer alması ölkəmizin Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqların təhrif olunmasına yol verməyəcəyinə dair daha bir ciddi mesaj kimi qiymətləndirilməlidir. Yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsinə istinadların yer aldığı bu tarixi sənəddə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu, əlbəttə ki, Vətən müharibəsində sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqların aşkar təzahürlərindən biridir. Artıq bütün dünya anlamalı və qəbul etməlidir ki, Azərbaycan bu reallıqların hər hansı bir şəkildə təhrif olunmasına heç zaman yol verməyəcək. Bu gün artıq Azərbaycan tərəfindən ölkəmizi Türkiyə ilə dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması istiqamətində konkret əməli işlər görülüb və bu işlər indi də davam etdirilir. Zəngəzur dəhlizi getdikcə reallığa çevrilir və geosiyasi əhəmiyyətə malik olan bu nəqliyyat layihəsinin reallaşmasını hər hansı bir qüvvənin əngəlləməsi artıq tamamilə qeyr-mümkündür. Arif Fərzəliyev, YAP Cəbrayıl rayon təşkilatının sədri Geri dön |