Ana Sayfa > Gündəm > Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi


13-06-2022, 12:04. Yazar: sevinc1
Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi

Hər bir xalqgörkəmli şəxsiyyətləri ilə tanınır. Onlar xalqın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını dünyaya nümayiş etdirir.Ölkəmiz bəşəriyyətə verdiyi tarixi şəxsiyyətləri ilə daim öyünüb, fəxr edib. Adı ölkəmizdən çox-çox uzaqlarda şöhrət tapmışdövlət xadimləri,siyasətçilər, uzaqgörənliyi ilə tanınan müdrik şəxsiyyətlər haqqında söz düşəndə ilk növbədə ümummilli lider Heydər Əliyevin adı çəkilir.

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətəqayıdışı ilə dövlətçilik tarixinin yeni mərhələsinin, müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Böyük dövlət xadimi həmin dövrdən başlayaraq Azərbaycanın problemlərinin mürəkkəb düyünlərini açmalı oldu. İnsanlar tərəddüd və şübhə içində idilər. Buna baxmayaraq Ümummilli liderimizin adı insanların içindəki ümid işığını tam sönməyə qoymamışdı. Zaman göstərdi ki, o böyük şəxsiyyətə üz tutan insanlar yanılmayıblar. Dərin böhranlardan çıxıb inkişaf yoluna qədəm qoymuş Azərbaycan Respublikasında Heydər Əliyevin möcüzəsidir. Azərbaycan xalqı bu illər ərzində müasir dünyada nüfuzlu siyasət nəhəngi kimi tanınan Heydər Əliyevi milli-mənəvi dəyərlərimizin təəssübkeşi dövlətimizin qarantı kimi dəyərləndirmişdir.

Ümummilli lider Heydər Əliyev özündən sonra çox zəngin və çoxşaxəli irs qoymuşdur. Azərbaycanı, onun inkişaf mərhələlərini Heydər Əliyevdən ayrı təsəvvür etmək mümkün deyildir. Müasir Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, siyasi şüurun, sosial həyatın 30 ildən artıq bir dövrünü əhatə edən zaman kəsiyi böyük dövlət xadimi, ensiklopedik biliyə, fenomenal yaddaşa və uzaqgörənliyə malik tarixi şəxsiyyətin - Heydər Əliyevin adı, onun titanik fəaliyyəti nəticəsində öz xalqı üçün gerçəkləşdirdiyi konkret işlərlə bağlıdır. Ulu Öndər siyasi istedadı və yorulmaz təşkilatçılıq bacarığı sayəsində yeni Azərbaycanı, onun bugünkü sürətli inkişaf parametrlərini yaratmış və gələcək prioritetlərini müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Həmin dövrün isə Azərbaycanın gələcək taleyi baxımından başlıca məzmunu azərbaycançılıq idi. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə bu illərdən etibarən yazılmışdır. Heydər Əliyev mövcud olan ideologiyanın qəlibləri çərçivəsində Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək naminə bütün imkanlardan maksimum dərəcədə istifadə etməyə çalışmışdır. Heydər Əliyev milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın illərdən bəri sıxılıb qalmış dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlər yada düşür: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”.

Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan tarixi zəfərlərə imza atdı. Bu gün Ulu öndərin vəsiyyəti yerinə yetirilib və onun, həmçinin bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.

Bu gün ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dövlətimizin qüdrətlənməsi və nüfuzunun artması, xalqın maddi rifahının yüksəlməsi naminə misilsiz xidmətlər göstərir. Bu gün Azərbaycan öz sözünü deməyə qadir bir ölkədir. Müasir Azərbaycanın nail olduğu uğurlar vaxtilə onların təməlini qoyan və inkişaf perspektivini istiqamətləndirən dünya şöhrətli siyasi lider, xalqın böyük oğlu Heydər Əliyevin ölçüyə gəlməz fəaliyyətinin bəhrəsidir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
aia.az



Geri dön