Ana Sayfa > Seçki 2024 > Ulu Öndərin qurtuluş missiyası

Ulu Öndərin qurtuluş missiyası


13-06-2022, 12:03. Yazar: sevinc1
Ulu Öndərin qurtuluş missiyası


Bu gün - xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ulu öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir.15 İyun Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazılmış hadisədir. Həmin gün Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafının təməli qoyulub.

1993-cü ilin iyun günlərində Azərbaycanın öz müstəqilliyini elan etməsinin hələ ikinci ili idi. Yəni Azərbaycan müstəqil ölkə kimi yenicə ayaq tutub yeriyirdi, möhkəmlənməsi üçün çox işlər görülməli idi. Lakin çox təəssüf ki, müstəqilliyimizin ilk illəri ölkəmizdə hakimiyyət uğurunda müxtəlif qüvvələrin mübarizəsinə, separatçı qüvvələrin fəallaşmasına, ermənilərin Azərbaycan torpaqlarını zəbt etməsinə təsadüf edirdi. Ölkə, demək olar ki, hərbi-siyasi, ictimai-iqtisadi və mənəvi böhran içərisində idi. Belə bir vəziyyət isə respublika üçün təhlükəli idi və yenicə nail olduğumuz müstəqilliyimizin əldən getməsinə və Azərbaycan dövlətçiliyinin süqut etməsinə aparırdı. Gəncə hadisələri ilə isə vəziyyət daha da ağırlaşmışdı. Ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi. 1993-cü il iyunun 4-də Gəncədə hərbi qiyam baş verdi. Polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissə hakimiyyətə itaətsizlik göstərir, xaos, hərc-mərclik yaradırdı. Vəziyyət o yerə çatmışdı ki, qiyamçılar dövlət rəhbərlərini girov götürərək, hakimiyyətin istefasını tələb etməklə bərabər silah gücünə ətraf rayonların icra başçılarını zorla dəyişdirirdilər. Surət Hüseynovun rəhbərliyi altında olan qoşun artıq Bakı ətrafına yaxınlaşırdı. Qiyam nəticəsində ölənlər və yaralananlar var idi. Vəziyyət son dərəcə ağır idi. Belə çətin bir zamanda ölkənin, onun vətəndaşlarının güvənə biləcəyi bir insana ehtiyac var idi. Ölkə ziyalıları, sadə insanlar heç tərəddüd etmədən o vaxt Naxçıvanda olan Heydər Əliyevə üz tutdular. Onlar inanırdılar ki, respublikanı xaos və anarxiyadan, parçalanma təhlükəsindən, sosial və iqtisadi sahədəki tənəzzüldən yalnız Heydər Əliyev qurtara bilər. Onun Azərbaycanda 1969-cu ildə hakimiyyətə gəldikdən sonra gördüyü işlər və Moskvaya yüksək vəzifəyə getdikdən sonra da Azərbaycana böyük arxa, dayaq durması, güvənli bir siyasətçi olması xalqda bu inamı yaratmışdı. Xalq inanırdı ki, başları üstünü almış fəlakətdən onları yalnız Heydər Əliyev qurtaracaq, yalnız o, Azərbaycanı sabitlik, sosial-iqtisadi tərəqqi və yüksəliş yoluna çıxaracaqdır. 1993-cü il iyunun 9-da xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya gəldi. Hadisələri öz gözü ilə görmək, düzgün addımlar atmaq, vəziyyəti düzgün qiymətləndirmək üçün Gəncəyə yola düşdü. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Sonrakı hadisələr göstərdi ki, xalq, ziyalılar yanılmamışlar. Xalqın tələbi ilə Bakıya qayıdan ümummilli lider Heydər Əliyev ölkəmizin başı üstünü almış təhlükənin qarşısını qısa vaxtda aldı. Qanunsuz silahlı birləşmələri ləğv etdi. Dövlətçiliyimiz üçün böyük təhlükə olan ayrı-ayrı qruplaşmaların, separatçı qüvvələrin fəaliyyətinə son qoyuldu.

Heydər Əliyev siyasi uzaqgörənliyi ilə, böyük qətiyyət və bacarığı ilə ictimai-siyasi sabitliyin bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə nail oldu. Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs elan olundu. Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ölkəsinin və xalqının milli mənafelərini hər şeydən üstün tutan qətiyyətli liderin hakimiyyətə gəldiyini göstərdi. O, xalqın gözlədiyi xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirdi. 1993-cü ildən sonra cərəyan edən siyasi-ictimai hadisələr, iqtisadi proseslər, inkişafa doğru atılan addımlar Heydər Əliyevin öz xalqına və dövlətinə olan böyük sevgisinin və hörmətin nəticəsi idi. Siyasi hakimiyyətə gəldiyi ilk illərdə o, dəfələrlə dövlət çevrilişlərinin qarşısını almış, Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtarmışdı. Odur ki, 15 iyun Azərbaycanın dövlətçilik tarixinə yeni və şanlı səhifə yazmışdır. Milli Məclisin 1997-ci il 27 iyun tarixli qərarı ilə 15 iyun hər il Milli Qurtuluş Günü kimi qeyd edilir.

1993-cü ildə başlanan yol Heydər Əliyev siyasətinin nəticəsində Azərbaycanı regionun lider dövlətlərindən birinə çevirdi. 10 il ərzində Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə böyük layihələr həyata keçirildi. Müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlandı. 1994-cü ildə bağlanan “Əsrin müqaviləsi” ölkənin inkişafında böyük rol oynadı. Bu zaman ərzində respublika görünməmiş bir inkişaf yolu keçdi. Əslində 10 il ərzində Azərbaycandakı inkişaf və tərəqqini milli qurtuluşdan milli dirçəlişə gedən yol kimi xarakterizə etmək daha doğru olardı. Bu illər ərzində Azərbaycanın müstəqilliyi və suverenliyi nəinki qorunub saxlandı, o həm də əbədi və dönməz xarakter aldı. Respublika ümumbəşəri dəyərlərə əsaslanan mütərəqqi inkişaf yolu keçdi. İqtisadi, siyasi, mədəni sahədəki inkişaf, insan hüquq və azadlıqlarının təminatı sahəsindəki nailiyyətlər, Heydər Əliyevi ümummilli lider kimi xalqın qəlbində və yaddaşında əbədiyaşar etdi.

Azərbaycanın mütərəqqi inkişaf strategiyasını irəli sürmüş Heydər Əliyevin ölməz ideyaları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirməsi göstərir ki, ümummilli liderin hər bir vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var. Heydər Əliyevin məhv olmaqdan, dövlətçiliyini itirmək təhlükəsindən qurtardığı, qoruyub saxladığı Azərbaycan inkişaf və tərəqqisi ilə indi seçilən dövlətlər sırasındadır. Xalqımız inanır ki, onun müstəqilliyi və suverenliyi əbədi olacaqdır. Və nə qədər ki, Azərbaycan yaşayır Ulu öndər Heydər Əliyev də yaşayacaqdır.

Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
aia.az

Geri dön