Ana Sayfa > Manşet / Siyasət / Seçilənlər-5 > Ulu Öndərin milli siyasəti bütün dünya azərbaycanlılarını vahid milli məfkurə ətrafında sıx birləşdirdi

Ulu Öndərin milli siyasəti bütün dünya azərbaycanlılarını vahid milli məfkurə ətrafında sıx birləşdirdi


13-06-2022, 09:16. Yazar: sevinc1
Ulu Öndərin milli siyasəti bütün dünya azərbaycanlılarını vahid milli məfkurə ətrafında sıx birləşdirdi

1990-cı illərin əvvəlində milli müstəqilliyimizin itirilməsi və dövlətçilik ənənələrinin milli yaddaşdan silinməsi təhlükəsi ilə üzləşdiyimiz vaxtda müdrik dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin xalqın tələbi və dəstəyi sayəsində xilaskarlıq missiyasını öz üzərinə götürməsi Azərbaycanı uçurumdan xilas edərək inkişafa doğru istiqamətləndirmişdir. Ulu Öndər xalqımızın milli sərvəti olan müstəqilliyin qorunmasını təmin etmiş, Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmışdır. Bu gün Ulu Öndərin xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən bəhs edərkən Onun xilaskarlıq missiyasının tarixi əhəmiyyətinə və siyasi-fəlsəfi məzmununa xüsusi diqqət yetirilir. Çünki Ulu Öndər Heydər Əliyev respublikamızın ziddiyyətlər və qarşıdurma məkanına çevrildiyi, mürəkkəb regional və beynəlxalq proseslərin cərəyan etdiyi bir şəraitdə Azərbaycan xalqını böyük kataklizmlərdən xilas etmiş, faciə və fəlakətlərin qarşısını almış, ölkəmizin formal deyil, gerçək müstəqilliyini təmin etmişdir. Tarixə xronoloji ardıcıllıqla yanaşsaq, bu zaman görərik ki, Heydər Əliyevin xilaskarlıq missiyası Yeni Azərbaycan Partiyasının siyasi səhnəyə qədəm qoymasından sonra daha da aktuallıq kəsb etməyə başlamışdır. Xalqın Ulu Öndərə olan inam və etimadı Onun respublikamızın qurtuluşu naminə siyasi məsuliyyəti öz üzərinə götürməsinə zərurət yaranmışdı. 1993-cü ilin məlum iyun hadisələri zamanı Azərbaycan xalqı Ulu Öndərə ölkəmizin xilası və tərəqqisi naminə respublikamıza rəhbərlik etməsi barədə qətiyyətli çağırış etmişdi. Eyni zamanda, o zaman hakimiyyətdə olan qüvvələr Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuşdular. Ümummilli Lider Heydər Əliyev bunu nəzərə alaraq Bakıya qayıtmış, Azərbaycan xalqının və dövlətçiliyimizin xilası, dövlətçilik ənənələrimizin, milli qürur və ləyaqətin bərpası naminə tarixi missiyasını yerinə yetirməyə başlamışdı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmiş, həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi yazılmışdır. Proseslərin məntiqi nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkiləri nəticəsində xalqın böyük etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev ölkəmizin inkişaf konsepsiyasını dövrün xüsusiyyətlərinə və zamanın tələblərinə uyğun olaraq dəqiq müəyyənləşdirmiş və Azərbaycanı ictimai-siyasi sabitliyə və dinamik inkişafa malik bir ölkəyə çevirmişdir.

Çox mühüm məqamlardan biri budur ki, Ümummilli Lider daim milli həmrəyliyin qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xüsusi əhəmiyyət vermişdir. Həm SSRİ dövründə, həm də müstəqillik dönəmində respublikamıza rəhbərlik etdiyi zaman milli-mənəvi dəyərlərin yaşadılması, qorunması, gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-strateji hədəflərə çatmaq üçün kadr potensialının formalaşdırılması və digər istiqamətlərdə Ulu Öndər tərəfindən mühüm addımlar atılmışdır. Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə həyata keçirilən milli siyasət xalqımızın həmrəyliyini təmin etmiş və gücləndirmiş, istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda yaşayan soydaşlarımız vahid milli məfkurə olan azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmişdir. Özündə Vətənə sevgi, milli-mənəvi dəyərlərə hörmət, gənc nəslin vətənpərvərlik ideyası əsasında və milli ruhda yetişməsi kimi prinsipləri ehtiva edən azərbaycançılıq milli həmrəyliyimizin ideoloji əsasına çevrilmişdir. Bu ideologiyanın milli və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün xalqların mənafeyini və hüquqlarını qoruması onun milli həmrəylik mənbəyinə çevrilməsini şərtləndirmişdir. Azərbaycançılıq ideologiyası, eyni zamanda, ölkəmizdə Vətəninə sıx mənəvi tellərlə bağlı olan, milli dəyərlərin və ənənələrin, dövlətçilik maraqlarının qorunmasına xüsusi həssaslıqla yanaşan, cəmiyyət həyatının müxtəlif sahələrində yüksək fəallıq göstərən və respublikamızı beynəlxalq müstəvidə layiqincə təmsil edən gəncliyin yetişməsi və milli ideya əsasında vətənpərvərlik ruhunda tərbiyəsində çox mühüm rol oynamışdır.

Ulu Öndərin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövr, eyni zamanda, Azərbaycanı tarixi Zəfərə aparan yolun başlanğıcı olmuşdur. Ümummilli Lider Heydər Əliyev o zaman işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasını qoymuş, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ardıcıl işlərə başlanılmışdır. Məlumdur ki, 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəldikdən dərhal sonra Ulu Öndər Heydər Əliyev ordu quluculuğu işinə başlamışdı. Bu vacib işi 2003-cü ildən bəri böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu illər ərzində Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. Möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Məhz bu məqsədlərlə ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlərin, Silahlı Qüvvələrdə aparılan islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Məhz bizim şanlı ordumuz XXI əsrdə ilk dəfə olaraq irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə ən güclü ordular sırasında olduğunu bir daha təsdiq etdi. Beləliklə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən verilmiş antiterror əməliyyatlarına başlanılması barədə qərar 30 illik işğala və iki əsrlik tarixi ədalətsizliyə son qoydu.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə, müasir dövrün ictimai və siyasi çağırışlarına müvafiq surətdə davam etdirilməsi nəticəsində Azərbaycan bu gün müasir, dinamik inkişaf edən, nüfuzlu dünya dövlətlərindən birinə çevrilib.

Novruzəli Aslanov,
Milli Məclisin deputatı


Geri dön