Ana Sayfa > Ölkə > Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın regional və beynəlxalq siyasətinin müəyyənləşdirilməsində həlledici rol oynayıb

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın regional və beynəlxalq siyasətinin müəyyənləşdirilməsində həlledici rol oynayıb


11-06-2022, 21:12. Yazar: admen
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın regional və beynəlxalq siyasətinin müəyyənləşdirilməsində həlledici rol oynayıb

Bu gün bütün xalqımız 15 İyun – Milli Qurtuluş Gününün 29-cu ildönümünü böyük coşqu ilə qeyd edir. Azərbaycan 1991-ci ildə XX əsrdə ikinci dəfə müstəqillik qazanmağa müvəffəq oldu. Ancaq müstəqilliyimizin ilk illərində xalqımız bir sıra məhrumiyyətlərə qatlaşmaq məcburiyyətində qaldı. 1992-ci il mayın 14-də hakimiyyəti zorla ələ keçirən o dövrki iqtidarın səriştəsizliyi ucbatından müstəqilliyimiz və bütövlükdə ölkənin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən o zamanki Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Ölkənin bir sıra regionlarında silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.

Belə ağır məqamda insanların ümid dolu gözləri Naxçıvana, hətta düşmən blokadasında belə muxtar respublikanı qorumağı bacaran ümummilli lider Heydər Əliyevə dikilmişdi. Xaos və özbaşınalıqlardan cana doyan xalq Vətənin bu ağır günündə dahi oğlu Heydər Əliyevin Bakıya - Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə tələb edirdi. Yaranmış vəziyyətdə Azərbaycanın taleyini öz taleyi bilən ulu öndər Heydər Əliyev ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı və iyunun 9-da Bakıya gəldi. Ulu Öndər iyunun 13-də parlamentdə tarixi çıxış etdi. İyunun 15-də isə ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, respublikamız diletant, naşı və həris insanların hakimiyyətindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla xarakterizə olunan qurtuluş tarixi başladı. Ulu öndər Heydər Əliyevin timsalında özünün layiqli rəhbərini tapan xalq öz liderini ilk dəfə 1993-cü il oktyabrın 3-də, ikinci dəfə isə 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçdi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövrü dövlət müstəqilliyimizin möhkəmlənməsi dövrüdür. Ulu Öndərin gücü xalqa arxalanmasında və onlarla birgə olmasında idi. Fəaliyyəti dövründə həmişə xalqına xidməti qarşısına məqsəd qoyan Heydər Əliyev vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün var qüvvəsi ilə çalışırdı. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətini inkişaf etdirərək, onun dünyanın ən qüdrətli və zəngin dövlətləri sırasına çıxarılması istiqamətində apardığı məqsədyönlü işlər əvəzolunmazdır. Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı. Odur ki, Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi. Bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.

Dünyanın tanınmış siyasi və dövlət xadimləri də etiraf edirlər ki, Heydər Əliyev şəxsi nüfuzu, yüksək idarəçilik keyfiyyətləri, xarizması, intellekti və peşəkar siyasətçiyə xas xüsusiyyətləri ilə nəinki Azərbaycana, hətta daha böyük dövlətlərə liderlik etmək imkanına malik nadir şəxsiyyətlərdən idi. Bu da təsadüfi deyil. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin həm regional, həm də beynəlxalq siyasətinin müəyyənləşdirilməsində aparıcı rol oynayıb. Ulu öndərin dediyi hər bir söz, atdığı hər bir addım, Azərbaycan xalqı, onun rifahının yaxşılaşdırılması naminə göstərdiyi qayğı qlobal xarakter daşımış və dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Xalqımızın xilaskar oğlu Heydər Əliyev öz həyatı və yorulmaz fəaliyyəti ilə xalq, Vətən və dövlət üçün yaşamağın, çalışmağın, mübarizə aparmağın əvəzsiz nümunəsini göstərərək nəsillərə örnək ola biləcək bir ömür yaşamışdır. Ümummilli lider Heydər Əliyev dünyanın perspektivlərini görməyi bacaran ən nüfuzlu, ən istedadlı, ən böyük siyasi və dövlət xadimlərindən biri idi. Onun Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ölkəmizin əhalisi özünü təhlükəsiz, sosial cəhətdən müdafiə olunmuş hiss edirdi.

Bu il Azərbaycan müstəqilliyinin 31-ci ilini yaşayır. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Məhz bu kursla əzmlə irəliləməyin nəticəsidir ki, Azərbaycan bu gün öz gücünə ərazi bütövlüyünü bərpa edərək, Cənubi Qafqazda yeni reallıqların müəllifi kimi çıxış edir. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Məhz Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb.

Vüqar Əliyev,
Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi

Geri dön