Ana Sayfa > İqtisadiyyat > "Rusiya nefti və qazı..."
"Rusiya nefti və qazı..."10-06-2022, 09:19. Yazar: admen |
Qazaxıstana alternativ neft və qaz təchizatçılarından biri kimi Avropa İttifaqı (Aİ) ölkələri arasında tələbat olacaq. AİA.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Aİ-nin Qazaxıstandakı səfiri Kestutis Yankauskas bildirib. Onun sözlərinə görə, Avropa Komissiyası bu yaxınlarda Rusiyanın 2030-cu ilə qədər qalıq yanacaq istehlakını dayandırmaq planı olan REPowerEU-nu təqdim etdi. Səfir bildirib ki, Avropanın enerji sisteminin transformasiyasında ikili ehtiyac var: Aİ-nin Rusiya yanacaq təchizatından asılılığına son qoymaq və iqlim böhranı ilə mübarizə. REPowerEU planı bu problemləri enerjiyə qənaət, təchizatın şaxələndirilməsi və evlərdə, sənayedə və elektrik istehsalında qalıq yanacaq istifadəsini əvəz etmək üçün bərpa olunan enerjinin sürətləndirilmiş tətbiqi yolu ilə həll edə bilər. "Biz Qazaxıstan enerji təchizatının şaxələndirilməsi, dayanıqlı mədən hasilatı, bərpa olunan enerji və yaşıl hidrogen iqtisadiyyatının inkişafı, həmçinin Qazaxıstan və Aİ-nin qarşılıqlı faydası üçün Orta Dəhliz də daxil olmaqla əlaqəni yaxşılaşdırılması istiqamətində sıx əməkdaşlığı davam etdirəcəyini gözləyirik", - səfir bildirib. O, həmçinin qeyd edib ki, Aİ enerji təchizatının şaxələndirilməsində, kömürdən mərhələli şəkildə imtinada və yaşıl hidrogen kimi yeni dayanıqlı enerji mənbələrinin inkişaf etdirilməsində maraqlıdır. "Qazaxıstan bu kimi qlobal səylərin bir hissəsidir. Ölkə artıq Aİ-nin iri enerji təchizatçısıdır və Aİ bazarları üçün təchizat mənbələrinin şaxələndirilməsinə öz töhfəsini verir. Bu ölkə neftinin ixracının 70 faizindən çoxu Aİ-yə yönəlib ki, bu da Avropanın tələbatının 6 faizini əhatə edir. Qazaxıstan həm də Avropadakı bəzi azot zavodları üçün mühüm yanacaq tədarükçüsüdür", - K. Yankauskas bildirib. O əlavə edib ki, Rusiya nefti və qazı Aİ bazarından tədricən çıxarıldıqca, alternativ tədarükçülərə daha çox tələbat olacaq və Qazaxıstan mütləq şəkildə onlardan biridir. "Karbohidrogenlər enerji kompleksində mühüm keçid rolunu oynadığına baxmayaraq, real gələcək Qazaxıstanın da çox şey təklif edə biləcəyi bərpa olunan enerjiyə aiddir. Artıq Avropanın aparıcı istehsalçıları tərəfindən külək və günəş enerjisindən istifadə üzrə bəzi layihələr həyata keçirilir. Biz həmçinin yaşıl hidrogen üzrə əməkdaşlıqda maraqlıyıq", - deyə səfir bildirib. Yankauskas həmçinin qeyd edib ki, Qazaxıstan və Aİ arasında kənd və meşə təsərrüfatları sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar mövcuddur. Onun sözlərinə görə, Qazaxıstan artıq regional və qlobal buğda tədarükündə mühüm rol oynayır. "Məhsuldarlıq və davamlılığın artırılması Aİ ilə rəqəmsallaşma, müasir texnologiyalar və torpaqdan səmərəli istifadə sahəsində əməkdaşl çərçivəsində həyata keçirilə bilər, bununla da sektoru daha təhlükəsiz, dayanıqlı, üzvi kənd təsərrüfatını inkişaf etdirmək, su idarəçiliyini təkmilləşdirmək olar. Təkmilləşdirilmiş fitosanitariya sistemi Qazaxıstanın ixrac edə biləcəyi kənd təsərrüfatı məhsullarının çeşidini genişləndirə bilər. Meşələrin salınması, idarə olunması və meşə sənayesi sahəsində əməkdaşlığa da böyük maraq var", - Yankauskas bildirib. O qeyd edib ki, Avropa şirkətləri Qazaxıstana fəal şəkildə damazlıq kənd heyvanları və yüksək keyfiyyətli toxum tədarük edir, kənd təsərrüfatı texnikası ixrac edir. "Ümid edirik ki, Qazaxıstan hökumətinin elan etdiyi islahatlar, investisiya mühitinin yaxşılaşdırılması və şəffaf biznes mühitinin təmin edilməsi istiqamətində yeni impuls daha çox Avropa şirkətlərini Qazaxıstana sərmayə qoymağa və onunla ticarət etməyə təşviq edəcək. Aİ artıq Qazaxıstanın əsas ticarət tərəfdaşıdır, onun xarici ticarətinin 40 faizini təşkil edir və ölkənin əsas xarici investorudur. Aİ ardıcıl olaraq özünün ən qabaqcıl təcrübələrini və standartlarını Qazaxıstanla bölüşüb və bunu etməkdə davam edəcək", - Yankauskas bildirib. Yaxın gələcəkdə Qazaxıstan və Aİ arasında münasibətlərin gündəmində olacaq iqtisadi əməkdaşlıq sahələrindən danışan səfir bildirib ki, ümumilikdə bütün sahələr hazırda gündəmdədir. "Bu doğrudan da belədir, çünki Avropa İttifaqı ilə Qazaxıstan arasında 2020-ci ildən qüvvədə olan yeni Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi iqtisadiyyatın və əməkdaşlığın bütün 29 sahəsini əhatə edir. Biz bu mühüm sazişin tam şəkildə həyata keçirilməsi üçün artıq birgə işə başlamışıq", - deyə o bildirib. Səfirin sözlərinə görə, hazırda Rusiyaya qarşı iqtisadi və maliyyə sanksiyaları kontekstində hər kəs üçün vacib olan məsələ Qazaxıstan və Aİ, eləcə də Aİ və Mərkəzi Asiya, bütövlükdə Avropa və Asiya arasında alternativ kommunikasiya marşrutlarını gücləndirmək və inkişaf etdirməkdir. Bu, təkcə nəqliyyat, infrastruktur və yüklərin idarə edilməsinə deyil, həm də rəqəmsal texnologiyalara, elektron ticarətə və ən əsası insanlar arasında münasibətlərə aiddir, deyə o əlavə edib. "Növbəti illərdə və onilliklərdə Aİ bütün ölkələrimizdə yaşıl iqtisadiyyata keçidə diqqət yetirəcək. Bu, Qazaxıstanla əməkdaşlıq üçün yeni və mühüm imkanlar açır. İqlim dəyişikliyini dayandırmaq üçün səylərimizdə tərəfdaşlara ehtiyacımız var, Qazaxıstan isə Qərbin enerji səmərəliliyi texnologiyalarından, təkmilləşdirilmiş şəbəkələrdən və yeni enerji istehsalı və saxlama imkanlarından faydalanacaq", - Yankauskas bildirib. Qazaxıstan, təbii ki, zəngin ölkədir, lakin əlavə dəyərli istehsala yaxşı planlaşdırılan investisiyalar daha davamlı iqtisadi inkişafı təşviq etməyə kömək edəcək, deyə səfir qeyd edib. "Biz hökuməti struktur islahatları aparmağa, rəqabət qabiliyyətini yüksəltməyə və dövlətin iqtisadiyyata təsirini azaltmağa çağırırıq. Bu baxımdan mühüm əhəmiyyət kəsb edən iqtisadiyyatın onurğa sütunu kimi KOB-ların inkişafı, rəqabətqabiliyyətli və şəffaf bank sisteminin münasib kreditlər təqdim edə bilməsini təmin etmək və daha çox qadını biznesə cəlb etməkdir. Aİ, onun üzv dövlətləri və Avropa inkişaf bankları bu sahədə getdikcə fəallaşırlar. Biz həmçinin Mərkəzi Asiya regionunda və Aİ ilə ticarəti və daha sıx əməkdaşlığı təşviq edən bir sıra layihələri dəstəkləyirik", - Yankauskas bildirib. Geri dön |