Ana Sayfa > Seçki 2024 > Heydər Əliyev müasir Azərbaycan səhiyyəsinin qurucusudur

Heydər Əliyev müasir Azərbaycan səhiyyəsinin qurucusudur


8-06-2022, 13:28. Yazar: sevinc1
Heydər Əliyev müasir Azərbaycan səhiyyəsinin qurucusudur

Ulu Öndər Heydər Əliyevin adı öz xalqına, millətinə misilsiz xidmətləri ilə yaddaşlara əbədi həkk olunmuşdur. Dahi rəhbərin milli maraqlara yönələn siyasəti, sosial, iqtisadi, mədəni və intellektual cəhətdən ölkəsini dirçəltmək, qədim xalqını öz torpaqlarının, tarixi irsinin və taleyinin həqiqi sahibinə çevirmək uğrunda mübarizəsi onun bitib-tükənməz ideyalarının inandırıcı potensialını daha da artırmışdır. Məhz xalqda olan bu inam böyük Azərbaycanlının ikinci dəfə hakimiyyətə gəlişinin istinadına çevrilmişdir. Böyük qayıdışdan sonra Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyaları fundamental mahiyyət kəsb etməyə başlamış, mütərəqqi ənənələr əsasında yeni dövlətçilik konsepsiyası işlənib hazırlanmışdır. Ulu öndər Heydər Əliyevə yaxşı bəlli idi ki, xarici dövlətlərdən hərtərəfli yardım alan Ermənistanın təcavüzünə qarşı aparılan qeyri-bərabər döyüşlər davam etdikcə respublika daha ağır vəziyyətə düşə bilər, transmilli neft şirkətlərini ölkəmizə dəvət etmək, onlarla müqavilələr bağlamaq və beləliklə, Azərbaycan neftini sərbəst təhlükəsiz marşrutla Qərbə ixrac etmək mümkün olmayacaq. Ona görə də ilk növbədə 1994-cü il mayın 14-də atəşkəsə nail olundu, həmin ilin sentyabr ayının 20-də isə “Əsrin müqaviləsi” imzalandı. Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bildi. 1994-1995-ci illərin hadisələrində Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini faciələrdən və iflasdan xilas etdi. O, ictimai-siyasi sabitliyi təmin etməklə demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı.

Böyük rəhbərin dövlətçilik uğrunda apardığı fəal mübarizə, çoxşaxəli fəaliyyət ölkəmizin bütün sahələrində olduğu kimi, bu konsepsiyanın tərkib hissələrindən olan Azərbaycan səhiyyəsi, o cümlədən tibb elmi və tibb təhsili strukturlarının dinamik inkişafı və gələcək yüksəlişində də öz parlaq əksini tapdı. Müəyyən müddətdə cəmiyyətdə müşahidə edilən anarxizmi neytrallaşdırmaq da Ümummilli liderin dahiyanə siyasətçi olmasının məntiqi yekunu kimi dəyərləndirilir.

Ümummilli lider hələ keçmiş SSRİ dövründə Azərbaycanda xalq təsərrüfatının bütün sahələrinin inkişafına xüsusi diqqət yetirir, yeniliyə, tərəqqiyə sədd yaradan, keçmişdən miras qalan maneələri, lüzumsuz stereotipləri qətiyyətlə aradan qaldırırdı. Onun düşünən beyni sanki istirahət bilmədən daim fəaliyyət göstərərək Azərbaycanın gələcəyi naminə yeni layihələrin eskizlərini hazırlayır və dərhal da onların həyata keçirilməsi üçün şərait yaradırdı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə mütərəqqi islahatların tətbiqi meydanına çevrildi. O vaxtlar Azərbaycanın SSRİ-nin tərkibində olmasına baxmayaraq, Ulu Öndər çəkinmədən, heç nədən və heç kimdən ehtiyat etmədən müstəqil addımlar ataraq, özünəməxsus bacarıqla respublikada demokratik ruhlu dəyişikliklərə daha çox yer verirdi. O, bunları xüsusi diplomatik məharətlə həyata keçirərək Moskvanın ona nəyi isə irad tuta biləcəyinə də heç bir əlyeri qoymurdu. Əksinə, Moskva da onun ideyalarının məhsulu olan yenilikləri, islahatları, Azərbaycanın inkişaf ritmini alqışlamaq məcburiyyətində qalırdı.

Heydər Əliyevin qətiyyəti, iradəsi və təşəbbüskarlığı ilə keçmiş SSRİ-nin bir sıra strateji əhəmiyyəli müəssisələri məhz Azərbaycanda inşa olunmuş, bununla da respublikamızın gələcək müstəqilliyinin iqtisadi əsasları formalaşdırılmışdır. Ulu Öndər bütün sahələrdə olduğu kimi, Azərbaycan səhiyyəsini, tibb elmi və tibb təhsili sistemini də daim diqqət mərkəzində saxlayırdı. O, ilk növbədə tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb etməyə, onların yerli mütəxəssislərlə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışırdı. Bununla da dahi rəhbər respublika səhiyyəsində mövcud olan durğunluğun aradan qaldırılmasına səy göstərirdi və buna müvəffəqiyyətlə nail olurdu. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Heydər Əliyev ölkə səhiyyəsinin, o cümlədən tibb elmi və tibb təhsili sahələrinin beynəlxalq miqyasda tanınmasına, dayanıqlı və sabit inkişafının təmininə əlverişli şərait yaradırdı.


Bu gün Azərbaycanın milli tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş xarici ölkələrinin məşhur tibb müəssisələrində müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Həkim və alimlərimizin xaricə göndərilməsi həm də müxtəlif ölkələrdə yaşayan və fəaliyyət göstərən dünya azərbaycanlılarının maddi və mənəvi dayağının artmasına, Azərbaycan diasporunun möhkəmlənməsinə zəmin yaradır. Ölkə səhiyyəsi, tibb elmi və tibb təhsili sistemi XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində 35 ilə yaxın bir dövrdə bilavasitə Heydər Əliyevin himayəsində olub, onun rəhbərliyi altında inkişaf edib, onun sayəsində indiki yüksək səviyyəyə çatıb.

Ümummilli liderin dövlətçilik siyasəti sayəsində Azərbaycanın özü ilə birlikdə onun səhiyyə sistemi də xilas edildi. Heydər Əliyevin o vaxtlar ölkəmizdəki siyasi-iqtisadi vəziyyəti yaxşılaşdırmaq naminə gördüyü işlər, yerinə yetirdiyi əvəzsiz xidmətlər tarixin səhifələrinə qızıl hərflərlə həkk olundu. Bundan sonra müstəqil Azərbaycan Respublikasında həm siyasi, həm də iqtisadi durum yüksələn xətt üzrə inkişaf etməyə başladı. Bu, dərhal özünü ölkə səhiyyəsinin, tibb elmi və tibb təhsili sistemi sahələrinin tərəqqisində də büruzə verdi.

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin bu inkişaf strategiyası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Əlbəttə ki, qazanılan bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. 19 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə etimad göstərməsindən sonra həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Dövlət başçısının siyasi iradəsi əsasında bütün sahələrdə sistemli, kompleks xarakterli, fundamental islahatların həyata keçirilməsi Azərbaycanın qüdrətinin daha da artmasını təmin edib. Ölkənin idarəetmə sistemi təkmilləşdirilib, yeni kadr siyasəti idarəetmədə bir sıra neqativ halların aradan qalxmasını təmin edib. İdarəetmə orqanlarında, qanunvericilik sahəsində, parlamentdə, ümumiyyətlə, dövlət həyatının bütün sahələrində həyata keçirilən islahatlar cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb. Müasir dövlət quruculuğu strateji prioritet kimi müəyyənləşdirilib, ölkənin ümumi inkişaf strategiyası müasir dövrün tələblərinə uyğunlaşdırılaraq uğurla həyata keçirilib. Respublikamız öz xarici siyasət kursunda işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə qarşılıqlı hörmət, bərabərhüquqlu və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlər qurub. Bu, bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından strateji önəm kəsb edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm prioritetlərindən biri olan ordu quruculuğu istiqamətində görülən işlərin nəticəsində Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Və nahət bütün bu proseslərin məntiqi nəticəsi olaraq Azərbaycan Ordusu Vətən müharibəsində parlaq tarixi Qələbə əldə edərək ölkəmizin ərazi bütövlüyünü təmin edib. Azərbaycan bu inamlı qələbəsilə öz gücünü bütün dünyaya nümayiş etdirdi.

Aygün Budaqova,
3 saylı Qadın Məsləhətxanasının baş həkimi

Geri dön