Ana Sayfa > Seçilənlər-5 > HƏRBÇİ SEVGİLİSİNİN MƏKTUBU...

HƏRBÇİ SEVGİLİSİNİN MƏKTUBU...


18-05-2016, 13:29. Yazar: admin



Hər şey sənlə başladı. Tarixim sənlə başladı. Dəniz kənarında , soyuq bir daşın üstündə etiraf etdin sevdiyini. Məhəbbət aləmindən anlayışı olmayan bir qız üçün gözlənilməz bir etiraf idi bu. Gələcəkdə ediləcək bir səhvin başlanğıcı idi bu etiraf. Soyuq daşın şahidliyinin ağır olacağını bilə-bilə başlamışdı bu sevgi.
Gecələr yuxularımız qaçmağa başladı. Eyni hissləri yaşadığımızdan o qədər əmin idim ki...
Deyirdilər ki, hərbçinin sevgisi güclü olur, toxunulmaz olur, canından belə keçir sevdiyi üçün... Mən buna sənin üzünə hər baxanda tam əmin oldum.
Günlərimi səninlə yaşadım. Neçə yay keçdi, neçə payız ötdü, neçə qışı yola saldıq, neçə baharı qarşıladıq.. Bu müddət ərzində bir gün belə səndən bezmədim. Günlərlə oxuduğun hərbi məktəbin yanında gözlədim səni.. Görməyə ümid etmirdim, amma aldığın havanı səninlə bərabər almaq təsəlli olurdu mənə. Çöldə olduğumu bilirdin, bilirəm ki, sənin də ürəyinin döyüntüləri artırdı, sən də həyəcanlanırdın, sən də sevinirdin...
Filmlərdə olur adətən, sevgililər ağacın gövdəsini oyaraq, adlarının baş hərflərini yazırlar, biz o filmi həyatda yaşamışdıq. Həmin ağacın vəziyyəti necədir bilmirəm, bəlkə də kəsiblər, bəlkə də quruyub, bəlkə də daha da budaqlanıb, xəbərim yoxdu. Bağışla məni , sevgilim, gedə bilmirəm oralara, sənin qədər vəfalı deyiləm mən , ola bilmədim sənin kimi...
Danışmaqla bitməz..
Düz 9 ildən sonra bir neçə gün əvvəl yuxuma girdin. Soyuq-soyuq baxdın mənə, nəsə demək istədin, amma demədin. Susmuşdun. Bu o vaxta təsadüf etdi, hansı ki, aprelin əvvəli cəbhədə qızğın döyüşlər başlamışdı.. Şəhid xəbərləri ard-arda gəlirdi. Bilirdim ki, sən də cəbhə bölgəsində, qızğın döyüşlərin içərisindəsən. Heç kimə bildirməsəm də, ürəyimin yarısı orda idi. Dəfələrlə getmək istədim, ürəyim getsə də, ayaqlarım getmədi... Bütün günü həyəcanla şəhid hərbçilərin və yaralıların siyahısını izlədim. İndi də izləyirəm. Neçə dəfə Allaha şükür etdim, adını o siyahıda görmədiyim üçün.
Sağ-salamat olduğunu bilirəm, hiss edirəm. Sən mənə sağ qalmaq sözü vermişdin, yadına gəlirmi... Demişdin nə vaxt başını yastığa rahat qoysan, bil ki, mən səni qoruyuram. Mən də elə bilirəm, mənim qoruyursan. Məni qoruyan sənsən, sevgilim. Sənin ölməyə , şəhid olmağa haqqın yoxdur. Şəhid kimi gəlmə üstümə, istəmirəm sənin şəhidlik zirvəni. Eqoistəm mən...
Bir zamanlar mən sənə qadağan idim, indi sən mənə qadağansan, yasaksan. Olsun, amma sağ qal, yaşa, məni qoru.

Vəfa Soltanova
Geri dön