Ana Sayfa > Seçki 2024 > Ədalət Hacıyev: “Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin qurucusu və memarıdır ”

Ədalət Hacıyev: “Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin qurucusu və memarıdır ”


6-06-2022, 15:39. Yazar: sevinc1
Ədalət Hacıyev: “Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin qurucusu və memarıdır ”

Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Məhz ona görə də ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafını həmişə diqqət mərkəzində saxlamışdır.

Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.

Hələ sovet dönəmindən Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, onların daim qayğısını çəkirdi. Onların adlarını sadalamaqla qurtaran deyil. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Heydər Əliyevin qayğısı nəticəsində Sosialist Əməyi Qəhrəmanı kimi SSRİ-nin yüksək fəxri adını almışlar. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanardı. Onun hər çıxışı mədəniyyətin bir sahəsinin gələcək inkişaf proqramına çevrilərdi. Hansı sahədən danışırdısa, elə hiss edirdin ki, bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman ulu öndəri siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi.


Azərbaycan 1991-ci ildə müstəqillik əldə etsə də, kəskin problemlər və hətta bir dövlət kimi yox olmaq təhlükəsi ilə qarşı-qarşıya idi. Müstəqilliyin ilk iki ilində ayrı-ayrı xarici qüvvələrin mübarizə meydanına çevrilən, ciddi sosial, iqtisadi problemlərin cərəyan etdiyi Azərbaycan əldə etdiyi müstəqilliyi itirmək təhlükəsi qarşısında idi. Azərbaycanı, sözün əsl mənasında, xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevrilmiş, ölkədə separatizm meyilləri baş qaldırmağa başlamışdı. Artıq ölkənin bir sıra ərazilərində – Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun hadisələri də belə bir şəraitdə baş verdi. Belə bir vəziyyətdə xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün Ümummilli Lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün Ulu Öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Böyük xilaskarın Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi.

Həmin vaxtdan Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı sanki Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı. Azərbaycanda bir çox tamaşa müəssisələri təmir olundu, Filarmoniya təmirdən sonra yenidən istifadəyə verildi.

Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan ulu öndərin hakimiyyəti illərində çox səmərəli tədbirlər reallaşdırılıb. Ümummilli lider Azərbaycanın sivil dünya ilə inteqrasiyasına, xalqların iqtisadi-siyasi, humanitar yaxınlaşmasına dövlətçiliyi möhkəmləndirən, xalqı inkişaf etdirən ən vacib vasitələrdən biri kimi baxırdı. Və bu zaman dünya ilə dil tapmağın ən sınanmış və optimal yollarından biri olaraq, mədəni dəyərlərin qarşılıqlı dərkini və təbliğini əsas götürürdü.


Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən son dərəcə uğurla davam etdirilir. 2003-cü ildən sonra da Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır. Möhtərəm Prezidentimizin Azərbaycan mədəniyyətinə verdiyi ən böyük töhfələrdən biri də sözssüz ki, işğaldan azad edilmiş qədim şəhərimiz olan Şuşanın ölkənin mədəniyyət paytaxtı elan edilməsi oldu. Ulu öndərimizin “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə Azərbaycan yoxdur” vəsiyyətini özünün həyat amalına çevirmiş Prezident İlham Əliyev Azərbaycanın gücünü-qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan öz müdrik lideri, Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında erməni işğalına son qoydu, ölkənin ərazi bütövlüyünü bərpa etdi.

İşğaldan azad olunmasından az bir vaxt sonra Şuşada Yuxarı Gövhərağa məscidinin təmir edilib və orada bayram namazının qılınması, yeni möhtəşəm məscidin bünövrəsinin qoyulması və eyni zamanda da işğaldan azad edilmiş bütün ərazilərimizdə erməni vandalizminin qurbanı olmuş bütün xristian məbədlərinin, tarixi mədəni abidələrin bərpasına başlanması Azərbaycanda mövcud olan tolerantlığın və multikulturalizmin daha bir göstəricisidir. 30 illik fasilədən sonra Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada “Xarıbülbül” musiqi festivalı keçirildi. Festivalın ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırdı. Azərbaycan Prezidentinin tövsiyəsi ilə builki “Xaribülbül” festivalı Azərbaycanda uzun illərdən bəri mövcud olan multikulturalizm ənənələrinin əsl canlı rəmzinə çevrildi. Heç bir şübhə yoxdur ki, dünya bundan sonra hələ uzun illər Azərbaycanın mədəniyyət incilərinə valeh olmaqda davam edəcək.

Ədalət Hacıyev,
Azərbaycan Dövlət Akademik Rus Dram
Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi

Geri dön