Ana Sayfa > Media > Bərdədə “QHT-Dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi" adlı konfrans keçirilib

Bərdədə “QHT-Dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi" adlı konfrans keçirilib


7-06-2022, 09:27. Yazar: sevinc1
Bərdədə “QHT-Dövlət əməkdaşlığında yeni çağırışlar: İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi" adlı konfrans keçirilib

Konfrans Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil olunub.

Bərdə Regional Mədəniyyət İdarəsinin Mədəniyyət Mərkəzində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, Agentliyin məsul əməkdaşları, Yevlax, Tərtər, Xocalı, Ağdam, Ağcabədi və Laçın rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, həmin icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransı açıq elan edərək tədbirin proqramı haqqında məlumat verib.

Tədbirdə dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışılıb, onların fəaliyyətinin yeni dövrün çağırışlarına uyğun təşkil olunmasının zəruriliyindən söz açılıb. Bildirilib ki, “Bu gün Azərbaycanda böyük QHT şəbəkəsi formalaşıb və bu hərəkatın iştirakçıları müstəqil Azərbaycanımızın və xalqımızın mənafeyini hər şeydən üstün tutaraq dövlətimiz ətrafında sıx birləşiblər”.
Çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova bildirib ki, “Ölkəmizdə qeyri-hökumət təşkilatları bir neçə mərhələdə inkişaf yolu keçib, QHT-dövlət münasibətləri sahəsində müsbət nümunələr formalaşdırılıb. QHT-lərə maliyyə, metodiki, konsultativ, təşkilati dəstəyin göstərilməsi və sair bunun bariz nümunəsidir. Regionda mədəniyyət siyasətinin daha da uğurla həyata keçirilməsi üçün regional idarə ilə QHT-lər arasında münasibətlər daha da gücləndirilir və bu istiqamətdə müvafiq layihələr üzərində işlər aparılır.

Konfransda çıxış edən digər natiqlər bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhvə verəcək.

Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.

Tədbirdən sonra qonaqlar çay süfrəsi ətrafında fikir mübadiləsi aparıblar.
Geri dön