Ana Sayfa > Seçki 2024 > Prezident İlham Əliyevin xarici siyasəti Cənubi Qafqazı bütün ölkələr üçün faydalı əməkdaşlıq məkanına çevirir

Prezident İlham Əliyevin xarici siyasəti Cənubi Qafqazı bütün ölkələr üçün faydalı əməkdaşlıq məkanına çevirir


5-06-2022, 10:34. Yazar: admen
Prezident İlham Əliyevin xarici siyasəti Cənubi Qafqazı bütün ölkələr üçün faydalı əməkdaşlıq məkanına çevirir

Məlum olduğu kimi, ötən əsrin sonlarında Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.

Qeyd olunmalıdır ki, bu gün regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq əhəmiyyətli strateji dividendlər vəd edir və çoxşaxəli tərəfdaşlıq nöqteyi-nəzərindən yüksək qiymətləndirilir. Çünki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Digər tərəfdən, Azərbaycanın balanslaşdırılmış xarici siyasət strategiyası regionun siyasi və iqtisadi, həmçinin enerji təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Beləliklə, dünya dövlətləri Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda enerji təhlükəsizliyi sahəsində əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu qəbul edirlər.

İyunun 1-də öz işinə başlamış Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisinin açılışında etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev bildirdi ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Bu sahədə Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu imkan vermişdir ki, bu sahəyə diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etmiş, həyat keçirilən bir çox layihələr həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr vermişdir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir. Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq. Diqqətəlayiq haldır ki, Birləşmiş Ştatlar və Birləşmiş Krallıq Azərbaycanın enerji siyasətini hər zaman dəstəkləyib. Böyük dəstək nəticəsində effektiv nailiyyətlər əldə olunub. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiyanın İnfrastruktur və İnvestisiya Bankı Cənub Qaz Dəhlizinin maliyyələşməsində iştirak edirlər.

Bu gün Azərbaycan həm də bərpa olunan enerji növlərinin istehsalı sahəsində dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Məlumdur ki, Xəzər dənizinin Azərbaycan sektorunun enerji potensialı 150 min meqavat təşkil edir. Bundan başqa, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur. Qeyd edə bilərik ki, hazırda neft və qaz sahəsində strateji tərəfdaş olan SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edirlər.

Həmçinin Azərbaycan digər ölkələri maraqlandıra biləcək zəruri infrastruktura malikdir. Dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları mövcuddur. Azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Onlardan biri artıq istifadə verilib. Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. Bütün bunlar isə Azərbaycana digər ölkələrə strateji əhəmiyyət kəsb edən tranzit yolları təqdim etmək imkanı verir. Şaxələnmiş ixrac marşrutlarının olması, SOCAR və BP-nin starteji tərəfdaşlığı, zəruri infrastrukturun mövcudluğu Azərbaycanın enerji təhlükəsizliyi sahəsində rolunu getdikcə artırır və Cənubi Qafqaz regionu getdikcə daha çox maraqlı ölkələr üçün etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq məkanına çevrilir.

Vüqar Əliyev,
Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi


Geri dön