Ana Sayfa > Seçki 2024 > Prezident İlham Əliyevin hər il “Xəzər Neft və Qaz” sərgisinin açılışında iştirakı bu layihənin yüksək statusunu təsdiqləyir

Prezident İlham Əliyevin hər il “Xəzər Neft və Qaz” sərgisinin açılışında iştirakı bu layihənin yüksək statusunu təsdiqləyir


3-06-2022, 14:39. Yazar: sevinc1
Prezident İlham Əliyevin hər il “Xəzər Neft və Qaz” sərgisinin açılışında iştirakı bu layihənin yüksək statusunu təsdiqləyir

İyun ayının 1-də Bakıda Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə start verilmişdir. İyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi üç layihədən – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisi, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgisi və Bakı Enerji Forumu. Bu il 30 ölkədən 249 şirkət qatıldığı Bakı Enerji Həftəsinin ən böyük tədbiri məhz 27-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisidir. Bu layihə Azərbaycan Respublikasının müstəqillik əldə etdiyi tarixdən bəri keçirilən ilk sərgidir və regionda neft-qaz sənayesinin əsas tanınmış beynəlxalq platforması olmaqla hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçilərini öz meydançasında bir araya gətirir. Məlumdur ki, “Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi təşəbbüsü ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənib və yarandığı ilk günlərdən ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində olub. Qeyd etmək lazımdır ki, Ölkə Prezidenti cənab İlham Əliyevin hər il sərginin açılış mərasimində iştirakı bu layihənin yüksək statusunu və əlbəttə ki, Azərbaycan üçün əhəmiyyətini bir daha təsdiqləyir.

O cümlədən iyunun 1-də, 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində etdiyi çıxışında da dövlət başçısı vurğuladı ki, Azərbaycanın müstəqillik illərində öz enerji təhlükəsizliyinə yatırdığı sərmayələri və tərəfdaş ölkələrin diqqətini ölkəmizə cəlb etmək baxımından da Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox əhəmiyyətli və vacib olub. Bu illər ərzində Azərbaycan daxili bazarda enerjiyə olan tələbatları tam təmin edib və bu gün sayı getdikcə artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Prezident İlham Əliyev ölkəmizin müstəqillik illərində bu sahədə əldə etdiyi nailiyyətlərin tarixini bir daha xatırladaraq qeyd etdi ki, ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı.

Həmçinin Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın Avropa qitəsində enerji daşıyıcıları sahəsində fəaliyyətini genişləndirməsinin həm ölkəmiz, həm də tərəfdaşlarımız üçün zəruri olduğunu deyərkən, məhz bu baxımdan Cənub Qaz Dəhlizinin böyük önəm daşıdığını qeyd etdi. Məlum olduğu kimi, XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən – “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Bunu da qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi 2020-ci ilin dekabr ayının 31-də – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə tamamlandı. Əlbəttə ki, Avropa Komissiyası və Azərbaycan həmtəşkilatçı və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq bu layihənin həyata keçirilməsində çox mühüm rol oynamışdır. Bu nəhəng layihənin dəyəri 33 milyard ABŞ dollarıdır. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Bu gün dünyada, o cümlədən Avropada əlavə qaz mənbəyinə tələbat artmaqdadır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Beləliklə, Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı statusunu daha da möhkəmləndirib.

Bir məqamı da xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan bərpa olunan enerji növlərinin istehsalı baxımından da kifayət qədər böyük potensiala malikdir. Bu gün ölkəmiz bu sahədə dünyanın aparıcı enerji şirkətləri olan “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlıq edir. Hazırda ölkədə biri günəş, digəri isə külək olmaqla, iki elektrik stansiyası inşa olunur ki, onların birgə istehsal gücü 470 meqavatdır. Gələn il bu iki stansiya istifadəyə veriləcəkdir və bu, Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, yalnız başlanğıcdır. Məlumdur ki, Xəzər dənizinin Azərbaycan sektorunun enerji potensialı 150 min meqavat təşkil edir. Bundan başqa, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı 9-10 min meqavat təşkil edir. Burada ilk növbədə külək və günəş enerjisi nəzərdə tutulur. Məhz bərpa olunan enerji növlərinin istehsalı sahəsində yaxın gələcəkdə daha böyük nəticələrin əldə olunacağını deməyə belə bir fakt da əsas verir ki, hazırda neft və qaz sahəsində strateji tərəfdaş olan SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edirlər.

Ceyhun Cahangirov
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam orta
məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı.


Geri dön