Ana Sayfa > Siyasət > Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq
Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq1-06-2022, 14:44. Yazar: sevinc1 |
![]() Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında iştirak edib. Cənab İlham Əliyev Zəngilan rayonuna əvvəlki səfərləri zamanı Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoymuşdu. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasına başlanıldı. Layihə Zəngilanın Birinci, İkinci, Üçüncü Ağalı kəndlərini əhatə edir. Qarabağda ilk dəfə həyata keçiriləcək “Ağıllı kənd” layihəsinin icrası 5 komponent üzrə aparılırdı. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi evin tikintisi nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev Zəngilan səfəri zamanı bu ilin sonuna qədər layihənin tam başa çatacağını demişdi. Dövlət başçısı bildirmişdi ki, insanların öz torpaqlarına geri dönüşü üçün kompleks tədbirlər görülməlidir: “Bu yaxınlarda “Ağıllı kənd” layihəsi artıq gerçəkləşdirilib. Ağalı kəndində müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzlərinin inşasını, turizm infrastrukturunun formalaşmasını da nəzərə alsaq, mənzərə tam aydın olar. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “Ağıllı kənd”in hansı üstünlüklərə malik olduğunu göstərir. 1920-ci ilin noyabrında sovet hakimiyyətinin qərarı ilə heç bir əsas olmadan tarixi diyarımız Qərbi Zəngəzur Azərbaycandan ayrıldı və Ermənistana verildi. Bu, xalqımıza qarşı növbəti düşmənçilik və ədalətsizlik idi. İndiki Ermənistan ərazisində olan Qərbi Zəngəzurun bütün toponimləri, bütün kəndlərin milli tərkibi Azərbaycan xalqına məxsus idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən dərhal sonra həmin torpaqlarda bərpa və yenidənqurma işlərinə başlanıldı. Uzun bir müddət idi ki, ermənilər Zəngilanı boşaltmaq istəmirdilər, hətta burada məskunlaşdırma siyasəti həyata keçirirdilər. Azərbaycan Ordusu cənab Prezidentin rəhbərliyi ilə bu torpaqları tez bir zamanda işğaldan azad etdi. Ümumiyyətlə, müharibə dövründə Zəngilanın işğaldan azad olunması prioritet məsələlərdən biri idi. Çünki bu bölgənin həm iqtisadi, həm siyasi, həm də strateji baxımdan böyük əhəmiyyəti var. Zəngilanın işğaldan azad olunması ilə İranla sərhəddə 132 km-lik ərazi tam şəkildə Azərbaycanın nəzarətinə keçdi. Bu isə sonrakı mərhələdə də bizim digər torpaqlarımızın azad olunmasına öz ciddi və müsbət təsirini birmənalı olaraq göstərdi və Azərbaycan tezliklə işğal altında olan digər torpaqlarımızı azad etməyə nail oldu. Zəngilan iqtisadi və siyasi cəhətdən böyük əhəmiyyətə malik, bu füsunkar məkanın yeni dövranı başlayır. Cənab Prezident İlham Əliyev öz çıxışında vurğulayıb ki, hal-hazırda Zəngilanda quruculuq işləri aparılır. Bu bölgədə hava limanı inşa olunur. Bir xarici şirkət müsabiqədə qalib gəldi yaxın aylarda baş plan təqdim ediləcək. Bütün bu təbii gözəllik nəzərə alınaraq müasir, çox gözəl bir şəhər qurulacaq, həmçinin də kəndlər. Siz də bilirsiniz ki, azad edilmiş bütün torpaqlarda birinci “Ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirildi. Azad edilmiş ərazilərin təbii iqlimi və coğrafiyası elədir ki, burada heyvandarlıqla çox geniş miqyaslda məşğul olmaq olar, xüsusilə Laçın, Kəlbəcər, o cümlədən Qubadlı, Zəngilan rayonlarında. Həmçinin Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl və eyni zamanda, Zəngilan, Qubadlı rayonlarında əkinçiliklə məşğul olmaq üçün təbii şərait kifayət qədər əlverişlidir. Dövlət başçımızın qeyd etdiyi kimi, azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan rayonunda yaradılır. Bir müddət əvvəl dövlət başçısı göstəriş vermişdi ki, keçmiş məcburi köçkünlər Ağalı kəndinə qayıdan zaman artıq orada işlə məşğul olmaq üçün imkanlar olsun. Bu isə o deməkdir ki, həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə insanlar çalışacaqlar. Cənab Prezident İlham Əliyev bildirib ki, bərpa olunmuş Zəngilan rayonunun “Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan bizim planlarımızı görə bilər. Hər kəs görəcək ki, işlərimiz planlı şəkildə aparılaraq insanların təhlükəsiz, rahat yaşayışını təmin edəcəyik. May ayının 27-də, Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışı zamanı möhtərəm cənab Prezidentin söylədiyi nitq Azərbaycanın gələcək strategiyasının yol xəritəsidir. Həmin çıxışda mövcud reallıqlar, dövlətimizin gücü və əsl müstəqilliyin mahiyyəti haqda geniş bəhs olundu. Həqiqətən də Ulu Öndər Heydər Əliyevin dövründən təməli qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən məharətlə davam etdirilən düzgün və məqsədyönlü siyasət ilbəil öz bəhrəsini verməkdədir. 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə də məhz məlum strategiyanın nəticəsidir. Rövşən Qasımov, YAP Gədəbəy rayon təşkilatının əməkdaşı aia.az Geri dön |