Ana Sayfa > Şou-biznes > “Ustadımla bir münsif kürsüsündə əyləşmək başqa bir xoşbəxtlikdir...”

“Ustadımla bir münsif kürsüsündə əyləşmək başqa bir xoşbəxtlikdir...”


31-05-2022, 13:50. Yazar: sevinc1
“Ustadımla bir münsif kürsüsündə əyləşmək başqa bir xoşbəxtlikdir...”

"Xanəndəlik elə bir sənətdir ki, burada yalnız güclülər qalır. Bu bütün dövrlərdə belə olub. Bizim dövrdə də kimlər sənəti ilə daha yaxından, dərindən məşğul olurdularsa onlar sənətdə qaldılar. Bu gün də elə olacaq. Çünki muğam ağır janrdır, hamı baş çıxara bilmir. Hazırda Muğam müsabiqəsində münsif kürsüsündə əyləşirəm. Xanəndələri dinləyirik, nəzərdən keçiririk. Kimlər güclüdürsə, kimlər layiqdirsə ələnib, ələnib qalacaqlar. Klassik Azərbaycan musiqisi, muğamı ilə daha ciddi məşğul olan qazanacaq. Buna görə də onlar əziyyət çəkib, muğamımızı yaşatsınlar".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Nəzakət Teymurova deyib. O daha sonra əlavə edib.

"Xoşbəxt bir ifaçıyam ki, ustadımla bir müsabiqədə jüri heyətindəyəm. Bu başqa bir xoşbəxtlikdir. Allah Arif müəllimə sağlam ömür versin. Görün o bu sənəti necə sevirsə xəstə-xəstə olsa da münsiflər heyətində oturmaqda imtina etmədi. Bu o deməkdir ki, Arif müəllimin gənc xanəndələrlə bağlı missiyası hələ bitməyib. Gənc nəslin yetişməsində onun əməyi, çabaları danılmazdır. Neçə-neçə tələbələr yetişdirib, bu günki gündə də var. Biz çalışmışıq ki, Azərbaycanın klassik muğamları hər zaman yaşasın" deyə xanəndə bildirib.

Nəzakət Teymurova Ağdamla bağlı arzularını da dilə gətirib.

"Əlbəttə ki, istərdim Ağdamda, ata yurdumda bir evim olsun. İnşallah bu bizə qismət olar. Allah deyən olsun! Ağdamın mərkəzini bərpa edirlər, inşallah yəqin ki, kəndlərinə də növbə gəlib çatar. Ən əsası odur ki, şəhərimiz, kəndlərimiz mənfur düşmən tərəfindən dağıdılsa da bizdədir, özümüzdədir. Ömrümüzün axırına qədər dövlət başımıza, şəhidlərimizə, qazilərimizə borcluyuq, minnətdarıq. İnşallah tezliklə bütün işğaldan azad olunmuş torpaqlarımız bərpa olunar" deyə sənətkar xanım deyib.
Geri dön