Ana Sayfa > Media > Gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər
Gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər31-05-2022, 11:35. Yazar: sevinc1 |
"Mən çox şadam ki, gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. Mən bunu alqışlayıram". Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirib. Prezident İlham Əliyevin cari ilin 27 may tarixində Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin açılışında iştirak edib. Cənab İlham Əliyev Zəngilan rayonuna əvvəlki səfərləri zamanı Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoymuşdu. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasına başlanıldı. Layihə Zəngilanın Birinci, İkinci, Üçüncü Ağalı kəndlərini əhatə edir. Qarabağda ilk dəfə həyata keçiriləcək “Ağıllı kənd” layihəsinin icrası 5 komponent üzrə aparılırdı. Bunlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir. Ərazidə ilk olaraq tam izolyasiya olunmuş və innovativ tikinti materiallarından istifadə edilməklə 200 fərdi evin tikintisi nəzərdə tutulmuşdu. Prezident İlham Əliyev Zəngilan səfəri zamanı bu ilin sonuna qədər layihənin tam başa çatacağını demişdi. Dövlət başçısı bildirmişdi ki, insanların öz torpaqlarına geri dönüşü üçün kompleks tədbirlər görülməlidir: “Bu yaxınlarda “Ağıllı kənd” layihəsi artıq gerçəkləşdirilib. Ağalı kəndində müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzlərinin inşasını, turizm infrastrukturunun formalaşmasını da nəzərə alsaq, mənzərə tam aydın olar. Bütün yaşayış evlərinin, sosial obyektlərin, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi “Ağıllı kənd”in hansı üstünlüklərə malik olduğunu göstərir. Prezident İlham Əliyev Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə bildirib. "İkinci Qarabağ müharibəsi başa çatandan sonra mən göstəriş vermişdim ki, keçmiş məcburi köçkünlər arasında sorğu keçirilsin, kim qayıtmaq istəyir, kim qayıtmaq istəmir. Çünki bilirsiniz, həyat elə şeydir ki, hər şey ola bilər. 30 il, 27 il böyük bir zaman kəsiyi idi. Məsələn, Zəngilan 27 il işğal altında idi, digər şəhər və rayonlarımız da bir qədər çox, bir qədər az. Elə insanlar var ki, artıq onlar həyat qurublar, haradasa işləyirlər, həyatdan da razıdırlar və heç yerə getmək istəmirlər, şəhərdə yaşayırlar, Bakıda, Sumqayıtda. İndi böyük şəhərdən kiçik şəhərə, kəndə qayıtmaq o qədər də asan məsələ deyil. Bunu hər kəs anlamalıdır. Prezident İlham Əliyevin sözlərinə görə, nəzərə alsaq ki, qayıdış da könüllü olmalıdır və biz elə şərait yaratmalıyıq ki, hər kəs qayıtmaq istəsin: "Ona görə dedim ki, sorğu keçirək və nəticələrinə baxaq. Çünki biz indi böyük işlərə start veririk, yaşayış evləri, məktəblər, xəstəxanalar – bütün bunlar hesablanmalıdır nə qədər adam yaşayacaq. Çünki böyük məsrəfdir. Mənə məlumat verildi ki, məcburi köçkünlərin mütləq əksəriyyəti qayıtmaq istəyir. Bu, məni çox sevindirdi. Mən belə də təxmin edirdim. Bu, bir daha göstərdi ki, xalqımız öz ulu babalarının yurduna nə qədər bağlıdır. Hətta Zəngilanı görməyənlər Zəngilanda yaşamaq istəyirlər. Necə ki, Vətən müharibəsində Qarabağı heç vaxt görməyənlər Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə də getmişdilər. Üç minə yaxın şəhidimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Ancaq hər kəs bilməlidir ki, bu, asan məsələ deyil. Azad edilmiş ərazilərin miqyası dörd Lüksemburq ölkəsi qədərdir, bir Livan ölkəsinə bərabərdir, yəni, təsəvvür edin, nə qədər böyük iş nəzərdə tutulur. Onu da hamımız bilməliyik ki, minatəmizləmə işi hələ də davam edir və əlbəttə ki, burada hər şey, bütün ərazilər minalardan təmizlənib. Əlbəttə, burada yaşayacaq insanlar bunu nəzərə almalıdırlar ki, ancaq minalardan təmizlənmiş ərazilərə gedə bilərlər. Çünki bu təhlükə hələ də var, ermənilər həm işğal zamanı, həm də müharibədən sonra torpağımızdan çıxmaq üçün onlara vaxt verildiyi zaman yenə də bu çirkin əməllərə əl ataraq bir çox minalar basdırmışlar. Erməni vandalları tərəfindən dağıdılmış şəhər və kəndlərimizdə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bərpa, yenidənqurma və quruculuq işlərinin aparılması, öz doğma yurdlarına qayıdacaq vətəndaşlarımızın yaşayışı yüksək səviyyədə təmin ediləcəkdir. Qarabağ nəinki Azərbaycanın, dünyanın ən gözəl məkanlarından birinə çevriləcəkdir. Prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev “Ağıllı kənd”in açılışındakı çıxışında vurğulayıb ki, gənclər də öz dədə-baba yurduna qayıtmağa çox həvəslidirlər. İnsanların qayıdışı üçün şərait olmalıdır. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, bütün qalan yerlər də bərpa ediləcək. Beləliklə, fəxrlə deyə bilərik ki, müzəffər Azərbaycan Ordusu tərəfindən 30 illik erməni işğalından azad olunan şəhər və kəndlərimizə yenidən həyat qayıdır və az müddətdən sonra keçmiş məcburi köçkünlər öz doğma yurdlarına geri dönəcəklər. Anar Məmmədov, YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı aia.az Geri dön |