Ana Sayfa > Karusel / Təhsil > Kafedra müdirindən etiraz: “Dərs yükünün azı 500 saat olması səhvdir, dərsin keyfiyyətinə mənfi təsir edir”

Kafedra müdirindən etiraz: “Dərs yükünün azı 500 saat olması səhvdir, dərsin keyfiyyətinə mənfi təsir edir”


30-05-2022, 13:39. Yazar: admen
Kafedra müdirindən etiraz: “Dərs yükünün azı 500 saat olması səhvdir, dərsin keyfiyyətinə mənfi təsir edir”

“Azərbaycanda universitetlərdə tədris yükünün bölgüsü yanlış aparılır və bu, tədrisin keyfiyyətinə təsir edir. Universitetlərdə professor və müəllim üçün dərs yükünün azı 500 saat olması ifadəsi, mənə görə, xətalıdır. Onlar bunu öz maliyyə yüklərini azaltmaq məqsədilə edirlər, lakin bu, dərsin keyfiyyətinə mənfi təsir edir”.

Oxu.Az xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən Bakı Mühəndislik Universitetinin kafedra müdiri Şəhriyar Muxtarov deyib.

O bildirib ki, dərs yükünün bölgüsü 2010-cu ildə qəbul edilən “Təhsil Haqqında” sənədə əsasən 500 saat müəyyənləşdirilib:

“Həmin sənəddə qeyd edilir ki, universitetdə professor və müəllim heyətinin dərs yükü azı 500 saatdan, bu saatların 60 saatı auditoriya saatından (aktiv saat) ibarətdir. Dərs yükünün azı 500 saat olması ifadəsi bir müəllim kimi, mənə görə, xətalıdır. Çünki universitet rəhbərlikləri bunu minimum qəbul edərək daha yüksək saatlar təyin edirlər. Bu gün çox nadir hallarda universitetdə müəllimin dərs yükünün 500 saat olduğunu görmək olar. Müəllimin dərs yükünün 550, 600, hətta 700 saat olduğu universitetlər tanıyıram. Buna qətiyyən ehtiyac olmadığını düşünürəm.

Mən düşünürəm ki, bunu öz maliyyə yüklərini azaltmaq məqsədilə edirlər və bu, dərsin keyfiyyətinə mənfi təsir edir”.

Kafedra müdiri əlavə edib ki, universitetdə 500 saat ştat yükü təyin edildiyinə görə müəllim əməkhaqqı almaq üçün bu dərs yükünü tamamlamalıdır:

“Hətta Əmək Məcəlləsində həftəlik iş yükü maksimum 40 saat göstərilib. İşəgötürən işçisini bu saatdan daha az işlədə bilər. Tədrisdə isə bu 500 saat minumum olaraq göstərilib deyə onlar daha çox da təyin edirlər. Bu, səhvdir. Avropa universitetində dosentin illik tədris yükü maksimum 280 saat göstərilib, universitet ona 100 saat da verə bilər”.

Könül Cəfərli


Geri dön