Ana Sayfa > Karusel / Təhsil > SDU-da prokurorluq orqanlarının nümayəndələri ilə görüş keçirildi

SDU-da prokurorluq orqanlarının nümayəndələri ilə görüş keçirildi


25-05-2022, 09:07. Yazar: admen
SDU-da prokurorluq orqanlarının nümayəndələri ilə görüş  keçirildi

AİA.Az xəbər verir ki, mayın 24-də Sumqayıt Dövlət Universitetində “Azərbaycan Respublikasında prokurorluq orqanlarının fəaliyyəti” mövzusunda tədbir keçirildi.

Böyük Akt zalında baş tutan görüşdə Sumqayıt şəhərinin prokuroru Müqəddəs Sultanov, prokurorun böyük köməkçiləri Elviz Salayev, Ramiz Ağazadə və universitetin müəllim-tələbə heyəti iştirak edirdi.

Öncə rektor professor Elxan Hüseynov və Sumqayıt şəhərinin prokuroru Müqəddəs Sultanov ümummilli lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər.

Prokuror Müqəddəs Sultanov Ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi xarici ölkələrə səfərlərini, nüfuzlu dövlət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillərə, Ulu öndərə həsr olunmuş kitablara baxış keçirdi. Mərkəzin xatirə kitabında ürək sözlərini qeyd etdi.

Tədbiri giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov açaraq iştirakçıları salamladı və güc strukturlarının SDU-da tələbələrlə görüşünü yüksək qiymətləndirdi. Bildirdi ki, insan hüquq və azadlıqlarının təmini müasir dünyada demokratik inkişafın ayrılmaz hissəsinə, bəşəriyyətin mənəvi-hüquqi və siyasi ideyalarının ali təzahürünə çevrilməklə, vətəndaş cəmiyyətinin yetkinliyinin başlıca meyarı sayılır. Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər müəyyən dərəcədə qanunçuluğun  təminindən, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən və ədalət mühakiməsinin beynəlxalq tələblərə tam uyğunlaşdırılmasından asılıdır.Beləki, ictimai-siyasi həyatın bütün sahələri üzrə dövlətin hüquqi bazasının möhkəm təməllər üzərində qurulması, ictimai ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın ən başlıca təminatlarından biridir. Rektor onu da vurğuladı ki, bu gün Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları onun layiqli davamçısı–Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir.
Rektorun çıxışından sonra Sumqayıt şəhərinin prokuroru Müqəddəs Sultanov professor-müəllim və tələbə heyətini salamladı, Azərbaycan prokurorluğunun yaranması və inkişafı yolundan danışdı. Bildirdi ki, öz dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və mükəmməl idarəçilik təcrübəsi sayəsində müasir dünyanın sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilmişdir. Prokuror Müqəddəs Sultanov onu da vurğuladı ki, mürəkkəb bir inkişaf yolu keçən Azərbaycanın milli prokurorluq orqanları yalnız ölkəmiz öz dövlət müstəqilliyini qazandıqdan sonra Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə həyata keçirilən möhtəşəm və hərtərəfli islahatlar nəticəsində tamamilə yenidən quruldu, normal fəaliyyəti üçün mütərəqqi normativ-hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil təsisata çevrildi. 

Prokuror Müqəddəs Sultanov üzünü gənclərə tutaraq bildirdi ki, hazırda Azərbaycan gəncliyi ölkəmizdə aparılan davamlı islahatların əsas kadr bazası kimi çıxış edir. Dövlət rəhbəri gəncləri müxtəlif yüksək dövlət vəzifələrinə irəli çəkir, onlara böyük etimad göstərir. Gənclərin simasında idarəetmə sistemi zamanın çağırışlarına uyğun dəyişir, ölkə həyatına mütərəqqi meyillər daxil olur. Azərbaycan gəncliyi öz bilik və bacarıqları ilə ölkəmizdə aparılan inkişaf proseslərinə töhfə verir.

Sonda Sumqayıt şəhərinin prokuroru Müqəddəs Sultanov professor-müəllim və tələbə heyətini maraqlandıran sualları cavablandırdı.
Geri dön