Ana Sayfa > Gündəm > AMEA “copypast”lə zəngin olan alimlərə qarşı nə vaxt mübarizə aparacaq?
AMEA “copypast”lə zəngin olan alimlərə qarşı nə vaxt mübarizə aparacaq?17-05-2016, 11:32. Yazar: admin |
Aia.az Faktinfo.az-a istinadən xəbər verir ki, Bu gün çoxlarına məlumdur ki, necə bilikli, savadlı insanlar var, alimlik dərəcəsi ala bilmirlər. İllərlə Milli Elmlər Akademiyasının yollarında, institutlarında süründürülür. Nəyə görə? Axı kənardan izləyən hər bir normal vətəndaş bilir ki, savadlı insan, biliyinə güvənən alim rüşvət verməz. Buna görə də bilik səviyyəsi güclü olan çox alimlərimiz “alim” adını ala bilmir. Lakin təzada baxın ki, çoxlarının biliyinə şübhə etdiyi, açıq-aşkar hətta “primitiv savadı olan biridir” deyə münasibət bildirdiyi insan alimlik dərəcəsi ala bilir. Bir neçə il əvvəl Milli Elmlər Akademiyasının müxbir üzvü, Coğrafiya İnstitutunun rektoru Ramiz Məmmədov mətbuata açıqladı ki, məmurların elmi ad alması dayandırılıb. Amma digər fikir səslənmədi ki, bundan əvvəl minlərlə şəxs elmi ada layiq olmadıqları halda alimlik dərəcəsi alıb. AMEA-nın rəyasət heyətinin saxtakarlıqla alimlik dərəcəsi almış, “oğurluqlarla”, kənarının-köşəsinin düzəldildiyi tərcümələrlə, sifariş verib, yazdırılmış elmi işlərlə alimlik dərəcəsi alan bu saxtakarlar haqqında ölçü götürməsinin vaxtı deyilmi? Hazırki şəraitdə mətbuat yeganə sahədir ki, özünə tənqidi yanaşır, lakin elm adlandırdığımız, cəmiyyətin özəyini təşkil edən sahənin nümayəndələri hər keçən gün saxtakarlıqlarını bir qədər də artırırlar. Məgər Azərbaycan Milli Elmlər Akademiyasında bilmirlər ki, hansı “alimlər” kimlərin əsərlərini “copypast” etməklə, Azərbaycan ictimaiyyətinə sırınıblar? Nədən Milli Elmlər Akademiyasının yüksək eşalonunda yer alan şəxslər zamanla saxta alimlik dərəcəsini alıb, müxtəlif postları zəbt edən şəxslərə qarşı kəskin fikir səsləndirmirlər? Bilmirlərmi ki, əvvəl-axır onlar araşdırılıb tapılacaq və ictimaiyyətə məlumat veriləcək. Onsuz da həmin şəxslərin alimlik dərəcəsini necə almalarını ictimaiyyət bilir. Əgər bu gün məmurlar elmlər namizədi, fəlsəfə doktoru, professor elmi adlarını daşıyırlarsa, bu dövrün problemi kimi qabardılıb, ictimaiyyətə çatdırılmalıdır. Necə ki, hazırda saxta diplomlu şəxslərə qarşı mübarizə aparılır. Təbii ki, burada elmə töhfə vermiş şəxslərin fəaliyyətlərinə kölgə salmaqdan söhbət getməməlidir. Sadəcə məsələ ondan ibarət olmalıdır ki, müdafiə etdiyi elmi işdən anlayışı belə olmayan şəxslərdən elmi adlar alınmalıdır. Məgər Azərbaycan ictimaiyyəti bilmir ki, 50-60 min manata alimlik dərəcəsi alan nə qədər “hörmətli” şəxs var? Bu haradasa yüzə-yüz şübhə doğuran bir məsələ deyilmi? Alimlik dərəcəsindən söz salanda, belə şəxslərin işlərinə təkrar baxıla biləcəyi ilə bağlı qanunlara dəyişiklik də nəzərdə tutulmalıdır. Axı elmdən, ona verilən töhfədən söhbət gedirsə, təsadüfən alimlik dərəcəsi alan insanların tapılaraq ifşa olunmasından da söhbət getməlidir. Onda həqiqi elmi ada layiq görülmüş alimlər də yeni bir dönəmin başlanğıcının fərqinə varıb, işlərində dönüş yaradarlar. Geri dön |