Ana Sayfa > Seçki 2024 > Azərbaycan və Litva arasında qarşılıqlı əməkdaşlıq yüksələn xətlə inkişaf edir.

Azərbaycan və Litva arasında qarşılıqlı əməkdaşlıq yüksələn xətlə inkişaf edir.


23-05-2022, 10:14. Yazar: admen
Azərbaycan və Litva arasında qarşılıqlı  əməkdaşlıq  yüksələn xətlə inkişaf edir.

Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi müstəqil xarici siyasət həyata keçirən Azərbaycan dünyanın aparıcı güc mərkəzləri və əksər dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx tərəfdaşlıq münasibətləri qurub.

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın dünyanın ayrı-ayrı qütblərində yerləşən çoxlu sayda dövlətlərlə mövcud olan əlaqələri daha da genişlənməkdədir. Rəsmi Bakı diplomatik əlaqələrdən başlamış dərin siyasi, iqtisadi-ticari, humanitar-mədəni münasibətlərə qədər bir çox ölkələrlə əməkdaşlıq edir. Onlardan biri də Litva Respublikasıdır.

Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumunun keçirilməsi bir daha sübut edir ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir. 56 ölkədən 300 nəfərədək nümayəndə, nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlərin qatıldığı “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumun açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur. Həmçinin Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev forumda çıxışı zamanı uzun illər Litva ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirib: “Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir”.

Litvalı həmkarı ilə bir çox məsələləri müzakirə etdiklərini bildirən dövlətimizin başçısı deyib: “Əlbəttə ki, biz məmnuniyyətlə ölkələrimiz arasındakı güclü siyasi əlaqələri, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoqu vurğuladıq. İki il öncə cənab Prezident ilə videokonfrans vasitəsilə danışmaq imkanımız olub, çox konstruktiv və məhsuldar müzakirələr aparılıb. İndi də canlı olaraq ikitərəfli gündəliyə dair çoxlu vacib məsələlər haqqında danışmaq imkanımız oldu”.

Yeri gəlmişkən, bu görüşlər vahid mövqedən çıxış edən Litva və Azərbaycan Respublikaları arasında qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində mühüm rol oynayır.

Azərbaycan-Litva biznes-forumunun sonunda iki ölkə arasında “Beynəlxalq yol nəqliyyatı Sazişi”, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Sazişi”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Litva Respublikasının Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası arasında Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Litva İnnovasiya Agentliyi arasında Əməkdaşlıq Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Memorandumu” və “Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Litva Respublikası Sənayeçilər Konfederasiyası arasında Əməkdaşlıq Müqaviləsi”nə dair sənədlər imzalandı.

Beləliklə, Azərbaycan-Litva V Qlobal Bakı Forumunun keçirilməsi, imzalanan sənədlər vahid mövqedən çıxış edən Litva və Azərbaycan Respublikaları arasında inkişafa impuls yaradacaq və qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində mühüm rol oynayacaqdır.

Savalan Məhərrəmov,
YAP Göygöl rayon təşkilatı üzrə Göyçəkənd
kənd ərazi partiya təşkilatının sədr müavini

Geri dön