Ana Sayfa > Media > Azərbaycan və Litva birgə əməkdaşlıq və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində mühüm addımlar atmaqda davam edirlər.
Azərbaycan və Litva birgə əməkdaşlıq və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində mühüm addımlar atmaqda davam edirlər.20-05-2022, 16:09. Yazar: admen |
Məlum olduğu kimi, mayın 18-də Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri, Prezident İlham Əliyevlə keçirilən təkbətək və geniş tərkibdə görüş, dövlət başçılarının mətbuata birgə bəyanatları, həmçinin Azərbaycan-Litva biznes-forumunda müzakirə edilən məsələlər mövcud tərəfdaşlığı daha da gücləndirmək üçün real zəmin formalaşdırdı. 1991-ci ildə SSRİ-nin dağılması nəticəsində suverenlik əldə edən ölkələr müstəqil xarici siyasət yeritmək və ikitərəfli əlaqələri inkişaf etdirməyi əsas prioritetlərdən biri kimi qəbul etmişlər. Elə Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Litvadır. 1991-ci il dekabrın 20-də müstəqilliyimizi tanıyan Litva ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci ilin dekabr ayında qurulub və 2007-ci il aprelin 3-də Litvanın Azərbaycanda, sentyabrın 6-da isə Azərbaycanın Litvada səfirliyi açılıb. Qeyd edək ki, hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, öz aralarında yüksəksəviyyəli dialoq və əməkdaşlıq qurub, hazırda bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər. Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq mövcuddur. Həmçinin Azərbaycan Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir. İki ölkə arasında indiyədək 45-dən çox sənəd imzalanıb. Onların ən mühümü isə 2007-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq üzrə Birgə Bəyanatdır. Bu sənəd Prezident İlham Əliyevin söylədiyi kimi əməkdaşlığın mahiyyətini əks etdirməklə yanaşı, münasibətlərə yeni impuls verən hüquqi bazaya çevrilib. Yeri gəlmişkən, mayın 18-də keçirilən Azərbaycan-Litva biznes-forumunun sonunda isə iki ölkə arasında yeni 6 sənəd imzalandı. Litva Prezidenti Gitanas Nausedanın ölkəmizə səfəri təbii ki, iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafına əlavə təkan verəcək. Buraya bizneslə yanaşı, ictimai həyatın müxtəlif sahələri də daxildir. Əlbəttə, regional təhlükəsizlik və Avropa İttifaqı ilə münasibətlər mühüm əhəmiyyət kəsb edən məsələlər sırasındadır. Azərbaycan-Avropa İttifaqı ələqələrini dəyərləndirən İlham Əliyev bir daha vurğuladı ki, litvalı həmkarı ilə keçirilən görüşlərdə ölkəmizlə Aİ arasında imzalanacaq yeni saziş üzrə danışıqların yekunlaşdırılması perspektivləri, enerji, nəqliyyat təhlükəsizliyi məsələləri, ticarət münasibətləri müzakirə edilib. Gitanas Nauseda isə Litvanın Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlığın tərəfdarı olduğunu vurğulayaraq qeyd etdi ki, Azərbaycan Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" platforması kontekstində çox önəmli ölkədir və strateji enerji tərəfdaşıdır. Litva Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə irəliləyişi dəstəkləməkdə davam edir. Bu, bir reallıqdır ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdəbiridir. Təbii ki, bu da Avropa İttifaqının Azərbaycan kimi əməkdaşlıqda maraqlı olduğunu göstərir. Azərbaycan-Litva biznes-forumunda iki ölkənin müxtəlif sahələrdəki yeni əməkdaşlıq imkanları bir daha müzakirə edildi. Dövlət başçısı bəyan etdi ki, iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya və digər sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır. Azərbaycanda investorlar üçün əlverişli biznes mühitinin yaradıldığını xatırladan dövlət başçısı vurğuladı ki, xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox vacibdir və Azərbaycanın investisiya proqramlarının ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya qoyulurdusa, indi bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyalar yatırılır. Bu ilin əvvəlində xarici investorlar ilə 470 meqavat gücündə günəş və külək-elektrik stansiyaları tikmək üçün iki böyük müqavilə imzalanıb ki, bu da əlverişli investisiya mühitinin olmasının göstəricisidir. İlham Əliyev həmçinin müxtəlif sahələrdəki iqtisadi artımı da litvalı qonaqların diqqətinə çatdırdı. Ölkə iqtisadiyyatı postpandemiya dövründə 7,2 faiz, qeyri-neft sektoru 11,4 faiz, ixrac 85 faiz, qeyri-neft ixracı isə 40 faizə yaxın artıb. Ölkədə işsizlik səviyyəsi 5-6 faizə qədər azalıb. Bütün bunlar isə ölkənin dayanıqlı inkişafını göstərir. İki ölkə arasında müzakirə olunan məsələlərdən biri də nəqliyyat sektorunda əməkdaşlıq olub. İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan nəqliyyat şəbəkəsinin şaxələndirilmiş zəncirini yaradıb. Coğrafi yerləşmənin üstünlüklərindən faydalanaraq Azərbaycan müasir infrastruktur - dəniz limanı, dəmir yolu bağlantıları, bir neçə beynəlxalq hava limanı, avtomobil yolları yaradıb. Açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan önəmli nəqliyyat mərkəzinə çevrilib. Bütün bunlar isə Litva və Azərbaycandan olan biznes dairələrinin əməkdaşlığı və kommunikasiyanın ən yaxşı yollarının tapılması üçün də çox önəmli olacaq. Litva Prezidenti isə ölkəmizin son illərdə qazandığı uğurları dəyərləndirərək dedi ki, Azərbaycan çoxsaylı nailiyyətlərə imza atıb və həyata keçirilən iqtisadi siyasət Azərbaycanın qlobal iqtisadiyyatda oynadığı rolu daha da artıracaq. Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaq. Yaşıl iqtisadiyyat" və innovasiyalarla bağlı məqsədlər Azərbaycanın gələcək iqtisadi perspektivlərini və gücünü şərtləndirən əsas meyarlardır. Ən əsası, Gitanas Nausedanın Azərbaycana səfəri bir daha göstərdi ki, iki ölkə arasında tərəfdaşlıq qarşılıqlı hörmət və dostluq üzərində qurulub, keçirilən tədbirlər, aparılan müzakirələr əlaqələrin daha da möhkəmlənməsinə və genişlənməsinə stimul verəcək. Bununla yanaşı, "Şərq Tərəfdaşlığı" təşəbbüsü, hökumətlər arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya əlaqələrin genişlənməsində, müxtəlif sahələrdə layihələrin həyata keçirilməsində səmərəli platformalardır. Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetləri Litva ilə tərəfdaşlığın inkişafına şərait yaradır. Belə ki, "yaşıl iqtisadiyyat"ın genişləndirilməsi və işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətlərində əməkdaşlıq üçün böyük perspektivlər vardır. Vüqar İsayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Geri dön |