Ana Sayfa > Karusel / Media > Sülhməramlılar BU TARİXDƏ Qarabağdan tamamilə ÇIXARILACAQ
Sülhməramlılar BU TARİXDƏ Qarabağdan tamamilə ÇIXARILACAQ18-05-2022, 14:25. Yazar: sevinc1 |
"Ermənistan baş naziri ilə Rusiya prezidentinin görüşü əslində Ermənistanla Rusiya arasındakı mənəvi həmrəyliyin bir göstəricisidir və bu mənəvi həmrəylik təkcə Ermənistanla Rusiya arasında yox, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan bütün dövlətlər arasında yaşanır". aia.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib. O bildirib ki, Rusiya Ermənistana açıq dəstək versə Azərbaycanla yanaşı Türkiyə ilə də münasibətləri korlanacaq: "Məsələ ondan ibarətdir ki, bu mənəvi həmrəylik hələ gerçək dəstək demək deyil. Bu gün Qərblə mübarizədə KTMT-yə üzv olan dövlətlərin heç biri Rusiyaya hərbi yardım göstərmir və yaxud da gördüyünüz kimi, Rusiyanın opponentləri ilə münasibətləri qırmır və bu, mənəvi həmrəyliyin nümayişidir. Qarabağ məsələsinə bunun təsirinə gəldikdə isə, Rusiyanın regionda bu dəqiqə vəziyyəti həm də Türkiyə ilə münasibətlərdən asılıdır və Azərbaycanla da münasibətləri sabitdir. Sözsüz ki, Ermənistana hər hansı bir açıq dəstək Rusiyanın iki vacib tərəfdaşının Moskva ilə münasibətlərinin korlanmasına səbəb ola bilər. Bu, Rusiyaya lazım deyil. Düşünürəm ki, Ukrayna cəbhəsindəki vəziyyət ümumiyyətlə, gələcəkdə Azərbaycanın Qarabağ siyasətinə öz təsirini göstərəcək. Başqa sözlə, Rusiya əgər bu müharibədən nə qədər zəif çıxarsa, bu, Qarabağın Azərbaycanın tam tərkibinə qatılmasına daha sürətli təsir edəcək. Yəni biz görürük ki, Azərbaycan maksimal şəkildə daha tez müddətdə Ermənistana təzyiqlər edir ki, Ermənistan sənədi imzalasın, Qarabağdan iddialarını çəksin. Biz Azərbaycanın bu haqlı təzyiqlərini nəinki hər həftə, hər gün görürük: Prezidentin çıxışlarında, dövlət rəsmilərinin Ermənistan rəsmiləri ilə görüşlərində, Yəni biz bu gün Azərbaycan Respublikasının Qarabağ uğrundakı savaşını ən parlaq şəkildə müşahidə edirik. Ermənistanın bu təzyiqin qabağında dayanmağa heç bir potensialı yoxdur. Yeganə potensialın adı Rusiya sülhməramlı qüvvələridir. Rusiya sülhməramlı qüvvələrinə sözsüz ki, Qarabağın erməni əhalisinin subyektivliyi vacibdir. Qarabağda erməni əhalisi olmasa Rusiya sülhməramlılarının orada nə işi vardı?! Bu, birinci məsələ. O baxımdan deyə bilərəm ki, Qarabağda ermənilərin yaşaması Rusiyanın marağıdır. Ancaq burada gündən-günə güclənən bir Azərbaycan amili var və regionda Rusiya fonunda güclənən Türkiyə amili var. Rusiya xarici siyasəti üçün bütün bunları nəzərə almamaq mümkün deyil. Ona görə, burada söhbət hətta məsələnin həlli müddətindən gedir. Bir daha təkrarlayım ki, azərbaycanlıların Qarabağa qaytarılmasından sonra və həmin azərbaycanlıların orada Azərbaycan Respublikasının müxtəlif instansiyaları ilə təmin edilməsindən sonra, avtomatik olaraq Qarabağın ermənilərlə birlikdə Azərbaycanın tərkibində inteqrasiyası prosesi başlayır. Həmin anda da artıq Rusiya sülhməramlılarının orada qalması məsələsi gündən-günə öz aktuallığını itirir. İkinci məsələ isə, ondan ibarətdir ki, Rusiya bu müddəti uzatmaq istəyir. Bu müddəti uzatmağın bir yolu var: erməni icmasının subyektivliyini təmin etmək. Başqa sözlə, onlara danışıqlar prosesində bir mədəni muxtariyyat verməyə çalışmaq. Bu gün də Paşinyanın Putindən xahişi ondan ibarətdir ki, Qarabağ ermənilərinin subyektivliyinin təmin olunması məsələsində Rusiya onlara dəstək versin, amma Rusiya da dəstək verə bilmir. Ona görə dəstək verə bilmir ki, özü artıq Azərbaycanla və Türkiyə ilə münasibətləri pozacaq gücdə deyil. İstəyir, amma edə bilmir. Və məsələ ondan ibarətdir ki, Azərbaycanın haqlı tələbi qarşısında Rusiyanın hər hansı bir bəhanəsi yoxdur ki, Azərbaycandan həmin o mədəni muxtariyyəti və digər bir formada hər hansı bir subyektivliyi ermənilər üçün qopara bilsin, Azərbaycana bunu qəbul etdirə bilsin. Ona görə, Rusiya məsələlərdə aktiv müşahidəçilik edir. Ermənistanın bütün yalvarışlarını, Ermənistanın bütün xahişlərini iqnor edir. Və bir daha təkrar edim ki, bu prosesin həllinə Ukraynadakı müharibə birbaşa təsir edəcək. Ermənistan baş naziri bundan sonra gündə 10 dəfə Moskvaya gəlsə də, bununla nə Azərbaycan ordusu zəifləyəcək, nə Ermənistanın potensialı artacaq, nə Türkiyə zəifləyəcək, nə də Rusiya Azərbaycan və Türkiyə ilə münasibətləri pozmaq kimi meyllər formalaşacaq. Yenə xatırladım ki, bu gün Rusiya öz maraqlarından çıxış edir və Rusiyanın bugünkü vəziyyəti Ermənistanın maraqlarının xərclənməsinə işarədir. Yəni Rusiya Ermənistana görə Bakı və Ankara ilə münasibətləri pozmayacaq. Maksimum 2030-cu ilə qədər Rusiya sülhməramlı qüvvələri Azərbaycan ərazisindən çıxacaq. Ona görə ki, 2025-ci ildən sonra Qarabağa artıq azərbaycanlıların qayıdışı başlamalıdır. Söhbər sülhməramlı qüvvələrin müvəqqəti nəzarət zonasındakı Azərbaycan yaşayış məntəqələrindən gedir. Belə olduğu təqdirdə və Azərbaycanın qarşısına oradakı insanları təmin edəcək instansiyaların mövcudluğu artıq Qarabağ ermənilərinin də tədricən Azərbaycana inteqrasiyasına səbəb olacaq. Bu halda Rusiya sülhməramlıları təbii şəkildə oraları tərk edəcək. Deyərdim, bu gün Azərbaycanın çox aktiv şəkildə haqlı təzyiqini müşahidə edirik və Ermənistan artıq bu təzyiqin qarşısında tab gətirə bilmir. Elə Paşinyanın Moskvadakı ritorikası da (İkinci Qarabağ müharibəsində KTMT-nin Ermənistana dəstək verməkdən boyun qaçırması - red.), - Rusiya keçmiş baş naziri Viktor Çernomırdinin gözəl bir fikri var idi: "Yaxşısını istəyirdim, həmişəki kimi oldu". Paşinyan gəldi ki, nəsə bir rəğbət qazansın, daxili auditoriyası üçün nəsə bir reytinq qazansın, dedi ki, "KTMT Ermənistana kömək etmir", ancaq, bu, Rusiyada bir qıcıq yaratdı. Onun bu çıxışı Ermənistan dövlətinin naşükürlüyü kimi qəbul olundu. Bütün Rusiya mətbuatı Paşinyanın bu bəyanatını bir naşükürlük kimi qəbul etdi. Bunların özü də - Paşinyanın bu emosional çıxışları onun əksinə işləyir. O sarıdan deməzdim ki, müharibədən sonra Rusiya-Ermənistan münasibətləri daha da inkişaf edib. Əslində informasiya meydanında biz daha çox Ermənistanın ünvanına tənqid, inamsızlıq görürük və bunların da səbəblərindən biri Ermənistan rəhbərliyinin müntəzəm naşükür anti-Rusiya bəyanatlarıdır". aia.az Geri dön |