Ana Sayfa > Təhsil > SDU-da Xalq şairi Vahid Əzizlə görüş keçirildi

SDU-da Xalq şairi Vahid Əzizlə görüş keçirildi


17-05-2022, 17:25. Yazar: sevinc1
SDU-da Xalq şairi Vahid Əzizlə görüş keçirildi

Mayın 17-də Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinin təşkilatçılığı ilə Xalq şairi Vahid Əzizlə “Sözün sevgi kölgəsi” adlı görüş keçirildi.
Öncə SDU-nun rektoru professor Elxan Hüseynov Xalq şairi Vahid Əzizi və qonaqları qəbul etdi, onları tələbə və müəllim kollektivi adından salamlayaraq universitetdə görməkdən məmnun olduğunu bildirdi.

Sonra qonaqlar universitetin Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi xarici ölkələrə səfərlərini, nüfuzlu dövlət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillərə, Ulu öndərə həsr olunmuş kitablara baxış keçirdilər. Xalq şairi Vahid Əziz Mərkəzin xatirə kitabında ürək sözlərini qeyd etdi.

Görüş Böyük Akt zalında Muğam müsabiqəsinin laureatı, müğənni Gülzar Fərəcovanın ifasında Xalq şairi Vahid Əzizin sözlərinə bəstələnmiş “Bayatılar” musiqisinin sədaları altında başladı.

Tələbələrin ifasında “Mənə yüz il ömür arzulamayın” kompazisiyası böyük marağa səbəb oldu.

Çıxış üçün söz alan şair Sumqayıt Dövlət Universitetində olmaqdan məmnunluğunu ifadə etdi, tədbirin təşkil edilməsinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirdi və bu görüşün onda xoş təəssürat oyatdığını qeyd etdi. Bildirdi ki, tələbələrlə görüşmək və ünsiyyət qurmaq insana stimul verir. Gənc nəsli cəmiyyətə, gələcəyə daşıyan qüvvə kimi xarakterizə edən şair SDU tələbələrinin dil bilgiləri hesabına ölkəmizin mədəniyyəti və ədəbiyyatının dünyaya çatdırılması prosesinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi. Daha sonra şair dünya və Azərbaycan ədəbiyyatının inkişaf tarixindən, nəsr və poeziyanın fərqli xüsusiyyətlərindən bəhs etdi, şair yaradıcılığı və onun baxış bucağı haqqında fikirlərini tələbələrlə bölüşdü.
Görüşdə Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri professor Avtandil Məmmədov, professor Rafiq Yusifoğlu və baş müəllim İlahə Vəliyeva çıxış edərək qonaqları salamladılar, Xalq şairinin yaradıcılığının müxtəlif məqamlarından söz açdılar, onun Azərbaycan poeziyasında xüsusi yeri və mövqeyi olduğunu vurğuladılar.

Sonra Xalq şairi Vahid Əzizin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olundu.


Mansur Qədirov, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar pianoçu Könül Hüseynova çıxış edərək şairin həyat və yaradıcılığı, respublika Dövlət mükafatına təqdim edilmiş "Param-parça illər" kitabı haqqında tədbir iştirakçılarına geniş məlumat verdilər. Əslən Qərbi Zəngəzurun Dərələyəz mahalından olan, uşaqlıq və gənclik illərini daim Qarabağ ab-havası duyulan Tərtərdə keçirmiş Vahid Əziz hər zaman qəlbində doğma yurd, Qarabağ həsrətini, ağrı-acısını yaşatmışdır. Şair ötən illər boyu Qarabağla, Zəngəzurla bağlı həm nostalji-nisgilli, həm də nikbinliklə dolu yüzlərlə şeir yazmışdır. Onun son illərdəki poeziyası sanki Milli Ordumuzla birgə güclənmiş, Qələbəyə köklənmişdi. Ali Baş Komandanımız İlham Əliyevin müdrik rəhbərliyi, uğurlu strateji və taktiki tədbirləri ilə çox qısa müddətdə - 44 gün ərzində qazanılmış böyük Vətən Qələbəsinin nəhayətsiz sevincini, döyüşçülərimizin vətənpərvərlik nümunələrini, igidlik, qəhrəmanlıq əzmini, rəşadətini, şəhidlərimizin böyük Vətən sevgisini, ölməzlik ruhunu əks etdirir.
Sonra şair tələbələrin suallarını cavablandırdı, yaradıcılığı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirdi, öz şeirlərini oxudu.
Görüşdə tələbələr şairin şeirlərinə bəstələnmiş mahnıları ifa etdilər, şeirlərini səsləndirdilər.

Yekun olaraq universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək görüşün əhəmiyyətindən danışdı və bildirdi ki, belə görüşlər ədəbi mühitin inkişafına, gənclərin şeirə, bədii ədəbiyyata marağının artırılmasına, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına və yazıçılarla oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir. Vahid Əziz yaradıcılığının Azərbaycan poeziyasında xüsusi yer tutduğunu qeyd edən rektor görüşün baş tutmasında tələbələrin daha çox maraqlı olduğunu bildirdi. Qeyd etdi ki, Vahid Əziz özünəməxsus yaradıcılıq üslubuna, dəst-xəttə malik bir qələm sahibidir. Oxucular onun əsərlərini həvəslə, maraqla oxuyurlar. Onun poeziyasında vətənə, xalqa, torpağa bağlılıq, sevgi – məhəbbət, saf, təmiz hisslər üstünlük təşkil edir. O, xüsusilə mahnı yaradıcılığı sahəsində səmərəli fəaliyyət göstərir.

Sonda qonağa universitet adından hədiyyələr təqdim olundu, xatirə şəkilləri çəkdirildi.

aia.az
Geri dön