Ana Sayfa > Seçki 2024 > Asiman Həsənov: “Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında daha parlaq gələcəyə doğru inamla gedir”

Asiman Həsənov: “Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında daha parlaq gələcəyə doğru inamla gedir”


10-05-2022, 09:00. Yazar: sevinc1
Asiman Həsənov: “Azərbaycan Ulu Öndər Heydər Əliyev ideyaları işığında daha parlaq gələcəyə doğru inamla gedir”

1993-cü ilin yayında xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı təhlükəli vəziyyətdən çıxarmağa nail oldu. İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəsə nail olundu. Heydər Əliyev Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirmək imkanları əldə etdi. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırıldı. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycan rəhbəri həmişə öz sözü, öz çəkisi, öz sanbalı ilə seçilmişdir. Ümummilli lider Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Ulu öndər Heydər Əliyevin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.

Ulu öndər Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir. Böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də Heydər Əliyevin danılmaz xidmətləri olmuşdur.

Ümummilli liderimizin daxili siyasəti hüquqi dövlət quruculuğuna, Azərbaycanın hər bir vətəndaşının azad, sərbəst yaşamaq hüquqlarının təmin edilməsinə, xalqın həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdi. Bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi bu siyasətin prioritetləri idi.

Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Azərbaycan xalqının ümummilli lideri, müdrik rəhbər və dahi şəxsiyyətin əziz və işıqlı xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının milli lideri, zəmanənin böyük siyasi xadimdir. Heydər Əliyev hər zaman türklərin qəlbində yaşayacaq əfsanədir. Heydər Əliyev 1992-ci ildən başlayaraq türkdilli dövlətlər arasında iqtisadi, siyasi, ədəbi-mədəni əlaqələrin genişləndirilməsi və möhkəmləndirilməsi sahəsində gərgin fəaliyyət göstərmişdir. O, bütün türk dünyasının ən nüfuzlu şəxsiyyəti kimi şöhrət qazanmışdır. Məhz ona görədir ki, içtimai rəydə ulu öndər Heydər Əliyev türk dünyasının qüdrətli bir insanı, bütün türk dünyasında Atatürk kimi özünəməxsus yeri olan böyük rəhbər kimi ölməzlik qazanmışdır və ümummilli liderə olan sevgi daha da artmışdır.

Heydər Əliyev amili Azərbaycanda həyati əhəmiyyətə malik bütün dəyişikliklərdə mühüm və həlledici rol oynamışdır. Məmləkətimizdə gedən prosesləri diqqətindən qoymayaraq, parçalanma, qarşıdurma təhlükəsinin labüdlüyü anında xalqın, Vətənin imdadına yetişən ulu öndər dövlətçilik təcrübəsinin bütün variantlarından istifadə etməyə məcbur olmuşdur. Zəkasının ziyası ilə məmləkətimizi bürümüş zülməti yox edərək, aydınlığa çıxarmışdır. Ən əsası isə odur ki, Azərbaycanın müstəqillik yolu ilə inamla addımlaması, uğurlara zənginləşməsi Heydər Əliyevin şəxsiyyət bütövlüyünün, əqidəcə saflığının nəticəsi idi.

Azərbaycanın taleyüklü problemlərinin həllində, müqəddəs milli vəzifələrin uğurla həyata keçirilməsində, beynəlxalq ictimai rəydə, Vətənimizin daha böyük uğurlar qazanmasında xalqımızın böyük oğlu Heydər Əliyevin misilsiz xidmətləri təsdiqlənmiş və qəbul edilmişdir. İnamla demək olar ki, Heydər Əliyevin həyat və idarəetmə salnaməsi, siyasi peşəkarlığı və yenilməz iradəsi məhz bu vəzifələrin yerinə yetirilməsində başlıca təminat olmuşdur. Heç kəs yaddan çıxarmamalıdır ki, Azərbaycanın bölüşdürülməsi və daxili toqquşmalar, vətəndaş qarşıdurması və etnik toqquşmalar içərisində boğulmasını nəzərdə tutan məkrli planlar məhz Heydər Əliyev fonameni sayəsində aradan qalxmışdır.

Bu gün Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı Ulu Öndər Heydər Əliyevin siyasi varisi, Ölkə Prezidenti cənab İlham Əliyevin əlindədir. Bu gün məhz möhtərəm Prezidentimizin müdrik rəhbərliyi altında Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edərək, milli dövlət quruculuğu və idarəçiliyinin ən şərəfli mərhələsini yaşayır. Artıq neçə müddətdir ki, Azərbaycan bütün əhəmiyyətli regional-transmilli layihələrin ən arzuolunan iştirakçılarından birinə çevrilib. Vətən müharibəsində əldə olunmuş parlaq tarixi Qələbədən sonra isə ölkəmizin bu mövqeyləri daha da güclənib. Dövlət başçısının da öz çıxışlarında qeyd etdiyi kimi, bu gün Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. Yeddi ölkəni birləşdirən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz Ulu Öndər Heydər Əliyev ideyaları işığında müstəqil Azərbaycanımızın Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha yüksək zirvələr fəth edəcəyini görürük və buna qəlbən inanırıq!

Asiman Həsənov,
Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru

Geri dön