Ana Sayfa > Gündəm > Niyazi Nəcəfov:“Heydər Əliyev dühası Azərbaycan xalqını xaosun zülmətindən xilas etmiş sönməz nurdur”
Niyazi Nəcəfov:“Heydər Əliyev dühası Azərbaycan xalqını xaosun zülmətindən xilas etmiş sönməz nurdur”7-05-2022, 12:30. Yazar: sevinc1 |
Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, Azərbaycan xalqı isə öz xilaskar övladının sevgisini daim uca tutmuşdur. Məhz xalqına olan bu məhəbbəti ulu öndəri yenidən, ikinci dəfə Azərbaycanda ölkə rəhbərliyinə qaytarmışdır. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə də üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Həmin il xalqın təkidli tələbi ilə ölkədə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev bu addımı atmaqla Azərbaycan dövlətini real yox olmaq təhlükəsindən xilas etdi. Məhz həmin çətin anlarda xalq müdrik bir liderə, xalqı və dövləti bu çətin vəziyyətdən xilas edəcək uzaqgörən siyasətçiyə inanır, güvənirdi. 1993-cü ilin iyun ayında Ali Sovetin sədri seçilən Heydər Əliyev millət qarşısında çıxış edərək, mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Beləliklə, uzun sürən daxili çəkişmələrdən sonra, ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Heydər Əliyev uzaqgörənliyinin və müdrikliyinin növbəti göstəricisi Dağlıq Qarabağ müharibəsində atəşkəs istiqamətində danışıqlara başlaması oldu. Həmin dövrdə Azərbaycan ordusunun əks hücumlarından qorxuya düşən erməni tərəfi də danışıqlara getdi və 1994-cü ilin mayında Ermənistanla Azərbaycan arasında atəşkəs elan olundu. Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və həmin ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında, respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı. Həmin beynəlxalq neft sazişi Azərbaycanın sonrakı uğurlu inkişafında əsaslı rol oynadı. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın dövlət mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Beləliklə, ulu öndər Heydər Əliyevin yenilməz siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində qanunun aliliyi, insan haqlarının qorunması kimi demokratik prinsiplər bərqərar edildi. Bütün bunlar da Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında öz əksini tapdı. Ulu öndərin əsasını qoyduğu Milli qurtuluş fəlsəfəsi, sözün geniş mənasında, Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Ulu öndər çox böyük real təhlükələri qarşısına alaraq, xalqın və dövlətçiliyimizin qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə illərdən bəri davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin gündən ötən dövr ərzində ulu öndərimizin rəhbərliyi ilə ölkəmizdə möhtəşəm uğurlara imza atıldı, islahatlar həyata keçirildi, iqtisadi dirçəliş baş verdi, ordu gücləndirildi. Ulu öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da əhəmiyyətli dəyişikliklərin əsası qoyuldu. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Nəticədə iqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi. Azərbaycanın o zamankı məhdud imkanlarını nəzərə alan Heydər Əliyev iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib hesab edirdi. Ulu öndər neft və qaz hasilatının artımına ölkənin qarşıdakı iqtisadi və sosial çətinliklərinin aradan qaldırılmasında əsas vasitələrdən biri kimi baxırdı. Belə bir şəraitdə maliyyə vəsaitinin məhdudluğu xarici şirkətlərin və investorların cəlb olunmasını strateji zərurətə çevirmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından dərhal sonra xarici investorlarla neft müqavilələri üzrə fəal danışıqlara başlandı və çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri əldə edildi. Ümummilli lider müasir Azərbaycan Respublikasında aparılan bütün islahatların təşəbbüskarı və müəllifidir. Niyazi Nəcəfov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şirvan Şəhər Komitəsinin sədri Geri dön |