Ana Sayfa > Seçki 2024 > İkinci dünya müharibəsində faşizm üzərində qələbəyə Azərbaycan böyük töhfə vermişdir

İkinci dünya müharibəsində faşizm üzərində qələbəyə Azərbaycan böyük töhfə vermişdir


8-05-2022, 10:37. Yazar: admen
İkinci dünya müharibəsində faşizm üzərində qələbəyə Azərbaycan böyük töhfə vermişdir

22 iyun 1941-ci ildə Azərbaycan SSRİ-nin tərkibində alman-faşist işğalçıları ilə Böyük Vətən müharibəsinə qoşuldu. 1941-1945-ci illərdə faşist Almaniyası ilə mübarizədə 600 mindən çox azərbaycanlı iştirak edirdi. Alman komandanlığı Bakının neftinə xüsusilə fikir verirdi. Qafqaz uğrundakı döyüşlərdə almanların əsas hədəfi var idi –  Bakını və onun neft-qaz sənayesini nəzarətə götürmək.

Bakı və Cənubi Qafqaz Sovet İttifaqının iqtisadiyyatının əsas neft mənbəyi idi. SSRİ neftinin 80 faizi Azərbaycan SSR-də çıxarılırdı.
Ümumi əhalisi 3,4 milyon olan Azərbaycan SSR-dən 681 min nəfər cəbhəyə yollanmışdır ki, onlardan 10 mini qadın idi. Azərbaycandan çağırılan 300 min SSRİ vətəndaşı həlak olmuşdur. Cəbhə xətti üçün Azərbaycanda 15 min tibb işçisi, 750 rabitəçi, 3 min sürücü hazırlanmışdı. Müharibədə, həmçinin snayper Ziba Qəniyeva, zenitçi Almaz İbrahimova, partizan Aliyə Rüstəmbəyova, dəniz gəmisi kapitanı Şövkət Səlimova və başqa azərbaycanlı qadınlar da iştirak edirdi.

Azərbaycan SSR-də olan əsgərlər Brest qalası, Leninqrad, Moskva Stalinqrad, Qafqaz uğrunda döyüşlərdə iştirak etmiş, Kursk, Berlin uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmişlər. Onlar Ukraynada, Krım yarımadasında vuruşmuş, Qırmızı Ordunun tərkibində Pribaltikanı, Şərqi Avropanı azad etmişlər.

Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə, 5 piyada dəstələri yaradılmışdır. Qızıl Ordunun 8 diviziyasının çox hissəsini azərbaycanlılar təşkil edirdi.

Azərbaycan oğul və qızları da faşizmə qarşı döyüş cəbhələrində igidliklə vuruşmuşdular. Onlar fərdi və kütləvi igidliklər göstərmişdilər, 40 nəfər azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala uğrunda mərdliklə döyüşmüşdülər. 1941-ci ilin payızında Leninqrad (indi Sankt-Peterburq) səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq göstərmişdi. O, düşmənin ona qarşı döyüşən 6 təyyarəsindən ikisini məhv etmiş, 17 yara almasına baxmayaraq öz təyyarəsini salamat uçuş meydançasına endirmişdi. Lakin özü həlak olmuşdu. O, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü

1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda döyüşlərdə kiçik leytenant İsrafil Məmmədov misilsiz igidlik göstərərək azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdü.
Şimali Qafqazı faşistlərdən azad etmək uğrundakı döyüşlərdə Azərbaycan diviziyaları böyük rəşadət göstərmişdilər. 1942-ci ildə 402-ci diviziya Mozdok ətrafındakı yaşayış məntəqələrinin, 416-cı diviziya Şimali Qafqazın bir sıra yaşayış məntəqələrinin azad edilməsində fəal iştirak etmişdilər. Şimali Qafqaz uğrunda gedən döyüşlərdə göstərdikləri igidliyə görə Qafur Məmmədov və İdris Süleymanov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.

1942-ci ildə Stalinqrad (indi Volqoqrad) uğrunda döyüşlərdə azərbaycanlılar şücaətlə vuruşmuşdular. Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun tank alayı Stalinqrad döyüşlərində böyük mətanət göstərmişdilər. Stalinqrad uğrundakı döyüşlərdə göstərdiyi rəşadətə görə 1942-ci il dekabrın 22-də Həzi Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri adına Berezina çayını keçərək Pleşeni şəhərini, habelə 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. Bu barədə fərman onun ölümündən 47 il sonra 1991-ci ildə həyata keçirilmişdi. 1943-cü ildə Ukraynanın azad olunması uğrunda döyüşlərdə, xüsusən Dnepr çayını keçməkdə göstərdikləri misilsiz rəşadətə görə M.Məhərrəmov, M.Ələkbərov, Ə.Məmmədov, F.Səfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adını almışdılar.
Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz bilmədən fədakarlıqla çalışıb. Böyük Qələbəyə xüsusən neft Bakısının töhfəsi əvəzsizdir.    Müharibə başlamamışdan əvvəl Azərbaycan SSR neft sənayesinin - neft və neft məhsullarının əsas tədarükçüsü, neft sənayesindəki mütəxəssislərin hazırlanmasında və neft avadanlığı istehsalında lokomotiv idi. Müharibəyə baxmayaraq Bakı yanacaq və sürtkü təchizatında aparıcı idi. Müharibə illərində Azərbaycan neftçiləri bütün ölkənin yanacağının 80%-ni təşkil ediblər. Müharibənin ilk ilində 23,5 milyon ton neft göndərildi. Böyük Vətən müharibəsi dövründə hərbi ehtiyaclar üçün ümumilikdə 75 milyon ton neft göndərilib. Sovet İttifaqı marşalı Georgi Jukov yazırdı:

“Bakının neftçiləri Vətənini qorumaq, düşmən üzərində tez qələbə çalmaq üçün  cəbhəyə və ölkəyə lazım olan qədər yanacaq verdilər”.
II Dünya Müharibəsi dövründə Azərbaycan neftçiləri 160 dəfə o illərdə yüksək əmək qabiliyyətinin göstəricisi olan Dövlət Müdafiə Komitəsi, Ümumittifaq Həmkarlar İttifaqları Mərkəzi Şurasının və SSRİ-nin Neft sənayesi üzrə Xalq Komissarlığının keçici Qırmızı bayrağını almışdılar.
1945-ci il aprelin 28-də Sovet İttifaqı marşalı Fyodor Tolbuxin "Azərbaycan xalqına eşq olsun" adlı məqaləsində yazırdı:
“Qırmızı Ordu Azərbaycan xalqına və cəsur Bakı neftçilərinə çoxlu zəfərlər üçün, keyfiyyətli yanacağın vaxtında çatdırılmasına görə borcludur. Stalinqrad yaxınlığında, Donda və Donbasda, Dnepr və Dnestr sahillərində, Belqradda, Budapeşt və Vyana yaxınlığında vuruşan döyüşçülər Azərbaycan neftçilərini minnətdarlıqla xatırlayır və Bakının cəsur neftçilərini salamlayırlar”

Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır. O, “Armed Mişel” (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə Fransanın 5 ordeni və yüksək fəxri adı — “Fransanın Milli Qəhrəmanı”, şəxsi igidliyinə görə paradda əsgərə generaldan qabaqda getmək hüququ verən hərbi medalı ilə də təltif olunmuşdu.

Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən çox faşist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. Həmçinin Ukrayna, Polşa və İtaliyada hərbi əsir düşərgələrində olan sovet əsirlərinin qaçmasına köməklik etmişdir. 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.
Müharibə illərində Azərbaycan bəstəkarlarının amansız mübarizəyə səsləyən və vətənpərvərlik mövzusunda yazılan əsərləri arxa və ön cəbhənin yaxın dostuna çevrildi. Ü.Hacıbəyovun Nizaminin mətninə yazdığı və qələbəyə həsr etdiyi “Sənsiz”, “Sevgili canan”, Ə.Bədəlbəylinin B.Zeyd-manla birgə yazdığı “Xalqın qəzəbi”, Niyazinin “Xosrov və Şirin” operası, “Döyüşdə” simfonik əsəri, S.Rüstəmovun “Cəbhə eşqi” əsəri, “Cəbhəyə”, “İrəli”, "Qəzəl”, "Qəhrəmanlar marşı” mahnıları, Ağabacı Rzayevanın “Cəngi”, “Vətən nəğməsi”, “Dilbərim”, “Gözlərin” mahnıları müharibə dövrünün əsərləridir. Müharibə illərində Moskva konservatoriyasının tələbəsi olan Qara Qarayev və Cövdət Hacıyevin bəstələdiyi “Vətən operası” (libretto müəllifi İ.Hidayətzadə) əsəri 1946-cı ildə Dövlət mükafatına layiq görüldü.

Ulu Öndər Heydər Əliyev İkinci Dünya Müharibəsində qələbənin əldə olunmasında Azərbaycanın xüsusi rolu olduğunu hər zaman vurğulamış, müharibə veteranlarının xidmətlərini çox yüksək qiymətləndirmişdir. Heydər Əliyev müharibə iştirakçılarına qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etməyin vacibliyini həmişə diqqət mərkəzində saxlamışdır.

1941 – 1945- ci illər İkinci Dünya Müharibəsində faşizm üzərində qazanılan qələbə hər il ölkəmizdə dövlət səviyyəsində təntənəli olaraq qeyd edilir. Prezident İlham Əliyev hər zaman müharibə veteranlarına və onların ailə üzvlərinə olan qayğının artırılması üçün yeni sərəncamlar imzalayır, qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla anır, müharibə veteranları ilə görüşür. Elə bu yaxınlarda – 19 aprel tarixində cənab Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamla 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi ölkə rəhbərliyi tərəfindən qəhrəmanlarımıza olan qayğını bir daha sübut edir.

Ceyhun Cahangirov
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam orta
məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı

Geri dön