Ana Sayfa > Təhsil > Təhsil müəssisələrində xoşagəlməz halların səbəbi nədir?

Təhsil müəssisələrində xoşagəlməz halların səbəbi nədir?


7-05-2022, 11:44. Yazar: admen
Təhsil müəssisələrində xoşagəlməz halların səbəbi nədir?

Son bir ayda ölkənin təhsil müəssisələrində baş verən xoşagəlməz hadisələrin sayı artıb. Hətta bir neçə olay var ki, ölkə gündəmindən düşmür. Məsələn, Lənkəran Dövlət Universitetinin müəllimi Elşad Rəhimov tələbələrə qiymət yazmaq üçün qeyri-etik yola əl atıb. Elşad Rəhimov qızlara görüntülü zəng edərək uyğunsuz hərəkət edib və onlardan da eynisini tələb edib.

Müəllim isə ictimaiyyətdə qınağa səbəb olan bu hərəkətinə aşağıdakı kimi aydınlıq gətirib: "Ev şəraitində olarkən bir neçə dəfə zəngləri açmışdım. Düşünürəm ki, bu görüntülər həmin zəngin videolarıdır".

Rəsmi məlumatlara görə müəllim artıq dərslərə buraxılmır.

Daha bir hadisə isə 17 yaşlı qızın intihar etməsidir. Bakının Xətai rayonunda yaşayan Xumar Babayeva özünü yaşadığı mənzilin 7-ci mərtəbəsindən atıb. İlkin məlumatlara görə Xumar bundan öncə də bir neçə dəfə özünə qəsd etməyə çalışıb. İntihar səbəbi hələ ki məlum olmasa da, hadisə ilə bağlı cinayət işi başlanılıb. Digər bir intihar hadisəsi isə Nəsimi rayonunda baş verib. 8 yaşlı məktəbli oğlan sinif yoldaşı ilə problem yaşadığına görə özünü yaşadığı mənzildəki turnikdən asıb.

Bəs bütün bunların səbəbi nədir? Təhsil müəssisələrində psixoloji xidmət göstərilirmi?

AİA.Az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov musavat.com-a bildirib ki, uşaqlarımız sosial şəbəkədən hədsiz dərəcədə informasiya alırlar: "Bu da onların psixologiyasına və gələcək həyatına öz təsirini göstərib. Təbii ki, məktəblilər 2 il müddətində onlayn dərs rejimində olublar. Telefon, planşet və ya kompüterlə daha çox vaxt keçirdilər. Bu zaman onlar nəzarətsiz informasiyanın burulğanında boğulmağa başladılar. Onlar əyani dərs sisteminə keçdikdən sonra məktəb direktorları və müəllimlər şagirdlərlə adaptasiya prosesini düzgün qura bilmədilər. Nəticədə onlar tədrisin gedişatına mane olmağa başladılar. Həmçinin, məktəblilər bir-birinə qarşı aqressiv münasibətlər göstərməyə başladılar. Artıq onlar nəzarətsiz, idarə olunmaz vəziyyətə düşüblər. Məktəblilərlə mütəmadi məşğul olmalıyıq. Onları psixoloji və digər testlərdən keçirilməliyik ki, mövcud vəziyyətlərini müəyyənləşdirə bilək. Digər səbəblərdən biri də məktəb direktorlarının məktəblərə nəzarət etməməsidir. Hazırda məktəblərə ciddi nəzarət olmaldır".

Təhsil eksperti universitet müəlliminin xoşagəlməz hərəkəti ilə bağlı bildirib ki, bu hallar həmişə var: "Hər kəs çalışır ki, öz qulluq mövqeyindən xoşagəlməz istiqamətdə istifadə edilsin. Nəzarətsizlik və cəzasızlıq öz sözünü deyir".

Kamran Əsədov əlavə olaraq bildirib ki, bizim ən ciddi problem tədrisin keyfiyyətini artırmaqla yanaşı şagird və müəllim münasibəti, şagirdlərin bir-biri ilə olan davranışını tənzimləməkdir: "Hazırda şagirdlər qiraətdən çox kənarda qalıblar. Ona görə də biz məktəblərdə oxu günlərinin sayını artırmalıyıq ki, onlar müsbət qəhrəmanlara oxşasınlar. Bu gün sosial şəbəkələrdə qeyri-səmimi olan insanları təbliğ edirik. Sosial şəbəkələrdə həmişə onlar görünürlər və məktəblilər də onlara oxşamağa çalışırlar. Biz nə qədər ki, müsbət qəhrəmanları məktəblilərə çatdırmayacağıq, bu da öz mənfi təsirini göstərəcək".

Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı deyib ki, istər universitet, istər məktəb istərsə də bağça müəllimləri hər il sentyabr ayının əvvəlində undividual olaraq psixoloji testlərdən keçməlidir: "Tək müəllimlər yox, bütün sektorlarda olan işçilərə də aiddir bu. Psixoloq, müəllim, valideyn və uşaq- hamısı bir yerdə işləsə, daha effektiv nəticə əldə etmək olar. Məktəblərdə necə ki, riyaziyyat, ədəbiyyat və digər fənlər tədris edilir, eləcə də psixoloji dərslər tədris edilməlidir. Hazırda uşaqlar arasında aqressiya çox yayılıb. həmin aqressiyalı uşaqlar isə hirsini özlərindən zəiflərə tökür. Nəticə isə xoşagəlməz olur. Ona görə də məktəb psixoloqları, mütəxəsislər ailələrlə işləməlidir".

Psixoloq həm də xatırladıb ki, hazırda qəbul imtahanlarının nəticəsinin açıqlandığı vaxtlardayıq: "Biz bilirik ki, imtahan nəticələri açıqlandıqdan sonra nə qədər yeniyetmə intihara cəhd edir. Hələ bu hadisələrin sadəcə bir neçəsini mediada görürük. Bu vaxtlarda psixoloqlar həyəcan təbili çalmalıdır. Məktəblilərlə daha çox məşğul olunmalıdır. Ailə və uşaqların öz üzərinə düşən məsuliyyəti aydınlaşdırmalıdırlar. Hazırda yeniyetmələr arasında imtahan stressi, məktəblilərdə birdən cavab vermərəm qorxusu, valideynə qarşı məsuliyyət var. Bir il ərzində psixoloqlar bu məsələləri pilot layihə kimi işləsələr daha yaxşı nəticələr görərik".
Geri dön