Ana Sayfa > Gündəm > Moskva Azərbaycanın ermənilərin müdafiə xəttini yarmasından narahatdır

Moskva Azərbaycanın ermənilərin müdafiə xəttini yarmasından narahatdır


15-05-2016, 18:55. Yazar: admin
Moskva Azərbaycanın ermənilərin müdafiə xəttini yarmasından narahatdır





Moskva Qarabağ münaqişəsi zonasındakı qeyri-müəyyənlikdən və Azərbaycanın aprelin əvvəllərində qısamüddətli hərbi kampaniya zamanı əldə etdiyi uğurlardan narahatdır

Bu haqda Vaşinqtondakı müzakirələrdə beynəlxalq məsələlər üzrə analitik Aleksandr Murinson deyib. Müzakirələr barədə “Amerikanın səsi”nin rus xidməti icmal yayıb.

Analitik xatırladıb ki, 9 may bayramı günlərində KİV-lər Rusiya prezidenti Vladimir Putinin Qarabağ məsələsinə görə Bakıya səfər edəcəyinə dair xəbər yayıblar. Ancaq Putin son anda səfərini təxirə salıb. “Rusiya öz sülhməramlı qüvvələrini regiona yeritmək üçün danışıqlar prosesini fəallaşdırmışdı”-Murinson münaqişənin indiki mərhələsini xarakterizə edərkən deyib. Onun sözlərinə görə, Moskvanın indiki mərhələdə geosiyasi marağı bundan ibarətdir ki, regionda “xozeyinin” kim olduğunu göstərsin.

Atlantika Şurasının elmi əməkdaşı Brenda Şaffer isə hesab edir ki, aprel hərbi kampaniyası status-kvonun Azərbaycanın xeyrinə dəyişməsinə gətirib çıxarıb. Və bu, özünü Ermənistanın mövqeyində də göstərir. Belə ki, İrəvan ilk dəfə rəsmi səviyyədə Dağlıq Qarabağın tanınmasının mümkünlüyü haqda danışıb.

“Dördgünlük müharibə erməni rəhbərliyinin hesablarını dəyişdirdi. Əgər əvvəllər Ermənistan rəhbərliyi bu təşəbbüsləri bloklayırdısa indi ona yaşıl işıq yandırmağa hazırdır”-bunu isə Vaşinqtondakı Karnegi mərkəzinin baş elmi əməkdaşı Pol Stronski deyir.

“Lakin bu o demək deyil ki, Dağlıq Qarabağın tanınması haqda təklif qanun qüvvəsini alacaq. Bununla Sərkisyan və hökumət Dağlıq Qarabağda aprel hərbi kampaniyası zamanı ərazilərin itirilməsinə görə onlara ünvanlanan tənqidlərə reaksiya verirlər”-Pol Stronski əlavə edib.



Aleksandr Murinson müzakirələri davam etdirərək deyib ki, Ermənistan prezidenti müharibənin istənilən an yenidən başlaya biləcəyi haqda danışıb. Minsk Qrupu həmsədrlərini danışıqlardan əvvəl təmas xəttində insidentlərin araşdırılması və qarşılıqlı etimad mexanizmlərinin qəbul edilməsinə çağırıb. Eyni zamanda Sərkisyan Rusiya sülməramlılarının münaqişə bölgəsinə yeridilməsinə qarşı deyil. Ancaq rəsmi Bakı bu məsələyə soyuq yanaşır. Azərbaycan tərəfi hesab edir ki, ancaq 5 rayonun qaytarılmasından sonra sülhməramlılar məsələsinə baxıla bilər.

Bəs Rusiya indiki mərhələdə nəyə nail olmaq istəyir? Bu suala Pol Stronski cavab verir: “Hər iki dövlətə-Ermənistana və Azərbaycana təsir imkanlarını saxlamaq, hər ikisini silahlandırmaq, eyni zamanda destablizasiyaya yol verməmək”.

A.Murinson bu fikri dəstəkləyərək əlavə edir ki, tərəflərdən heç biri məhz Rusiyanın regionda dominant olduğunu şübhə altına almır. Onun sözlərinə görə, Moskva birmənalı şəkildə nümayiş etdirir ki, heç bir xarici qüvvəni regiona buraxmayacaq. Və onun regionda dominantlıq etmək üçün istifadə etdiyi silah Dağlıq Qarabağ münaqişəsidir.



“Amerikanın səsi” Konqresmen Ted Ponun bu günlərdə radionun gürcü xidmətinə verdiyi müsahibədən sitat gətirərək deyir ki, Minsk Qrupuna daxil olan ölkələrdən hər biri ilk növbədə öz maraqlarını güdür, münaqişə tərəflərinin maraqlarını deyil. Konqresmenə görə problemi ABŞ, Rusiya və Fransa birlikdə, hər iki tərəfə ədalətli yanaşmaqla həll etməlidir. “Axı həm bu, həm o biri tərəfdə insanlar həlak olur”-Ted Po qeyd edib.

aia.az
Geri dön