Ana Sayfa > Seçki 2024 > Polad Ağakişiyev: “İşğaldan azad edilmiş torpaqlar bolluq, bərəkət mənbəyidir !”

Polad Ağakişiyev: “İşğaldan azad edilmiş torpaqlar bolluq, bərəkət mənbəyidir !”


7-05-2022, 10:56. Yazar: admen
Polad Ağakişiyev: “İşğaldan azad edilmiş torpaqlar bolluq, bərəkət mənbəyidir !”

Dünya yaranandan torpaq insanların dolanışıq yeri olub. İnsanlara gərək olan ərzaqların torpaqda yetişdiyi hər kəsə yaxşı məlumdur. Torpağı əkib – becərmək onu qorumaqla bərabərdir. “Dədə Qorqud” filmində ibrətamiz bir hissə var. El ağsaqqalı Dədə Qorqud gəncliyə belə bir məsləhət verir : “Torpağı həm əkib – becərmək, həm də qorumaq lazımdır. Əgər torpağı əkib – becərməsən, onu qorumağa dəyməz, qorumasan onda da əkib – becərməyə dəyməz”. Cəmi 44 gün davam edən və Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatan Vətən Müharibəsində qəhrəman Azərbaycan oğulları ana torpaq uğrunda necə mübarizə aparmağı bütün dünyaya göstərdilər. 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə düşmən tapdağından azad olundu. İndi qəhrəman Azərbaycan oğulları Vətən torpağının hər qarışını göz bəbəyi kimi qoruyurlar. Tarixi Qələbədən sonra işğaldan azad edilmiş torpaqlarda bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Tamamilə dağıdılmış, yerlə - yeksan edilmiş şəhər və rayonlarımızda ərazilərimizin bərpasını, yenidən qurulmasını səmərəli surətdə həyata keçirmək üçün müvafiq inzibati idarəçiliyin qurulması üçün Prezidentin xüsusi nümayəndəliyi institutu təsis edildi. Şuşa şəhəri, Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndələri təyin edildi. Dövlətimizin başçısı may ayının 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonuna xüsusi nümayəndə təyin etdi. Bu ondan xəbər verir ki, Zəngilan rayonu birinci rayondur ki, keçmiş məcburi köçkünlər yaxın gələcəkdə öz doğma torpaqlarına qayıdacaqlar. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində keçirilir. Bu kənd faktiki olaraq yenidən qurulur. Ağalı kəndinin timsalında hər bir insan Dövlətimizin həyata keçirdiyi planları görür. Zəngilan rayonunda əsas məşğulluq və iqtisadiyyatın əsas hissələrindən biri kənd təsərrüfatı olacaqdır. Çünki təbii iqlim çox əlverişlidir və yenə də “DOST Aqropark”ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə yaradılacaq mənzərəni görəcəyik. Möhtərəm Prezidentimiz Zəngilanda kənd təsərrüfatının inkişafı ilə bağlı çox böyük imkanlar olduğunu qeyd edərək demişdir ki, “Mən artıq bəzi fikirlərimi bildirmişəm. Amma rayonun bütün kənd təsərrüfatı potensialı tam dəqiqliyi ilə təhlil edilməlidir və ora qayıdacaq keçmiş məcburi köçkünlər üçün də tövsiyələr verilməlidir. Əlbəttə ki, burada mərkəzi icra orqanları - Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və mənim nümayəndəm kimi siz birgə işləməlisiniz. Zəngilan rayonunun kənd təsərrüfatı potensialının maksimum dərəcədə realizə etmək üçün tövsiyələr verilməlidir - harada hansı iş görülməlidir? Əlbəttə ki, sovet vaxtında orada kənd təsərrüfatı ilə bağlı aparılan işlər təhlil edilməlidir. Ancaq təbii ki, bu, bizim üçün əsas ola bilməz. Çünki o vaxt tam fərqli aqrotexniki imkanlar, tam fərqli texnologiyalar var idi. Biz Zəngilan rayonunda kənd təsərrüfatı sahəsinə ən qabaqcıl texnologiyaları gətirməliyik və bunu mən mərkəzi icra orqanları qarşısında vəzifə kimi qoymuşam – dünyada ən mütərəqqi texnologiya nədirsə, o, bizdə olmalıdır, xüsusilə azad edilmiş ərazilərdə. Çünki 30 ilə yaxın insanlar torpaq həsrəti ilə yaşamışlar, Ermənistan onların ömrünün böyük hissəsini oğurlamışdır. Onlardan minlərlə, on minlərlə insan öz doğma torpağını görməyib, həsrətlə həyatdan gedib. Ona görə oraya qayıdacaq insanlar üçün xüsusi şərait yaradılmalıdır. Kənd təsərrüfatı həm məşğulluq, həm ərzaq təhlükəsizliyi, həm də ixrac deməkdir.”

Bu gün Möhtərəm Prezidentimizin əsas diqqəti işğaldan azad olunmuş ərazilərin bərpasına yönəlib. Həmin ərazilərdə sürətli bərpa – quruculuq işləri aparılır. Bütün sahələrdə ən mütərəqqi təcrübədən istifadə edilir ki, insanlar üçün rahatlıq təmin edilsin. Bolluq, bərəkət mənbəyi olan torpaqlardan səmərəli istifadə olunması qarşıda duran ən vacib məsələlərdən biridir.

Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının əməkdaşı

Geri dön