Ana Sayfa > Ölkə > Azad edilmiş torpaqlarda bütün infrastrukturun qurulması ilə bərabər kənd təsərrüfatının inkişafı əsas vəzifələrdəndir
Azad edilmiş torpaqlarda bütün infrastrukturun qurulması ilə bərabər kənd təsərrüfatının inkişafı əsas vəzifələrdəndir6-05-2022, 12:47. Yazar: sevinc1 |
![]() Məlum olduğu kimi, Azərbaycan torpaqları işğal altında olan dövrdə erməni faşizmi Qarabağ və Şərqi Zəngəzurda kənd və şəhərlərimizi, maddi-mədəni abidələrimizi yer üzündən silib, bütün infrastrukturu məhv edib. Enerji qurğuları sıradan çıxarılıb, düşmənin gücü çatıb apara bildiyi qurğu və avadanlıqlar daşınıb, apara bilmədiyi isə yandırılıb. Altmış min hektaradək meşələri tamamilə məhv edərək torpaqlarımızın ekologiyasına da böyük zərər vuran mənfur düşmən azərbaycanlıların tikdikləri evləri tərk edərkən, həmin binaları, həyətlərdəki, yolların kənarlarındakı ağacları belə yandırıb, digər vandalizm aktları törədiblər. Nəhayət, Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğu” və Azərbaycan Ordusunun Vətən müharibəsindəki parlaq qələbəsi ilə xalqımız bu böyük bəladan-erməni faşizmindən xilas olunub. Prezident İlham Əliyev Vətən müharibəsindəki qələbədən sonra ərazi bütövlüyü¬müzü şərtləndirən, işğalçılardan azad edilən torpaqlara-rayon və şəhərlərimizə mütəmadi səfərlər edir, barbarcasına dağıdılan ərazilərimizdə tikinti, abadlıq-quruculuq işlərinin gedişi ilə maraqlanır, müvafiq tapşırıqlarını verir. Dövlət başçısının mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərək, adı çəkilən ərazidə görülən işlərin fonunda zəruri tövsiyələrini verməsi də bunun bariz ifadəsidir. Qəbul zamanı Prezident İlham Əliyev Zəngilan rayonunun da dəhşətli dağıntılara məruz qalaraq yerlə-yeksan edildiyini, bununla da düşmənin öz vəhşiliyini bir daha dünyaya göstərdiyini qeyd edib. Qələbədən sonra Zəngilan rayonunda bərpa-quruculuq layihələrinin sürətlə icra edildiyini bildirib və ermənilər tərəfindən dağıdılan bütün tarixi-dini abidələrimizin bərpası işinə başlanıldığını, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə şəhər məscidinin faktiki olaraq yenidən qurulduğunu diqqətə çatdırıb. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün Zəngilan rayonu bu sahədə birinci rayondur ki, artıq keçmiş məcburi köçkünlər yaxın gələcəkdə oraya qayıdacaqlar. Bildiyiniz kimi, birinci pilot layihə Zəngilanın Ağalı kəndində həyata keçirilir. Ağalı kəndi faktiki olaraq yenidən qurulur, böyük və rahat kənd olacaq. Ağalı kəndinin timsalında hər bir Azərbaycan vətəndaşı və ümumiyyətlə, hər bir insan işğaldan azad edilmiş ərazilərin gələcək inkişafını görə bilər. Bütün işlər planlı və sistemli şəkildə aparılacaq, təhlükəsizlik, rahatlıq, rifah, məşğulluq və yüksək inkişaf təmin ediləcəkdir. Artıq Zəngəzur dəhlizi reallıqdır. Azərbaycan ölkəmizin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirməyi qarşıya mühüm vəzifə kimi qoyub. Hazırda Zəngəzur dəhlizinin tərkib hissəsi olan nəqliyyat xətti qurulur, bu il Zəngilan Beynəlxalq Hava Limanının istismara veriləcəyi nəzərdə tutulur. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda beynəlxalq yükdaşımaları üçün yeni bir yol olacaq. Bu gün qüdrətli Azərbaycan dövləti düşmənin Zəngilandan keçməklə Cəbrayıla çəkmək istədiyi birzolaqlı kənd tipli yol əvəzinə, Horadizdən Zəngilana uzanan dörd və altızolaqlı magistralın inşasını həyata keçirir. Zəngilandan Qubadlıya və oradan da Laçına çoxzolaqlı yol çəkilir. Dövlətimizin başçısı çıxışında keçmiş məcburi köçkünlərin məşğulluğunun təmin olunması ilə bağlı fikirlərini də bildirib. Ölkə rəhbəri bu il Ağalı kəndində yeni müəssisələrin yaradılmasının nəzərdə tutulduğunu, orada məskunlaşacaq sakinlər üçün həm kənd təsərrüfatında, həm də dövlət və özəl şirkətlər tərəfindən yaradılmış müəssisələrdə əlverişli şərait qurulacağını vurğulayıb, yüksək məhsuldarlıq üçün sudan nəzərdə tutulan qayda əsasında istifadə edilməsi, azad olunmuş torpaqlarda əkin yerlərinin düzgün seçilməsi və orada aqrotexniki xidmətin göstərilməsinin qarşıya mühüm vəzifə kimi qoyulduğunu xatırladıb. Prezident İlham Əliyev çıxışında Zəngilan rayonunda keçən il Türkiyə Cümhuriyyətinin Prezidenti ilə birlikdə “DOST Aqropark” adlandırılan müəssisənin təməlini qoyduğunu da diqqətə çatdırıb. Xatırladaq ki, türk və azərbaycanlı sərmayədarların Zəngilanda həyata keçirəcəkləri adıçəkilən layihə üç mərhələdə icra olunacaq. Burada əvvəlcə inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq. Layihə çərçivəsində 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələrinin yaradılması, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələrinin salınacağı nəzərdə tutulur. Bununla yanaşı, bütün bölgəyə inteqrasiya olunan ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı avadanlığına tələbatını ödəyəcək. “Dost Aqropark”da “Ağıllı kənd təsərrüfatı” texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq. Aqropark tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq. Bir sözlə işğaldan azad olunmuş digər ərazilərlə bərabər yaxın zamanda Zəngilan rayonunda da yeni həyat bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurdlarında azad, firavan yaşayacaqlar. Vüqar İsayev, YAP Göygöl rayon təşkilatının sədri aia.az Geri dön |