Ana Sayfa > Ölkə > Cənubi Qafqazda sülh gündəliyini Azərbaycan təşviq edir

Cənubi Qafqazda sülh gündəliyini Azərbaycan təşviq edir


5-05-2022, 11:29. Yazar: sevinc1
Cənubi Qafqazda sülh gündəliyini Azərbaycan təşviq edir

Milli dövlət quruculuğu və idarəçiliyinin şərəfli mərhələsini, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan həm də Cənubi Qafqazın ən fəal siyasi-iqtisadi faktoru kimi nüfuzunu gündən-günə artırır. Bunu şərtləndirən yeganə amil isə təbii ki, Prezident İlham Əliyevin son 19 il ərzində yürütdüyü tam müstəqil siyasətdir. Həmin siyasətin təntənəsi Azərbaycanın daxili siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də 44 günlük Vətən müharibəsində tarix yazan qüdrətli ordusunda öz təsdiqini tapır.

Hər zaman verdiyi vədlərə, səsləndirdiyi fikirlərə sadiqliyi ilə seçilən Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindəki zəfərdən sonra regionda yaranmış reallıqlar fonunda yeni missiyasını həyata keçirir. Belə ki, Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Beynəlxalq birlik, müxtəlif dövlətlər və təşkilatlar tərəfindən səslənən fikirlərə də əsaslanaraq deyə bilərik ki, Azərbaycan Prezidentinin bu istiqamətdə atdığı addımlar təqdir olunur. Dövlət başçısı İlham Əliyevin söylədiyi kimi, regionda dəyişən reallıqları, hətta vasitəçilər də etiraf edir. Aprelin 29-da Şuşada, növbəti gün isə ADA Universitetində 23 ölkədən gəlmiş dünyanın 40-dan çox nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq forumunda müzakirə edilən məsələlər, eləcə də qarşıdakı hədəflər, məqsədlər barədə yekdil münasibət bildirməsi bu prosesin tərkib hissəsi idi.

Onu da vurğulamaq yerinə düşər ki, bu beynəlxalq forum ötən il məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşıb və elə ilk toplantı da ADA Universitetində baş tutub. Budəfəki forumun ilk iclası isə Cənubi Qafqazın diplomatiya mərkəzinə çevrilən Şuşada reallaşdı. Məhz bu səbəbdən də ümumilikdə forum “Beynəlxalq Şuşa Forumu” kimi yeni ad altında təşkil edilmişdi. Şuşa forumunun əsas məqsədi postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin müzakirəsi idi. Ümumiyyətlə, dünyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələrinin Azərbaycana toplaşması heç də təsadüfi deyil. Bu, ilk növbədə təsdiq edir ki, ölkəmiz Cənubi Qafqazda əsas söz sahibi kimi hər zaman öndədir və məhz Azərbaycanın formalaşdırdığı sülh gündəliyinin müzakirəsi baxımından bu tədbirlər real zəmin yaradır.

Prezidentin bu forumda iştirakı və verilən bütün sualları ətraflı cavablandırması bir daha onu göstərdi ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir və nəinki öz qonşuları ilə, Cənubi Qafqazla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə dostluq münasibətlərini və əlaqələrini qurmağa hazırdır. Dövlət başçısı İlham Əliyev forumda bir daha yeni reallıqlara aydınlıq gətirərək həqiqətləri və Azərbaycanın ümumi istəyini bəyan etdi və Ermənistana da mühüm mesajlar ünvanladı. Prezident dedi ki, Azərbaycanın Qafqazda yeni sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Bu yaxınlarda isə Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi Ermənistan hökuməti qəbul edib. Həmin təməl prinsiplər Ermənistanla sülh müqaviləsinin əsasını təşkil etməlidir. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib.
Ən nəhayət, sözügedən forumda Cənubi Qafqazda sülh gündəliyini Azərbaycanın təşviq etdiyini vurğulayan Prezident İlham Əliyevin bildirdiyi kimi, bütün istiqamətlərdə təşəbbüs qalib ölkənin əlindədir. Beynəlxalq tədbirdə bütün suallara dövlət başçısının konseptual yanaşması bir daha təsdiq etdi ki, bu gün bölgənin rifahı, regionda dayanıqlı sülh və sabitliyin təmin olunması Azərbaycan Prezidentinin siyasətinin prioritetini təşkil edir.

Zamir Hüseynov,
YAP Göygöl rayon təşkilatının məsul işçisi


Geri dön