Ana Sayfa > Gündəm > Rus politoloqlar: "Bu, Sərkisyanın ölümü demək olacaq"

Rus politoloqlar: "Bu, Sərkisyanın ölümü demək olacaq"


14-05-2016, 21:09. Yazar: admin
Rus politoloqlar: "Bu, Sərkisyanın ölümü demək olacaq"





Həm Azərbaycan-Ermənistan təmas xəttində, həm də Dağlıq Qarabağ münaqişəsi zonasında erməni silahlı qüvvələrinin təxribatları Ermənistandakı "müharibə partiyası"nın, onun başında duran Serj Sərkisyanın - Qarabağ separatçılarının liderlərindən birinin hakimiyyətdə qalmaq çabasıdır. Çünki konfliktin dinc nizamlanması indiki prezident və onun komandasının siyasi ölümü demək olacaq.

aia.az musavat.com-a istinadən bildirir ki, bu fikri "Vestnik Kavkaza" nəşrinə tanınmış rusiyalı politoloq və tarixçi alim Oleq Kuznetsov, Siyasi Tədqiqatlar İnstitutunun direktoru, Prezident Putinin etibarlı şəxsi Sergey Markov və Rusiya prezidenti yanında İctimai Şuranın üzvü Maksim Şevçenko Ermənistanın təmas xəttində, xüsusən də Naxçıvanla sərhəddə son təxribatlarını şərh edərkən bildiriblər.

Oleq Kuznetsov ilk növbədə diqqəti təxribatların tezliyi və şiddətini dinc danışıqlardakı irəliləyişlərlə əlaqələndirib. Onun sözlərinə görə, belə provokasiyalar bir qayda olaraq, Qarabağa dair hansısa diplomatik səylərin və ya Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün ərəfəsinə təsadüf edir. Politoloqun sözlərinə görə, belə təxribatların səbəblərindən biri - İrəvan tərəfindən formal güzəştlər bazasının yaradılmasına mane olmaqdır.

"Erməni tərəfi indi cidd-cəhdlə çalışır ki, gərginliyin dərəcəsini artırmaqla yeni situasiyada sülhməramlı kimi görünsün və bu fonda özünə sərfəli şərtlərdə təxribatlardan imtina eləsin. Naxçıvanın atəşə tutulması məhz onun nümayişidir ki, İrəvan belə addımlara gedə və Sərkisyan da danışıqlarda bəyan edə bilər ki, Naxçıvana münasibətdə daha təcavüz olmayacaq. Faktiki surətdə yeni siyasi reallıq yaranır və bu şərtlərdə Ermənistan guya gərginliyi azaltmaq istəyən ölkə qismində görünmək istəyir - hərgah, onu o özü yaradıb. Bu, PR gedişidir. Hədəf də odur ki, əsas məsələ - erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması yada düşməsin. Naxçıvanın atəşə məruz qoyulması eyni zamanda rəsmi İrəvanın hakimiyyəti saxlamaq üçün apardığı daxili siyasətin tərkib hissəsidir" - ekspert vurğulayıb.

Tarixçi alim daha sonra deyib: "Məlumdur ki, Dağlıq Qarabağ konflikti Ermənistanda Köçəryan-Sərkisyan Qarabağ klanını, Dağlıq Qarabağ ərazisindəki qanunsuz silahlı birləşmələrin səhra komandirlərini hakimiyyətə gətirib. Bu gün onlar təkcə Ermənistanın hərbi strukturlarında bütün vəzifələri tutmurlar, eyni zamanda, parlamentdə kök salıblar, icraedici hakimiyyət və ərazi idarəetmə orqanlarında həlledici postlara sahibdirlər. Qarabağ münaqişəsi Ermənistandakı indiki siyasi rejimin mövcudluğu üçün əsas qidalandırıcı mühitdir".

"Təbii ki, Qarabağ münaqişəsinin bitməsi və işğal olunmuş ərazilərin qaytarılması Ermənistan Respublikasında uzun illər hakim olan ideologiyanı darmadağın edəcək və labüd olaraq, siyasi rejimin ya aktiv vətəndaş protesti, ya da tam mümkündür ki, hərbi qiyam və yaxud da ümummilli üsyanla dəyişməsinə gətirəcək. Dağlıq Qarabağ nizamlanması ətrafında bu gün baş verənlərlə bağlı müşahidə edilən təxribatlar da Ermənistanın daxili siyasəti baxımından mövcud siyasi rejimi saxlamağa yönəlik əsəbi səylərdən başqa bir şey deyil" - politoloq əlavə edib.

Maksim Şevçenko da razıdır ki, erməni tərəfinin son təxribatlar - Ermənistandakı "müharibə partiyası"nın şəxsi maraqlarının təzahürü kimi ortaya çıxır: "Hazırda orada iqtidarda Qarabağ partiyasıdır. Təbii ki, "qarabağlılar" marağındadırlar ki, Qarabağ siyasəti daxili siyasətin mərkəzində, Qarabağ isə bütün bu eybəcərliklərin mərkəzində dursun. Şübhəsiz, Ermənistan daxilində israrla heç bir anlaşmanı istəməyən qüvvələr var, nədən ki, onlara hərbi münaqişədə eskalasiya situsiyasını dəstəkləmək sərf edir".

Sergey Markov da İrəvanın təxribatçı davranışlarının daxili siyasi xarakterinə diqqət yönəldib: "Çoxsaylı faktorların təzyiqi altında olan İrəvan münaqişənin həllində öz strateji mövqeyini heç cür formalaşdıra bilmir. Bu, həm Azərbaycan tərəfdən hərbi-siyasi təzyiqin, həm də Ermənistan əhalisi və ondan fərqlənən Dağlıq Qarabağ əhalisinin, erməni diasporunun təzyiqinin nəticəsidir. Özü də Fransa-Amerika lobbisi ilə Rusiyadakı lobbinin təzyiqləri fərqlənir. Nəhayət, hansısa anlaşmalara çıxmağı tələb edən Rusiya rəhbərliyi tərəfindən İrəvana təzyiq var".

Ekspertin fikrincə, bütün bunların nəticəsi olaraq, Ermənistan rəhbərliyi özünü itirib və bu günə Qarabağ münaqişəsi ilə bağlı aydın plana və ondan çıxmaq strategiyasına malik deyil. "Belə çoxaspektli təzyiqlər şəraitində tutaq ki, Rusiya və Azərbaycanın ortaq fəaliyyəti məncə, Ermənistan rəhbərliyinə düzgün strateji tonallığı seçməkdə ona kömək etməkdən ibarət olmalıdır. O, indi özünü itirib və produktiv olar ki, "Kazan formulu"na çıxış üçün onu yumşaq şəkildə qabağa itələyəsən, düzgün qərarı pıçıldayasan" - Markov təklif edib.

aia.az
Geri dön