Ana Sayfa > Seçki 2024 > Bəhram Bayramov: “Zərifə xanım Əliyevanın həyatı bütün Azərbaycan xanımları üçün parlaq nümunədir”

Bəhram Bayramov: “Zərifə xanım Əliyevanın həyatı bütün Azərbaycan xanımları üçün parlaq nümunədir”


28-04-2022, 10:24. Yazar: sevinc1
Bəhram Bayramov: “Zərifə xanım Əliyevanın həyatı bütün Azərbaycan xanımları üçün parlaq nümunədir”

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd olunur.

Zərifə Əliyeva Azərbaycan tibb elminin, xüsusən də oftalmologiya sahəsinin inkişafına böyük töhfələr verən akademiklərimizdən olub. Bu gün Zərifə xanımın yetişdirdiyi kadrlar insanlara sağlamlıq bəxş edirlər. Lakin bütün bunlarla yanaşı, Zərifə xanım Əliyeva ilk növbədə qayğıkeş ana, fədakar və sədaqətli həyat yoldaşı kimi də bütün qadınlarımız üçün əsil nümunə olub. Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyətin həyat yoldaşı olmaq əlbəttə ki, elə də asan məsələ deyildi. Zərifə xanım ailədə hər zaman Ümummilli Liderimiz Heydər Əliyevin güclü dayağı olub. Zərifə xanım Əliyevanın obrazı, siması, keçdiyi həyat yolu bizim gənc xanımlarımızın həyatının formalaşması baxımından parlaq nümunədir. Buna görə də, Zərifə xanımın şəxsiyyəti və keçdiyi həyat yolu daha geniş təbliğ olunmalıdır ki, bugünkü xanımlarımız nümunə götürsünlər.

Az öncə də qeyd etdiyim kimi, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri olduqca böyükdür. Alim, pedaqoq, qayğıkeş, bilikli həkim, həmçinin, gözəl insan olan Zərifə xanım milli səhiyyəmizin inkişafında mükəmməl biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə, tibb işçilərinin hazırlanmasında böyük əmək sərf edib. Onun əziz xatirəsi respublikamızda və Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda, səhiyyə, elm sahəsində çalışan hər bir insanın qəlbində yaşamaqdadır. Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları olub. O, tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb. Zərifə Əliyeva vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanımın dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində - H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi Tədqiqat İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” adlı doktorluq dissertasiyasının əsasını təşkil edib. 1977-ci ildə Zərifə xanım Əliyevaya tibb elmləri doktoru dərəcəsi verilib. Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, “Vestnik oftalmoloqii” (Moskva) jurnalının redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb.

Qeyd etmək lazımdır ki, Zərifə xanım Əliyevanın elmi tədqiqatları yüksək səviyyədə olmaqla bərabər, onların sosial əhəmiyyəti də olduqca böyük idi. Zərifə xanımın məhz bu sahədə xidmətləri, fəaliyyəti də yüksək qiymətləndirildi və Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi. Xüsusi vurğulamaq istəyirəm ki, bu gün də Zərifə Əliyevanın tədqiqatlarından tibb elmində geniş istifadə olunur.

Bəhram Bayramov,
6 nömrəli Uşaq Somatik Sanatoriyasının baş həkimi

Geri dön