Ana Sayfa > Ölkə > Akademik Zərifə Əliyevanın yaşadığı ömrün özü bir işıq mücəssəməsidir

Akademik Zərifə Əliyevanın yaşadığı ömrün özü bir işıq mücəssəməsidir


25-04-2022, 12:22. Yazar: sevinc1
Akademik Zərifə Əliyevanın  yaşadığı ömrün özü bir işıq                                         mücəssəməsidir

Zərifə xanım Əliyeva nəcib Azərbaycan qadını, qayğıkeş həkim, mehriban ana, vəfalı, sədaqətli həyat yoldaşı, səmimi dost, saf insan idi. Zərifə xanım akademik Əziz Əliyevin ailəsində tərbiyə almışdı. Bu ailənin təməli xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlər və milli dəyərlər üzərində qurulmuşdu. Əziz Əliyev və Leyla xanım Abbasova Azərbaycanın çox qədim və əbədi torpağı olan İrəvan mahalında dünyaya göz açmışdılar. Ermənilərin azərbaycanlılara qarşı о zamankı soyqırım siyasəti nəticəsində Əziz Əliyevin də ailəsi narahat bir həyat yaşayırdı. Ona görə də ailəsi ilə Naxçıvanın Şahtaxtı kəndinə köçdü və Zərifə xanım da 1923-cü il aprelin 28-də orada anadan oldu. O, çox nəcib ailədə, söz, sənət adamlarının əhatəsində böyüyürdü.

Zərifə xanım da bütün həyatı boyu öz təbiətində yüksək mənəvi keyfiyyətləri birləşdirərək dərin intellektə, geniş dünyagörüşünə sahib olmuşdu. Yüksək intellektual səviyyəsi, insanlarla səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi xəstələrinə təmənnasız sevgi bəxş edirdi. O, qısa lakin şərəfli ömrünü faydalı işlərə sərf edib.
Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində görüb-götürdükləri yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, ulu öndərimizə mənəvi dayaq, arxa olub. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım özünün tədqiqat işlərini traxomanın müalicəsi ilə bağlı məsələlərə, habelə traxomanın və onun ağır nəticələrinin müalicəsi zamanı o dövrdə yeni olan antibiotiklərin imkanlarından səmərəli istifadə etməyin öyrənilməsinə həsr edib.

Zərifə xanımın həyatda ən böyük arzusu insan sağlamlığını qorumaq, xəstələrinə işıq, sevinc bəxş etmək idi. O, həmkarları ilə birlikdə ağır faciəyə səbəb olan traxoma xəstəliyinə qarşı mübarizə aparırdı. Zərifə Əliyeva ciddi elmi tədqiqatları, apardığı mürəkkəb cərrahiyyə əməliyyatları, müalicə işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi. O, gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, peşəkar elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Zərifə xanım dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlmişdi. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. O, ictimai işlərə də vaxt tapır, bu sahədə də yorulmadan fəaliyyət göstərirdi. Zərifə xanım uzun illər Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan "Bilik" Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.
"Azərbaycanın əməkdar elm xadimi Zərifə xanım Əliyeva bir həkim kimi xəstələrinə doğmaları kimi can yandırırdı. Təkcə xəstələrinə deyil, ümumiyyətlə, ehtiyacı olan hər kəsə yardım əli uzadır və həmişə də çalışırdı ki, bunu başqaları hiss etməsin. О, hər gün işə gələndə rayonlardan gəlib xəstəxanada yatan xəstələrinə yemək, geyim gətirirdi ki, onlar ailədən uzaq düşdüklərinə görə narahat olmasınlar. Onu başqalarından fərqləndirən hər bir xəstəsi ilə mehriban, səmimi münasibəti, xeyirxahlığı idi. Zərifə xanım xəstələrində sağalacaqlarına ümid yarada bilirdi. Həmişə deyirdi ki, xəstənin həkimə inamı uğurlu müalicəyə bərabərdir. Onun adının yanında "nur, işıq" sözləri daha çox işlənir. Bu da təbii ki, Zərifə xanımın peşəsi və işıqlı təbiəti ilə bağlıdır. Elə həmkarlarına ondan yadigar qalan da işığa, nura can atmaq istəyi, bir də xeyirxahlıqdır",
Zərifə xanım Heydər Əliyev kimi dünya şöhrətli siyasətçinin xanımı olmaq kimi böyük bir məsuliyyət daşıyırdı. O, ailəsinin diqqət mərkəzində olduğunu, buna görə də həmişə hamıya nümunə olmalı olduğunu başa düşürdü. Zərifə xanım gecə-gündüz yorulmaq bilmədən Azərbaycanın dövlətçiliyi naminə çalışan bir insanı tükənməz sevgi və qayğı ilə əhatə edərək ona əsl dost, yaxın silahdaş və mənəvi dayaq oldu.
O, istedadı ilə gələcəkdə çox işlər görə bilərdi. Ömrünün son anlarına kimi gələcək planlarla yaşayırdı. Zərifə Əliyeva bir-birindən dəyərli 150-dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olub. Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən-ilə genişlənir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir. Yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Təəssüf ki, Zərifə Əliyeva az yaşadı. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.
Zərifə xanım həyatda nə qədər uğur qazansa, şöhrətin zirvəsinə çatsa da, ömrünün son anına kimi sadəliyini, insanpərvərliyini qoruyub saxlaya bildi. Çünki onun üçün ad-sandan, şan-şöhrətdən əvvəl mənəvi zənginlik, səmimiyyət və milli dəyərlər əsas idi. O, yaddaşlarda da belə qaldı.Xalqımızın qəlbində əbədi olaraq yaşayır, nurlu obrazı bu gün də davamçıların yolunu işıqlandırır.

Sevinc Əhədova
YAP Saatlı rayon təşkilatının məsul işçisi


Geri dön