Ana Sayfa > Gündəm > Magistratura, yoxsa əsgərlik - Hansı daha faydalıdır?

Magistratura, yoxsa əsgərlik - Hansı daha faydalıdır?


14-05-2016, 13:46. Yazar: admin
Magistratura, yoxsa əsgərlik - Hansı daha faydalıdır?





Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm haqqında" qanun layihəsindən çıxarılıb.

Rəsmi məlumatlara görə, qanundan bu müddəaların çıxarılması müharibə və hərbi əməliyyatlara bağlıdır. Müharibə şəraitində olan Azərbaycan üçün bu, normal hesab olunsa da, ölkənin düşünən beyinlərinin cəbhədə, səngərdə məhv oluması ilə bağlı fikirlər haçalanır.

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik İsa Həbibbəylinin sözlərinə görə, aprel ayından təmas xəttində yüksək gərginlik müşahidə edildiyindən magistr və doktorantlara möhlət hüququnun verilməsi düzgün olmaz. Komitə sədrinin fikirincə, hazırda gənclərin ən böyük arzusu Azərbaycanın torpaqlarının müdafiəsi, qorunması və haqq işində qalib gəlməyimizdir.

Mili.Az bildirir ki, təhsil üzrə ekspert Nadir İsrafilov azvision.az-a deyib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun magistraturada təhsili davam etdirmək üçün möhlət verilməsini nəzərdə tutan maddəsi 2006-cı ildə ləğv edilib:

"Hazırda bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər. "Elm haqqında" qanun layihəsi Milli Məclisdə I oxunuşda qəbul edilib. Lakin layihənin yenidən təkmilləşdirilməsi zəruri hesab edilib. Məsələnin təmas xəttində yaranan gərginlik nöqteyi-nəzərindən izahı və qoyuluşu hardasa başa düşüləndir. Lakin komitə sədrinin "Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər" açıqlaması hesab edirəm ki, məsələni bir az dramatikləşdirir və insanda istər-istəməz pessimist əhval-ruhiyyə yaradır. Birincisi, hər birimizin arzusudur ki, təmas xəttində gərginlik tez bir zamanda, ilk növbədə, sülh, əks təqdirdə hərb yolu ilə aradan qaldırılsın. Lakin bu vəziyyətin bundan sonra hələ neçə illər davam edəcəyinə kim təminat verə bilər?"



N.İsrafilovun fikrincə, istənilən vaxt yaranmış vəziyyətlə bağlı qanunda dəyişiklik aparmaq olar və belə dəyişikliklər dəfələrlə aparılıb və aparılmaqdadır:

"Təhsil naziri Mikayıl Cabbarov da çıxışlarının birində bu məsələyə toxundu. Təhsil sistemində çalışan elmlər doktorlarının yaş həddinin təhlili göstərir ki, dövlət ali təhsil müəssisələrində 30 yaşa kimi elmlər doktoru yoxdur, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 63,9% təşkil edir: Fəlsəfə doktorları üzrə göstəricilərə gəldikdə, onlardan 30 yaşa kimi olanların sayı 0,7%, 61 yaşdan yuxarı olanların sayı isə təxminən 18%-dir. Nazir bildirdi ki, yaranmış bu vəziyyətlə əlaqədar bir sıra tədbirlərin görülməsi nəzərdə tutulub. Bu baxımdan maqistr və doktorantlara möhlət hüqunun verilməsi gənclərin elmə marağını stimullaşdırmaq istiqamətində faydalı tədbirlərdən biri kimi dəyərləndirilə bilərdi".

Ekspert qeyd edib ki, sovet dönəmində iki fərqli, bir-birinə daban-dabana zidd sistem arasında gedən soyuq müharibə şəraitində, nəinki tələbələr, hətta aspirantlar da təhsil aldıqları müddətdə hərbi xidmətdən azad olunurdular.



N.İsrafilovun sözlərinə görə, o zaman yeniyetmə və gənclərin hərbi hazırlığına xüsusi diqqət yetilirdi: "Əksər ali məktəblərdə hərbi kafedralar mövcud idi. Tələbələr burada hərbi biliklərə yiyələnirdilər. Ali məktəbi bitirdikdən sonra iki aylıq toplanışa yollanırdılar. Bu zaman gənclərə hərbi rütbə verilirdi və onlar ehtiyata buraxılırdı. Bu gün isə tələbələr bakalavr pilləsini bitirən kimi hərbi xidmətə göndərilir. Oradan qayıdandan sonra bildikləri də yadlarından çıxır, elm dalınca getmək həvəsləri sönür.

Hətta 1973-cü ildə SSRİ Müdafiə Nazirliyi və SSRİ Maarif Nazirliyinin birgə qərarına əsasən stimullaşdırıcı tədbir kimi kənd müəllimləri də hərbi xidmətdən azad edilmişdilər. Bunun nəticəsi kimi minlərlə gənc mütəxəssislərin kənd yerlərinə axını baş verdi. Onların əksəriyyəti getdikləri kəndlərdə ailə quraraq regionlarda təhsilin inkişafına öz layiqli töhfələrini vermiş oldular. Düşünürəm ki, müharibə şəraitində yaşasaq belə, 300-500 magistra möhlət hüququ verilməsilə ordumuzun hərbi qüdrəti nə artan, nə də azalan deyil, əksinə elmimiz bundan ziyan çəkəcək. Çünki bu gün Azərbaycan ordusu kifayət qədər gücə və kontingentə malikdir, elmimizin isə diqqət və qayğıya böyük ehtiyacı var. Son aylarda isə ordumuz öz qüdrətini bir daha nümayiş etdirdi. Biz indi elm sahəsinin inkişafına çalışmalıyıq. Bu mənada magistr və doktorantura pilləsində təhsil alanlara möhlət hüququnun verilməsi elm sahəsinə marağı stimullaşdıra bilər. Belə bir qərarın olacağını ictimaiyyətin əksər nümayəndələri gözləyirdilər. Ona görə də "Elm haqqında" qanun layihəsindən möhlətlə bağlı müddəanın çıxarılmasının effektiv olacağına inanmıram. Çünki təhsildə fasiləsizliyin təmin olunması üçün möhlət hüququ vacib şərtdir".



Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli isə bildirib ki, dünyanın heç bir yerində yüksək bal toplayanların ön cəbhəyə göndərilməməsi məsələsi yoxdur. Millət vəkili deyib ki, ölkənin milli maraqları, dövlətçilik maraqları alimdən tutmuş, ən sadə vətəndaşa kimi hamı üçün eynidir:

"Qanunvericiliyə görə, istənilən dünya ölkəsində qanunlar ölkənin daxili inkişaf proseslərinə, strategiyasına uyğun müəyyənləşdirilir. Yüksək bal toplayanların ön və ya arxa cəbhəyə göndərilməsi məsələsi dünyanın heç bir yerində yoxdur. Hərbi mükəlləfiyyət hər bir Azərbaycan vətəndaşının borcudur"-deyə İsa Həbibbəyli bildirib.



Qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun magistratura və aspiranturada təhsili davam etdirmək üçün möhlət verilməsini nəzərdə tutan maddəsi 2006-cı ildə ləğv edilib. Hazırda bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər.

Oğlanların əksəriyyəti bakalavr səviyyəsi üzrə təhsillərini başa vurduqdan sonra həqiqi hərbi xidmətə getdiklərindən onlar sonradan təhsilin digər səviyyələri üzrə oxumağa maraq göstərmirlər. Azərbaycan əhalisinin cinsi tərkibində qadın və kişilərin say nisbəti təxminən bərabər olsa da, qeyd edilən səbəbdən bu gün elm sahəsinə gələn gənclərin çoxu qızlardır. Bunun aradan qaldırılması üçün magistr və doktoranturada oxuyanlara möhlət hüququnun verilməsi vacib hesab edilirdi.

Xatırladaq ki, "Elm haqqında" qanun layihəsi Milli Məclisdə I oxunuşda qəbul edilib. Lakin layihənin yenidən təkmilləşd

irilməsi zəruri hesab edilib. Layihənin təkmilləşdirilmiş yeni variantı II oxunuşda Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirə ediləcək

aia.az
Geri dön