Ana Sayfa > Media > Azərbaycan və Qırğızıstan arasında münasibətlərinin inkişafı türk xalqlarının birliyinə töhfədir

Azərbaycan və Qırğızıstan arasında münasibətlərinin inkişafı türk xalqlarının birliyinə töhfədir


22-04-2022, 16:54. Yazar: admen
Azərbaycan və Qırğızıstan arasında münasibətlərinin inkişafı türk xalqlarının birliyinə töhfədir

Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var. Qırğızıstanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti hökm sürür. Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda hər zaman bir-birinin mövqeyini dəstəkləyir. Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan olunması təşəbbüsü də Qırğızıstan tərəfindən dəstəklənib.

Bu günlərdə Azərbaycan və Qırğızıstan dövlətləri arasında imzalanmış “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum” xüsusi əhəmiyyət kəsb edən tarixi sənədlərdir. Azərbaycan Prezidenti İlham Əliyev mətbuata verdiyi bəyanatda Azərbaycan və Qırğızıstan arasında imzalanmış sənədlərdən bəhs edərək onların əhəmiyyətini xüsusi vurğuladı. Məlumdur ki, iki ölkə arasında strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir. Məhz buna görə də Azərbaycan və Qırğızıstan dövlətləri arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması belə böyük əhəmiyyət kəsb edir. Dövlət başçımızın da dediyi kimi, bu sənəd ölkələrimiz arasında münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Həmçinin Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun imzalanmasından sonra yaradılacaq bu yeni təsisat çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə ediləcək. Qeyd etmək lazımdır ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlərin formatını müəyyən edən amillərdən biri də ölkələrimizin bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birilərini dəstəkləməsidir. Həmçinin Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstan ölkəmizə önəmli dəstək vermişdi. Bundan başqa BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində bu iki dövlət hər zaman bir-birini dəstəkləyir. Əlbəttə ki, ölkələrarası münasibətlərdə mühüm yerlərdən birini də ticari-iqtisadi əlaqələr tutur. Məhz buna görə də Azərbaycan və Qırğızıstan Prezidentlərinin hər iki formatda görüşlərində bu məsələyə xüsusi yer ayrılıb. Dövlət başçılarının gəldikləri yekdil qənaət bu olub ki, ölkələrimiz arasında mövcud olan əmtəə dövriyyəsinin hazırkı səviyyəsi qətiyyən qənaətbəxş hesab oluna bilməz.Təbii ki, aparılan müzakirələrdə nəqliyyat infrastrukturu mövzusu da diqqət mərkəzində olmuşdur. Danışıqlarda Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün iki ölkənin səylərinin birləşdirilməsilə bağlı məsələlər ətraflı müzakirə olunub. Azərbaycanın kommunikasiya xətlərindən istifadə də Qırğızıstan üçün qazanclı ola bilər. Dövlət başçılarının görüşlərində də bu məsələnin əhəmiyyəti vurğulandı. Azərbaycan öz kommunikasiya xətlərindən istifadə üçün Qırğızıstana tam şərait yaradır. İki ölkə arasında potensial olan sahələrdən biri də kənd təsərrüfatıdır. Bu sahədə birgə əməkdaşlığın inkişaf etdirilməsi üçün dövlət başçıları tərəfindən lazımi tapşırıqlar verildi. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti yaxın vaxtlarda Qırğızıstana səfər edəcək.

Son bir neçə ildə Azərbaycan şirkətləri müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında böyük təcrübə əldə ediblər. Əlbəttə ki, bu istiqamətdə də səylərin birləşdirilməsi və Azərbaycanın investisiya potensialının Qırğızıstana yönəldilməsi qarşılıqlı faydalı ola bilər.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan bütün Türk respublikaları ilə ikitərəfli və çoxvektorlu əlaqələr qurub. Ölkəmizin yerləşdiyi coğrafi ərazi, yaradılmış infrastruktur, iqtisadi inkişaf səviyyəsi, o cümlədən münbit investisiya mühiti imkan verir ki, həm region, həm də dünyanın yaxın uzaq ölkələri ilə milli maraqlarımıza cavab verən əlaqələr yaradaq. Həmçinin qardaş xalq olan qırğızlarla həm mədəni və iqtisadi sahədə əməkdaşlıq, həm də strateji tərəfdaşlıq hər iki ölkənin inkişafına təkan verəcəkdir. Bu da öz növbəsində türk xalqlarının birliyinə öz layiqli töhfəsini verəcək, gələcəkdə daha möhkəm birliyin yaranmasında stimul olacaqdır. Azərbaycan-Qırğızıstan münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə çatması yolunda atılan addımlar bunu inamla deməyə əsas verir.

Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri

Geri dön