Ana Sayfa > Seçki 2024 > İşğaldan azad edilən ərazilərdə infrastruktur quruculuğunda və digər sahələrdə mühüm işlər görülüb

İşğaldan azad edilən ərazilərdə infrastruktur quruculuğunda və digər sahələrdə mühüm işlər görülüb


19-04-2022, 18:08. Yazar: sevinc1
İşğaldan azad edilən ərazilərdə infrastruktur quruculuğunda və digər sahələrdə mühüm işlər görülüb


Azərbaycan müstəqilliyin ilk illərindən, daha doğrusu, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasından sonra kifayət qədər inkişaf etməyə başlayıb. Prezident İlham Əliyevin son 18 il ərzində ölkəyə rəhbərlik etməsindən sonra özünün sürətli inkişaf dövrünü yaşayır, bu proses son illərdə də uğurla davam edir. Bu barədə aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də geniş söhbət açılıb. Prezident bildirib ki, keçən il ölkəmizin həyatında çox əlamətdar olub. Bu, İkinci Qarabağ müharibəsindən sonrakı birinci il olub və əlbəttə, müharibədən son­rakı dövr üçün bu ilin əhəmiyyəti çox böyükdür. Belə ki, ölkə qarşısında duran əsas vəzifə həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək, həm də beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək olub və hər iki istiqamət üzrə uğurlu nəticələr əldə edilib.

Dövlət başçısı keçən il görülmüş böyük həcmli işlərlə yanaşı, qarşıda duran vəzifələr haqqında da ətraflı məlumat verib. Xüsusən də Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlər üzərində dayanıb. Qeyd edilib ki, işlər mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Keçən il genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verilib, böyük infrastruktur layihələri icra edilib. Onun sözlərinə görə, hazırda Ağdam və Füzuli şəhərlərinin baş planları təsdiqlənib və bu əsasda işlərə start verilib. Digər şəhərlərin baş planlarının təsdiqlənməsi də bu yaxınlarda öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl, Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin, Hadrut və Suqovuşan qəsəbələrinin baş planları hazırlanıb bu il təsdiq edilməlidir. Bundan sonra Qarabağ və Şərqi Zəngəzura aid olan investisiya proqramında əlavələr edilməlidir.

Prezident bildirdi ki, bu il görüləcək işlər üçün 2,2 milyard manat vəsait nəzərdə tutulub. Amma birinci rübdə cəmi 300 milyon manatdan bir qədər çox vəsait istifadə olunub. Baş planlar təsdiq olunandan sonra ancaq praktiki işlərlə məşğul olunacaq. İlk növbədə, yaşayış binalarının inşası nəzərdə tutulmalıdır. Eyni zamanda minalardan təmizlənmə prosesini sürətləndirmək üçün bu il dövlət büdcəsində 100 milyon manata yaxın vəsait ayrılıb və bu, ölkə üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan vətəndaşlar o bölgələrə qaytarıla bilməz.

Vurğulanıb ki, azad edilmiş ərazilərdə bu il elektrik təchizatı ilə bağlı işlər davam etdiriləcək. Keçən il 20 meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa edilib. İkisi Suqovuşanda, biri Laçın rayonunun Güləbird kəndində, biri isə Kəlbəcər rayonunda, Lev çayı üzərində. Mənfur düşmən torpaqlarımızı tərk edərkən 30-dan çox elektrik stansiyasını dağıdıb, yandırıb. Xüsusilə Kəlbəcər, Laçın rayonlarında. Keçən il bu stansiyaların bərpasına başlanılıb. Bu il beş stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək və bu stansiyaların gücü 27 meqavata bərabər olacaq: “Ancaq qalan stansiyaların bərpası və ondan sonra işlənməsi sahibkarlar tərəfindən olsa, daha yaxşı olar. Çünki əlbəttə, dövlət də bu işi öz üzərinə götürə bilər, ancaq dövlətin digər başqa xərcləri çoxdur – bu, birincisi. İkincisi, bu, sahibkarlar üçün də əlverişli investisiya ola bilər. Nəzərə alsaq ki, azad edilmiş bütün bölgələr bu gün Azərbaycanın digər bölgələri ilə elektrik xətləri ilə birləşdirilib, ona görə orada istehsal olunacaq enerji ümumi sistemə daxil ediləcək. Mən hesab edirəm ki, sahibkarlar üçün bu, çox cəlbedici ola bilər. Mən bilirəm ki, İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası bu işlə məşğuldurlar və təkliflər də verildi. Hesab edirəm ki, hər bir stansiya üzrə təkliflər verilsin və bəlkə bu müşavirədən sonra sahibkarlar da bu məlumatı məndən eşidib daha da həvəsli olacaqlar”.

Bütün qeyd edilənlərdən belə bir nəticə çıxarmaq mümkündür ki, işğaldan azad edilən ərazilərdə infrastruktur quruculuğunda və digər sahələrdə mühüm işlər görülüb. Biz, Azərbaycan vətəndaşları da əminik ki, Prezidentimiz həmişə olduğu kimi, dağıdılmış ərazilərimizin bərpası məsələsində güclü iradə göstərəcək və bu işlər vaxtında həyata keçiriləcək.


Sahil Babayev,
YAP Göygöl rayon təşkilatı üzrə Yeni Qızılca kənd ərazi partiya təşkilatının sədri
aia.az




Geri dön