Ana Sayfa > Təhsil > Peşə təhsili alan tələbələr üçün istehsal müəssisələrində təlimlərə başlanılıb
Peşə təhsili alan tələbələr üçün istehsal müəssisələrində təlimlərə başlanılıb19-04-2022, 16:47. Yazar: sevinc1 |
Peşə Təhsili üzrə Dövlət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı, Dövlət Məşğulluq agentliklərinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçıları üçün istehsal müəssisələrində təlimlərə başlanılıb. Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, ilkin biznes təsəvvürünün və istehsal təcrübəsinin formalaşması məqsədilə Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kurs tələbələri Masallı Sənaye Məhəlləsində olublar. Tələbələrə sənaye məhəlləsinin fəaliyyəti haqqında məlumat verilib. İştirakçılar fəaliyyət göstərən müəssisələrdə istehsal prosesi ilə tanış olublar. Həmçinin səfər çərçivəsində tələbələrə KOBİA-nın Masallı Sənaye Məhəlləsində fəaliyyət göstərən KOB dostu tərəfindən sahibkarlara olunan dəstək və xidmətlər barədə məlumat verilib. Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsinin məqsədi peşə məktəblərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə təşviqi, özünüməşğulluğunun təmin olunmasıdır. Həmçinin kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının, peşə təhsilinə marağın artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsidir. 2021-2023-cü illəri əhatə edən layihə ilk olaraq Cəlilabad, Ağdam və Qəbələ rayonlarında həyata keçirilir. Layihə dərzi, bitkiçilik və heyvandarlıq, xalçaçılıq, aqrotexniki xidmətlər, dülgər, çilingər, aşpaz, şirniyyatçı, turizm və qaynaqçı sahələrini əhatə edir. Layihə çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən sahibkarlığa maraq göstərən sonuncu kurs tələbələrinin seçimi və maarifləndirilməsi həyata keçirilir. Sonra bu gənclər KOBİA tərəfindən biznes təlimlərinə cəlb olunur, onlara mentorluq dəstəyi göstərilir. Biznes müəssisələrinə təlim və təcrübə səfərləri təşkil olunur. Üç ay davam edən biznes və peşə təlimlərini uğurla başa vuracaq gənclər seçdikləri fəaliyyət sahəsi üzrə Dövlət Məşğulluq Agentliyi tərəfindən müvafiq avadanlıqlarla təmin olunacaqlar. AİA.Az Geri dön |