Ana Sayfa > Seçki 2024 > Oktay Abdullayev: “Azərbaycan dilinin beynəlxalq nüfuzunun yüksəldilməsi Ulu Öndər tərəfindən prioritet məsələ kimi müəyyən edilmişdir”

Oktay Abdullayev: “Azərbaycan dilinin beynəlxalq nüfuzunun yüksəldilməsi Ulu Öndər tərəfindən prioritet məsələ kimi müəyyən edilmişdir”


19-04-2022, 09:00. Yazar: sevinc1
Oktay Abdullayev: “Azərbaycan dilinin beynəlxalq nüfuzunun yüksəldilməsi Ulu Öndər tərəfindən prioritet məsələ kimi müəyyən edilmişdir”

Ötən əsrin 70-ci illərinin ortalarından başlayaraq, SSRİ-də müttəfiq respublikaların əhalisini təşkil edən xalqların milli dilləri ilə bağlı son dərəcə gərgin bir vəziyyət formalaşmışdı. Vahid “sovet xalqı” konsepsiyasından çıxış edən ölkə rəhbərliyi əslində kommunist rejiminin cəmi 10-15 il sonra tam fiaskoya uğrayacaq “beynəlmiləlçilik” siyasətini həyata keçirməyə çalışırdı. Məhz elə bu məqsədlə də SSRİ xalqlarının milli mənsubiyyətlərinin unutdurulması istiqamətində gərgin iş aparılırdı. Xüsusilə SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Yaranmış belə bir gərgin şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq əlbəttə ki, çox böyük cəsarət tələb edirdi. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən çəkinirdilər. Lakin bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirmişdi. Ümummilli Lider Heydər Əliyevin ana dilimizin yad təsirlərdən qorunması, inkişaf etdirilməsi, saflaşması və dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində gördüyü işlər birmənalı olaraq Ulu Öndərin Azərbaycan qarşısında olan misilsiz xidmətlərindəndir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. Həqiqətən də Ulu Öndər bütün çətinliklərə sinə gərərək keçmiş SSRİ-də ögey münasibət bəslənilən, sıxışdırılan Azərbaycan dilini bütünlüklə unudulmaq və məhv olmaq təhlükəsindən xilas etdi. Məhz ümummilli liderimizin zəngin təcrübəsi, yüksək intellekti, milli mədəniyyətimizə və mənəviyyatımıza dərindən bələd olması və bağlılığı sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin günbəgün saflaşmasına, zənginləşməsinə və inkişaf etməsinə şərait yaratdı. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdi. Öz çıxışlarının birində isə, Ulu Öndər SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. Ulu Öndərin bu çıxışı əslində ana dilinin dövlət dili statusunu qorumaq məqsədi güdürdü. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı.

Ulu Öndər Heydər Əliyev Azərbaycan respublikasının rəhbəri olduğu ilk illərdən ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Tarix üçün o qədər də böyük olmayan, təxminən on ilə yaxın bir müddətdə görkəmli dövlət xadimi həqiqətən tarixi əhəmiyyət kəsb edən vacib məsələlərin həllinə nail olub. İlk növbədə məhz Heydər Əliyevin səyləri nəticəsində hələ sovet dönəmində Azərbaycan dilinin dövlət dili statusu respublikanın Konstitusiyasında və digər müvafiq qanunlarında öz əksini tapıb. Bununla da Moskvanın kəskin etirazlarına baxmayaraq, respublikamızda rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Həmçinin Ulu Öndərin səyləri ilə həmin dövrdə respublikada Azərbaycandilli təhsilin və maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda gəncliyin ana dilində təhsilinə üstünlük verilib. Ən vacib məqamlardan biri də budur ki, Ümummilli Liderimiz bütün rəsmi və qeyri-rəsmi tədbirlərdə Azərbaycan dilində danışmaqdan çəkinməyərək, ana dilimizə verdiyi yüksək dəyəri vurğulayıb, dilimizin ictimai-siyasi mövqeyinin yüksəlməsinə zəmin yaradıb. Birmənalı olaraq demək lazımdır ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, onun beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol alması, yüksək nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi Ulu Öndər Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyətinin və yürütdüyü müdrik, uzaqgörən dil siyasətinin məntiqi nəticəsidir.

Həmçinin Ulu Öndər müstəqillik illərində imzaladığı bir sıra mühüm sənədlərlə Azərbaycan dilinin inkişafını və qorunmasını təmin edib. Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 31 oktyabr -11 noyabr 1995-ci il tarixləri arasında dövlət dili məsələsi Milli Məclisdə müzakirə olundu və yekdilliklə müstəqil Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dili qəbul edildi. Beləliklə, 12 noyabr 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsi Azərbaycan dilini Azərbaycan Respublikasının dövlət dili elan etdi. Beləliklə, Ümummilli Lider doğma dilimizi daha yüksək zirvələrə qaldırmaq məqsədilə bir sıra zəruri tədbirlər həyata keçirib.

Sonda bir məqamı da xüsusi olaraq qeyd edək ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir. Ulu Öndər demişdir: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir”. Bu gün biz hamımız, bütün Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin gələcəyə yönələn bu müdrik kəlamlarının da mübahisəsiz həqiqət olduğunun canlı şahidləriyik.

Oktay Abdullayev,
Xızı rayon Təhsil şöbəsinin müdiri, Azərbaycan Respublikasının
“Əməkdar müəllimi”, YAP Xızı rayon təşkilatınin üzvü
Geri dön