Ana Sayfa > Seçki 2024 > Azərbaycan Ordusunun döyüş qabiliyyəti daha da artıb və bu proses davam etməkdədir

Azərbaycan Ordusunun döyüş qabiliyyəti daha da artıb və bu proses davam etməkdədir


19-04-2022, 15:06. Yazar: sevinc1
Azərbaycan Ordusunun döyüş qabiliyyəti daha da artıb və bu proses davam etməkdədir

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu son illərdə Prezident İlham Əliyev tərəfindən sürətlə davam etdirilib, qoşunların döyüş hazırlığı ən müasir hərbi çağırışlar səviyyəsinə çatdırılıb. Azərbaycan torpaqlarını işğal altında olduğu bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri ordumuzun gücləndirilməsi, döyüş qabiliyyətinin artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsi olub. Bu baxımdan, 2020-ci ilin Vətən müharibəsində qazanılan möhtəşəm hərbi zəfər İlham Əliyevin nə qədər müdrik lider olduğunu göstərdi. Vətən müharibəsində Azərbaycan Ordusu döyüş meydanında böyük rəşadət və şücaət nümayiş etdirdi, dünyanın hərb tarixində yeni nümunələr yaratdı. Silahlı Qüvvələrimizin kompleks inkişafı və modernləşdirilməsi ilə bağlı Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi strategiya və taktikasının səmərəliliyi döyüş meydanında əhəmiyyətli nəticəni verdi. Hazırda, hətta güclü hərbi imkanlara malik olan dövlətlər belə Azərbaycan Ordusunun 44 günlük savaşda yaratdığı döyüş təcrübəsinə böyük maraq göstərirlər.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğu, qoşunların döyüş hazırlığının daha da artırılması prosesini dayandırmayıb. Postmüharibə dövründə də Azərbaycan Ordusunun döyüş imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilib. Hərbi quruculuq, bütün qoşun növlərinin texnika və silah-sursatla təchizatının modernləşdirilməsi, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması üçün hərbi sahəyə ayrılan maliyyə vəsaitləri artırılıb. Müharibədən sonra imzalanmış yeni müqavilələr əsasında Azərbaycana ən müasir hərbi texnikalar, silahlar gətirilib. Ötən ildən etibarən Azərbaycan Ordusu üçün yenilik olan Komando briqadalarının yaradılmasına başlanılıb. Yüksək döyüş hazırlığına malik bu hərbi hissələrin şəxsi heyəti istənilən hərbi vəzifəni icra etməyə qadirdir. Yeni Komando birliklərinin yaradılması ordumuzun gücünü böyük dərəcədə artırıb. O cümlədən qoşunların yüksək döyüş hazırlığını təmin etmək məqsədilə hərbi təlimlərin keçirilməsi də davamlı şəkil alıb. Əməliyyat-taktiki təlimlər göstərir ki, döyüş qabiliyyətinin gücləndirilməsi, şəxsi heyətin döyüş vərdişlərinin yüksəldilməsi hər zaman prioritet olaraq qalır.

Vətən müharibəsində əldə edilən qələbə və böyük təcrübənin bu gün ordumuzun döyüş qabiliyyətinin artırılması ilə bağlı həyata keçirilən tədbirlərdə mühüm rolu olması Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə də xüsusi vurğulandı. Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, müharibənin 44 gününün hər günü dərindən təhlil edildi: “Bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq. Bunu nəzərə alaraq yeni silahların, texnikaların alınması da təşkil edilir. Bununla bərabər, müharibədən sonra Müdafiə Nazirliyində struktur islahatları aparılmışdır, struktur dəyişikliyi edilmişdir və bu, ordumuzu daha da gücləndirəcək, daha da müasirləşdirəcək. Müharibədən sonra yeni qoşun növü - Komando növü yaradılmışdır və Hadrutda birinci Komando hərbi bazasının açılışında mən şəxsən iştirak etmişəm. Bu, çox güclü bir qoşun növüdür. Əminəm ki, hazırda artıq bu qoşun növü istənilən vəzifəni icra edə bilər”.

Beləliklə, Prezident İlham Əliyev ordu quruculuğu ilə bağlı bəzi məsələləri də ictimaiyyətə açıqladı və bəyan etdi ki, hərbi məsələlərin həlli üçün nə qədər lazımdırsa, o qədər də vəsait ayrılacaq, yeni mərhələdə komandoların sayı ildən-ilə artırılacaq, hazırlıqlı döyüşçülərin hazırlanması davam edəcək. Bununla yanaşı, İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin də sayı artırılıb və yenə də artırılacaq. Bir sözlə, Vətən müharibəsindəki zəfərdən sonra Azərbaycan Ordusunun döyüş qabiliyyəti daha da artıb və bu proses davam etməkdədir.

Zamir Hüseynov,
YAP Göygöl rayon təşkilatının məsul işçisi

AİA.Az


Geri dön