Ana Sayfa > Media > Azərbaycan hər zaman bəşəri dəyərlərə sadiqdir

Azərbaycan hər zaman bəşəri dəyərlərə sadiqdir


15-04-2022, 17:55. Yazar: sevinc1
Azərbaycan hər zaman bəşəri dəyərlərə sadiqdir


Azərbaycan müstəqilliyinin ilk illərində mürəkkəb tarixi dövr yaşasa da, sosial – iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçdi. Dünyada sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi tanındı. Respublikamızın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artdı, cəmiyyətdə müstəqil dövlətçilik ənənələri dirçəldi, müasir sosial – iqtisadi infrasturuktur quruculuğu uğurla həyata keçirilməyə başladı.

44 günlük Vətən müharibəsi Azərbaycanın gücünü, iradəsini, birliyini, yenilməzliyini bütün dünyaya göstərdi. Hamı gördü və şahid oldu ki, xalqımız öz problemlərini özü həll etməyə qadirdir. Heç kəsin köməyinə ehtiyacı yoxdur. Şanlı Qələbədən keçən dövr ərzində qarşıya qoyulan bütün vəzifələr vaxtında və uğurla yerinə yetirilmişdir. 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə görülmüş işlər geniş təhlil edilmiş, ilin sonuna qədər olan planlar barədə danışılmışdır. Müşavirədə beynəlxalq təşkilatlarla təmaslarımızın, fəal əməkdaşlığımızın davam etdirildiyi, dünyanın aparıcı beynəlxalq təşkilatlarının yeni reallıqları qəbul etdiyi qeyd olunmuşdur. Ölkə başçısı cənab İlham Əliyev müşavirədə qeyd etmişdir ki, bütün nailiyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub. Heç kimdən bir manat da olsun dəstək almamışıq. İşğaldan azad edilmiş torpaqlarda bərpa – quruculuq işləri daxili imkanlarımız hesabına aparılır. Nə işğal dövründə, nə də ki, sonra Azərbaycana heç kim yardım göstərmir. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi işləri də paralel olaraq davam etdirilir. Bu məqsədlə maşın, mexanizmlər və texnika alınıb, hətta dronlar alınıb ki, o minalarla çirklənmiş yerləri təsbit edir.

Azərbaycan real işlərin tərəfdarıdır və gələcəkdə bölgənin inkişafı ilə bağlı çox aydın təsəvvür vardır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün bütün imkanlardan istifadə edilləcəkdir. Əminik ki, yaxın gələcəkdə Cənubi Qafqazda sülh olacaq, əmin-amanlıq olacaq. Müharibə riskləri böyük dərəcədə azalacaq və biz rahat yaşayacağıq.

Müharibədən sonrakı dövrdə Azərbaycanın iqtisadiyyatla, ərazilərin bərpası ilə bağlı addımlarını ölçüb-biçilmiş şəkildə atır. Beynəlxalq ictimaiyyət siyasi nöqteyi-nəzərdən bu reallıqları qəbul edib. Eyni zamanda, ölkəmizə maraq daha da artıb. Bu marağı biz böyük investisiya layihələrində görürük. Təkcə bu ilin üç ayında iki böyük investisiya layihəsinə start verildi – bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar tərəfindən inşa edilir və gələn il istismara veriləcək. Beləliklə, böyük həcmdə təbii qaza qənaət edib öz ixrac imkanlarımızı genişləndirə bilərik. Eyni zamanda, bu, digər investorlar üçün də çox önəmli bir məsələdir. Hazırda aparılan islahatlar, şəffaflıq, kadr islahatları öz müsbət nəticələrini verir. İkinci Qarabağ müharibəsindəki Qələbəmiz nəticəsində Azərbaycana çox böyük maraq var. İş görmək, biznes əlaqələri qurmaq müraciətləri kifayət qədər çoxdur. Bu gün dünya miqyasında Azərbaycan nadir ölkələrdəndir ki, bu qədər marağı özünə cəlb edə bilib.

İşğaldan azad olunmuş ərazilərimizdə görülən hər bir iş xalqımızı sevindirir. Tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Laçın şəhərindən yan keçən yeni alternativ yolun istifadəyə verilməsi bu ilə planlaşdırılır. Avtomobil yolları arasında Bərdə-Ağdam avtomobil yolunda işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın avtomobil yolu və təxminən 4 kilometrlik tunel inşa edilir. Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən magistral yol inşa edilir. Cəbrayıl-Hadrut yolu inşa olunur. Zəfər yolu açıldı, indi Füzuli-Şuşa 4 cərgəli magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları çəkilir. Ən vacib yollardan biri Toğana-Kəlbəcər avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel çəkiləndən sonra daha Murov aşırımından keçməyə ehtiyac qalmayacaq. Laçın aeroportu istifadəyə veriləndən və Toğana-Kəlbəcər avtomobil yolu, tunel çəkiləndən sonra həm Gəncə istiqamətindən, həm Laçın istiqamətindən Kəlbəcərə gəlmək çox rahat olacaq. Qarabağın incisi olan Şuşada içməli su layihəsi ən aktual məsələdir. İndi Şuşada artıq bərpa işləri gedir, bəzi tarixi abidələr bərpa edilib Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın aylarda başlanacaq. Şuşada yeni teleqüllənin təməli qoyuldu. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir. Bu layihələrin təməli qoyuldu. Keçmiş poçt binasında “ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət göstərən digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işləri onu deməyə əsas verir ki, tezliklə Qarabağımız cənnət bir diyara çevriləcəkdir.


Çingiz Məmmədov
YAP Qazax rayon təşkilatının əməkdaşı
aia.az



Geri dön