Ana Sayfa > Media > “Ötən 4 ildə xalq sözü imzası qədər dəyərli olan Liderə səs verməkdə yanılmayıb”
“Ötən 4 ildə xalq sözü imzası qədər dəyərli olan Liderə səs verməkdə yanılmayıb”12-04-2022, 18:40. Yazar: admen |
Tarix şəxsiyyətlər yetişdirir. Bu, aksiomdur. İsbata ehtiyacı olmayan digər həqiqət də ondan ibarətdir ki, şəxsiyyətlər də tarix yaradır. Və bu gün tarixin, dövlətin və millətin xilaskarlıq missiyasını yerinə yetirən ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, sözü imzası qədər dəyərli olan Qalib Sərkərdə, Prezident İlham Əliyev son 18 ildə müstəqil Azərbaycanı davamlı və dinamik inkişaf yolunda irəliyə aparır. Həmçinin, zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 18 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. «Əsl siyasət konkret, real iş görməkdən ibarətdir» deyən Prezident İlham Əliyevin 18 il öncə söylədiyi «Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm» fikirləri ilə real məzmun kəsb etməyə başladı. Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. Və Prezidentliyinin ilk 5 ili ərzində cənab İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərciyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artıralacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı və s. daxil idi. İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. Prezident İlham Əliyev hələ 18 il əvvəl bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə regionların inkişafına prioritet məsələ kimi baxacaqdır. Və Prezident İlham Əliyevin bu istiqamətdə atdığı mühüm addımlar onun sözü ilə əməlinin eyni gücə malik olduğunu növbəti dəfə təsdiqlədi. Artıq bu gün növbəti 4-cü Dövlət Proqramının icrasına başlanılmışdır. 2018-Cİ İL 11 APREL TARİXLİ NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİ VƏ ZƏFƏRİMİZ Bəli, xalq sözü imzası qədər dəyərli olan cənab İlham Əliyevi ölkəmizin tarixində ilk dəfə olaraq 2018-ci ildə iqtidar Yeni Azərbaycan Partiyası növbədənkənar prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə aprelin 11-də keçirilən seçkilərdə yenidən seçicilərin böyük dəstəyini, etimadını qazanaraq, dördüncü dəfə prezident seçildi. Seçkidən sonra çox qısa müddət ərzində Azərbaycan vətəndaşlarının sosial-rifah halının daha da yaxşılaşdırılması istiqamətində önəmli, inqilabi addımlar atıldı, əməkhaqları, müavinətlər, pensiyalar artırıldı. Birinci Qarabağ savaşında qəhrəmancasına həlak olmuş şəhidlərimizin ailələrinə birdəfəlik sosial sığorta ödəmələri başa çatdırıldı və illərlə davam etmiş narazılığa son qoyuldu. Ən mühüm addımlardan biri kimi, problemli kreditlərlə bağlı cəmiyyətin böyük üzüntüsünə çevrilmiş bir məsələyə, insanların banklardan əsarətinə son qoyuldu. 2020-ci ilin əvvəllərindən bəri bütün dünyanı cənginə almış koronavirus bəlası özünün dağıdıcı maddi və mənəvi itkiləri ilə hər kəsə, iri şirkətlərə, hətta qüdrətli dövlətlərə böyük zərbə vurdu, ağır itkilrə bais oldu. Dünyanın nəhəng, super gücləri koronavirus pandemiyası qarşısında aciz durumda qaldığı bir zamanda, Prezident İlham Əliyevin rəhbərliyi, müdrik, uzaqgörən, düşünülmüş siyasəti nəticəsində ölkəmiz, xalqımız bu bəladan az itkilərlə qurtulmağı bacardı. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla, bir sıra beynəlxalq qurumlara, o cümlədən onlarca ölkəyə bu bəlanın önlənməsi üçün təmənnasız yardım əlini uzatdı, maliyyə dəstəyi göstərdi. Son 4 ilin ən böyük və ən tarixi hadisəsi isə 2020-ci ilin sonunda baş vermiş Vətən müharibəsi oldu. Prezident seçkiləri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün var gücü ilə çalışacağını deyən ölkə başçısı 44 günlük müharibə ilə öz üzərinə götürdüyü tarixi missiyanı uğurla başa çatdırdı. Ali Baş Komandan fəaliyyəti dövründə erməni işğalının aradan qaldırılması üçün yorulmadan çalışırdı. Prezidentin məhşur və dillərdə əzbərə çevrilmiş “Qarabağ Azərbaycandır və nida” fikri 2020-ci ildə öz məntiqi sonluğuna çatdı. Bununla da erməni işğalına son qoyuldu. Prezident seçkilər zamanı və sonrakı mərhələdə xalqa verdiyi sözü reallaşdırdı, 44 gün ərzində Ermənistana və onun havadarlarına layiqli dərs verdi. Noyabrın 10-da kapitulyasiya aktına imza atan Ermənistan baş naziri Nikol Paşinyan, sözün həqiqi mənasında, Azərbaycan xalqı qarşısında diz çökdürüldü. Bir sözlə, erməni ordusunun kürəyi yerə vuruldu, darmadağın olan işğalçılar tarixi torpaqlarımızdan qaçmağa məcbur edildi. Artıq işğaldan azad olunmuş torpaqlarımızdı böyük quruculuq, abadlıq işləri görülür. Tezliklə bərpa işləri sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycanın həyatında, sözün əsl mənasında, yeni mərhələ başlayacaq. Qarşıya çıxan hər bir çətinlik arxada qoymaqla bizi hər gün Böyük Qayıdışı yaxınlaşdırır və Böyük Qayıdışın başlanması ilə ölkəmizin həyatında da yeni mərhələ başlanacaq. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu dövrdə də yeni uğurlara imza atacaq. Muxtar Nağıyev, YAP Səbail rayon təşkilatının sədri Geri dön |