Ana Sayfa > Seçki 2024 > İlham Səfərov: “Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanımızın da inkişafını şərtləndirir”

İlham Səfərov: “Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanımızın da inkişafını şərtləndirir”


12-04-2022, 12:30. Yazar: sevinc1
İlham Səfərov: “Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanımızın da inkişafını şərtləndirir”

Bu gün istər ölkəmizin vətəndaşları, istərsə də planetimizin hansı guşəsində yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları qalib ölkəni təmsil etmələrindən sonsuz qürur duyurlar. 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vuraraq torpaqlarımızı işğaldan azad etdi və bu gün yaşadığımız bu qürur hissini bizlərə bəxş etdi. Əlbəttə ki, bu hiss hər kəsi doğma Azərbaycanımızın bundan sonra daha da güclənməsi, daha sürətli inkişafı naminə bir qədər də yüksək əzmlə çalışmağa, yeni nailiyyətlər əldə etməyə sövq edir. O cümlədən artıq iki ildir ki, Azərbaycan idmançıları da dünyanın ən mötəbər idman arenalarında qalib ölkənin təmsilçiləri kimi çıxış edirlər.

Heç şübhəsiz bu amilin özü qələbələrə aparan yolda ən böyük stimuldur. Bir neçə gün bundan əvvəl Macarıstanın Budapeşt şəhərində keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmiş, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanan idmançılarımız Azərbaycanın beynəlxalq idman nüfuzunu daha da yüksəltmişlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 8-də Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən etdiyi çıxışında da vurğuladı ki, Avropada istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Eyni zamanda da güləş bizim ənənəvi idman növümüz olduğu üçün, bu qələbənin Azərbaycan üçün önəmi daha yüksəkdir. İdmançılarımız artıq bundan sonra istənilən bir yarışa çıxanda hər zaman xatırlamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanın həm gənclər, həm də böyüklər arasında Avropada birinci yeri tutması onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və Azərbaycanda güclü gənc nəsil yetişir. Bu isə Azərbaycanın gələcək qələbələrinin əsasıdır.

Ümumiyyətlə bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Ötən illər ərzində idmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir. Dövlətin yürütdüyü idman siyasəti nəticəsində idman uğurlarımızın qarşıdakı illərdə də davam edəcəyi bu gün heç kimdə şübhə doğurmur. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bütün sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.

Xüsusi olaraq bunu da vurğulamaq lazımdır ki, gənc nəsildə vətənpərvərliyi gücləndirən əsas amillər kimi tarixi-hərbi Zəfərimizi və idman uğurlarımızı qeyd edə bilərik. Prezident İlham Əliyev də öz çıxışında qəti şəkildə bildirdi ki, gənc nəsil mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə çox sevinirlər. Bu qələbələrdən ruhlanan hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü müəyyən edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda parlaq qələbələr qazanır.

Sevindirici haldır ki, Azərbaycan idmançıları da öz qələbələrini yalnız ləyaqətli çıxışları ilə əldə edirlər. Dövlət başçımız da bu məqama xüsusi toxunaraq dedi ki, ədalət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Biz düşməni və ya idman rəqibini hər zaman məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etmişik. Qələbədən daha vacib olan ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya Azərbaycan xalqının böyüklüyünü hər bir sahədə görür və yüksək qiymətləndirir.

İlham Səfərov,
Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi

Geri dön