Ana Sayfa > Gündəm > DENDROLOGİYA İNSTİTUTUNUN UĞURLU FƏALİYYƏTİ TƏQDİRƏLAYİQDİR

DENDROLOGİYA İNSTİTUTUNUN UĞURLU FƏALİYYƏTİ TƏQDİRƏLAYİQDİR


11-04-2022, 11:39. Yazar: sevinc1
DENDROLOGİYA İNSTİTUTUNUN UĞURLU FƏALİYYƏTİ TƏQDİRƏLAYİQDİR

Bakının Mərdəkan qəsəbəsi müxtəlif tarixi abidələri ilə məşhurdur. Bu abidələr zamanın müxtəlif təsirlərinə məruz qalmasına baxmayaraq dövrümüzə qədər gəlib çatmış, möhtəşəmliyi və arxitekturası baxımından qiymətli məxəz olmuşdur.
Bu yerlərin ən çox ziyarət edilən gözəl istirahət məkanlarından biri və ümumilikdə 1800 növədək ağac və gül kolleksiyalarından ibarət zəngin sərvəti olan məşhur Mərdəkan dendrarisidir.


Qiymətli və nadir bitkilərin qorunub saxlanıldığı 12 hektar sahəni əhatə edən Mərdəkan dendrarisi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağ evi olub.
Burada dünyanın müxtəlif növ bitki aləmini təmsil edən zəngin bitki kolleksiyaları yaradılıb. O zaman bağın torpağı əkin üçün yararlı olmadığından Murtuza Muxtarov bura Lənkərandan torpaq gətirdib.
Bağ öz təbii coğrafi xüsusiyyətlərinə görə, Afrika, Asiya, Avropa və Amerikanın iqlim zonalarına oxşadığından 1926-cı ildə burada Ümumittifaq Təcrübi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya filialı yaradılıb.


Sonralar bir müddət "Bağçılıq, üzümçülük və subtropik bitkilər institutu"nun təcrübə bazası kimi fəaliyyət göstərən bu bağ 1966-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat İnstitutuna verilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 2014-cü il tarixli 104 saylı qərarına əsasən AMEA-nın Mərdəkan Dendrarisinə Dendrologiya İnstitutu statusu verilmişdir. Hazırda İnstituta AMEA-nın müxbir üzvü, professor Tofiq Məmmədov rəhbərlik edir. Hazırda institutda 178 nəfər işçi, o cümlədən 1 müxbir üzv, 5 elmlər doktoru, 11 fəlsəfə doktoru, 25 elmi işçi çalışır.
Mərdəkan dendrarisi bitki və ağac növlərinin ümumi miqdarına və yaş tərkibinə görə ən yaxşı dünya kolleksiyaları səviyyəsindədir. Burada Avstraliyanın, Afrikanın, Amerikanın, Aralıq dənizi ölkələrinin, Yaponiyanın, Çinin, Orta Asiyanın, Uzaq Şərqin, Qafqazın və dünyanın daha bir çox ölkəsinin zəngin və qiymətli bitki növləri vardır.


Nəsli kəsilməkdə olan nadir endemik bitkilərə bağda xüsusi guşə ayrılıb. “Azərbaycanın Qırmızı Kitabı”na daxil olan 141 növ ağac növündən 69-u bu bağda yetişdirilir.
Dendraridə təbii bitkilərin ekspozisiyalarının yerləşdiyi səkkiz - “Şərqi Asiya florası”, “Orta Asiya florası”, “Şimali Amerika florası”, “Cənubi Amerika florası”, “Aralıq dənizi ölkələrinin florası”, “Avstraliya və Yeni Zelandiya florası”, “Afrika florası” və “Qafqaz florası” botaniki-coğrafı ekspozisiya fəaliyyət göstərir. Burada dünya florasından 380 qızılgül, 9 nərgiz, 25 zanbaq, 6 süsən, 15-dən çox Lalə növü və digər müxtəlif gül-bəzək kolleksiyaları da toplanıb. Abşeron nəbatat aləminin tacı hesab edilən və müxtəlif heyvan növlərinin də saxlanıldığı Mərdəkan dendrarisi bura gələnlərin, xüsusilə də uşaqların sevimli istirahət və əyləncə məkanıdır.


Son dövrlərdə İnstitutda aparılan elmi işlər, müxtəlif mövzulara həsr olunmuş beynəlxalq konfranslar, gənc alimlərin yetişdirilməsi sahəsində görülən işlər təqdirəlayiqdir. Əsas elmi fəaliyyət istiqaməti “Azərbaycanda biomüxtəlifliyin müasir dövrdə vəziyyətinin öyrənilməsi, qorunub saxlanma prinsipi və yolları, səmərəli istifadəsi” olan İnstitut Azərbaycan elminə verdiyi töhfələrlə yanaşı, dünyanın nadir bitki kolleksiyalarının cəmləşdiyi bir məkan olaraq da diqqəti cəlb edir. Burada mövcud potensial qorunmaqla bərabər, yeni bitki sortlarının əldə edilməsi, sənaye və dərman əhəmiyyətli bitkilərin introduksiyası, uyğunlaşması, yaşıllaşdırılmada tədbiqi, efir yağı və bioloji fəal maddələrin alınma texnologiyası, təsərrüfat əhəmiyyətli bitkilərin yeni sort və formalarının alınması üzrə geniş tədqiqatlar aparılır.


İnstitutla Bakı Şəhər Yaşıllaşdırma Departamenti arasında əməkdaşlıq haqqında müqavilə də çox əhəmiyyətlidir. Müqaviləyə əsasən tərəflər Bakı şəhərinin müasir landşaft memarlığı əsasında layihələndirilməsi, növlərin seçilməsi, morfoloji, ekoloji və dekorotivlik xüsusiyyətlərinə görə qruplaşdırılması, davamlı senozların yaradılması və bərpası istiqamətində birgə fəaliyyət göstərirlər.
Bu gün Bakının, eləcə də digər şəhər və rayon mərkəzlərinin parklarını bəzəyən ağac və bitki növlərinin bu İnstitutda yetişdirilməsi, elmi işlə yanaşı təbiəti gözəlləşdirməklə məşğul olan elm adamlarının əməyi çox qiymətlidir.


İnstitutda mütəmadi olaraq müxtəlif müsabiqələr, sərgilər, Vətən müharibəsində qələbəımizə həsr olunmuş tədbirlər keçirilir. İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov mətbuata açıqlamasında bildirib ki, “bu tədbirlər uşaqların və gənclərin inkişafında, onlarda ekoloji mədəniyyətin formalaşmasında, vətənə, elmə, təbiətə maraq yaratmasında mühüm önəm daşıyır. Azərbaycanı gənc nəslə tanıtmaq, Vətən müharibəsindəki həmrəylik və birliyimizi qorumaq, şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızı tərənnüm etməkdə gənc rəssamların bacarıqlarını inkişaf etdirmək məqsədilə belə tədbirlər daim keçiriləcəkdir”.
Hazırda İnstitutda daha bir beynəlxalq konfransa ciddi hazırlıq işləri gedir. Belə ki, 1-04 iyul 2022-ci il tarixlərində AMEA Dendrologiya İnstitutu, ISRES cəmiyyəti, Türkiyə təşkilaşığı ilə birgə keçiriləcək “Tibb, sağlamlıq və həyat elmləri” üzrə 2-ci Beynəlxalq elmi praktik konfrans keçiriləcəkdir.


Konfrans Təhsil və Elmdə Tədqiqat üzrə Beynəlxalq Cəmiyyət (ISRES) tərəfindən təşkil olunur. ICMEHELS müntəzəm olaraq təşkil edilən illik konfransdır. Məqsədi müxtəlif ölkələrdən olan alimləri, tələbələri və idarəçiləri bir araya gətirmək, Tibb, Sağlamlıq və Həyat Elmlərinin bütün sahələrində nəzəri və praktiki məsələləri müzakirə etmək olan konfransın təşkilatçılarına bu sahədə uğurlar diləyir, daha böyük nailiyyətlər əldə etmələrini arzu edirik.

Elbrus Bağırov
AİA.Az


Geri dön