Ana Sayfa > Seçki 2024 > Ceyhun Cahangirov: “Azərbaycan hər zaman birincilər sırasında olacaq”

Ceyhun Cahangirov: “Azərbaycan hər zaman birincilər sırasında olacaq”


11-04-2022, 11:05. Yazar: sevinc1
Ceyhun Cahangirov: “Azərbaycan hər zaman birincilər sırasında olacaq”

Azərbaycan bir idman ölkəsi kimi də öz beynəlxalq nüfuzunu getdikcə yüksəldir. Son iki ildə isə idmançılarımızı daha yüksək nailiyyətlərə ruhlandıran ən güclü stimul əlbəttə ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə oldu. Bu günlərdə Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş güləş üzrə növbəti Avropa çempionatında idmançılarımız bir daha xalqımızı sevindirmişlər, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış güləşçilərimiz bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Qeyd olunduğu kimi, idmançılarımız artıq istənilən bir yarışda müzəffər ölkəni və qalib xalqı təmsil edirlər və öz çıxışlarını da məhz bu şərəfli məqama uyğun həyata keçirirlər.

Əlbəttə ki, bu gün Azərbaycanda müşahidə olunan idmanın dinamik inkişafı respublikanın ümumi inkişafının bir qolu kimi təzahür edir. Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz bütün sahələrdə regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir. Hazırda nəinki paytaxtımızda, eləcə də regionlarda bir çox Olimpiya kompleksləri, müasir idman qurğuları istifadəyə verilmiş, maddi-texniki baza möhkəmləndirilmişdir. Bütün bu işlər, əlbəttə ki, idmançılarımızın yerli və beynəlxalq turnirlərdə uğur qazanmalarında müstəsna rol oynamışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aprelin 8-də Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən etdiyi çıxışında da vurğuladı ki, Avropada istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Eyni zamanda da güləş bizim ənənəvi idman növümüz olduğu üçün, bu qələbənin Azərbaycan üçün önəmi daha yüksəkdir. İdmançılarımız artıq bundan sonra istənilən bir yarışa çıxanda hər zaman xatırlamalıdırlar ki, müzəffər ölkəni və qalib xalqı təmsil edirlər. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycanın həm gənclər, həm də böyüklər arasında Avropada birinci yeri tutması onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və Azərbaycanda güclü gənc nəsil yetişir. Bu isə Azərbaycanın gələcək qələbələrinin əsasıdır.

Bu gün böyüməkdə olan gənc nəsilin vətənpərvərlik ruhunda tərbiyə alması, milli ruhda formalaşması dövlətin əsas prioritetidir. Öz çıxışında bu məsələyə xüsusi toxunaraq Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan dövləti gəncliyin milli-vətənpərvər ruhda formalaşmasına nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri, əlbəttə ki, Azərbaycanın tarixi-hərbi Zəfəridir və eyni zamanda, idmanda əldə olunan möhtəşəm uğurlardır. Hətta idmana çox marağı olmayan Azərbaycan vətəndaşları da həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Çünki hər belə qələbə ləyaqətli gənc nəslin yetişdiyinə dəlalət edir. Sevindirici haldır ki, Azərbaycan idmançıları da öz qələbələrini yalnız ləyaqətli çıxışları ilə əldə edirlər. Dövlət başçımız da bu məqama xüsusi toxunaraq dedi ki, ədalət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Biz düşməni və ya idman rəqibini hər zaman məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etmişik. Çünki bizim üçün qələbədən daha vacib olan ləyaqətdir və Azərbaycan Vətən müharibəsini ləyaqətlə aparıb, qazandığı tarixi Qələbəyə də şərəf və ləyaqətlə nail olub.

Əlbəttə ki, Azərbaycanın bu qələbələri bütün sahələrdə davam edəcək. O cümlədən biz hamımız iki ildən sonra Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında idmançılarımızdan ən yüksək nəticələr gözləyirik. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, gələcək yarışlarda Azərbaycan mütləq birinci sıralarda olacaq. Bütün Azərbaycan xalqı inanır ki, növbəti Olimpiya Oyunlarında milli yığmamız çox uğurla çıxış edəcək. Lakin gələcək yarışların nəticələrinə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi hər zaman ləyaqətlə təmsil edirlər. Bu gün biz əminliklə deyə bilərik ki, təkcə idmançılarımız deyil, hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə də hazırda Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və öz siyasətini tam müstəqil şəkildə aparır.

Ceyhun Cahangirov
Goranboy rayon Quşçular kənd Hakim Cəfərov adına tam
orta məktəbin direktoru, YAP Goranboy rayon təşkilatının fəalı.

Geri dön