Ana Sayfa > Siyasət > Anar Nəbiyev: “Odlar Yurdundan Doğan Günəş bu dəfə Budapeşt səmasında parladı!”
Anar Nəbiyev: “Odlar Yurdundan Doğan Günəş bu dəfə Budapeşt səmasında parladı!”11-04-2022, 09:57. Yazar: sevinc1 |
![]() Əbəs yerə Azərbaycanı beynəlxalq aləmdə həm də idman ölkəsi kimi tanımırlar. Əsası Ulu Öndərimiz, Dahi rəhbərimiz Heydər Əliyev tərəfindən qoyulan, bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərə, idmana göstərilən diqqət, qayğı günbəgün öz bəhrəsini verməkdədir. Bir neçə gün öncə Bolqarıstanda keçirilmiş Avropa Çempionatında güləşçilərimizin əldə etdiyi möhtəşəm qələbənin sevincindən ayrılmamış, bu dəfə güləşçilərimiz Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa Çempionatında bir daha xalqımızı sevindirmiş, bu yarışda üç qızıl, altı gümüş və yeddi bürünc medal olmaqla, 16 medal qazanaraq böyük uğura imza atmışlar. Belə ki, həm sərbəst güləş, həm də yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci oldular və iki komandanın eyni vaxtda Avropa çempionu olması ilə güləş tariximizdə yeni bir rekorda imza atıldı. Bununla da Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıran idmançılarımız sübut etdilər ki, Azərbaycan nəinki hərb meydanlarında, diplomatik arenalarda, həm də idman arenalarında möhtəşəm qələbələrə imza atmaqdadır. Əlbəttə ki, 44 günlük Vətən müharibəsində Şanlı Zəfərə imza atmış Qalib Xalqı təmsil etmək həm böyük qürur, həm də böyük məsuliyyətdir. Odur ki, bu gün istənilən yarış meydanlarına, idman arenalarına Müzəffər ölkənin, Qalib xalqın təmsilçisi kimi çıxmaq özü bir şərəfdir. Avropada həm gənclər, həm də böyüklər arasında birinci yeri tutmaq, himnimizi səsləndirmək, üçrəngli bayrağımızı yüksəkliklərə qaldırmaq, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırmaqla yanaşı, həm də sübut edir ki, Azərbaycanda ta qədimdən mövcud olan güləş ənənələri, idman ənənələri bu gün də yaşayır və bu sahədə milli dəyərlər əsasında tərbiyə almış vətənpərvər gənc nəsil yetişir. Bu gün heç bir ittifaqa, heç bir bloka qoşulmayan, öz taleyini özü həll edən, müstəqil siyasət yürüdən, istər döyüş, istər siyasi, istərsə də idman arenalarında qələbələri sıralayan Azərbaycan dünyada sürətlə inkişaf edən, öz müsbət göstəriciləri ilə dünyanı heyrətləndirən bir ölkə kimi tanınır. 1997-ci ildən üzü bəri məhz, İlham Əliyev cənabları Milli Olimpiya Komitəsinin Prezidenti seçildikdən sonra Azərbaycan həm də Olimpiada ənənələri olan bir ölkəyə çevrildi. Bununla da Azərbaycan idmançıları nəinki Avropa və dünya, eləcə də Olimpiya Oyunlarında uğurla çıxış edərək, yeni-yeni qələbələrə imza atdılar. İnanırıq ki, iki ildən sonra Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında da Azərbaycan idmançıları ləyaqətlə çıxış edərək ölkəmizin idman gücünü göstərəcək və yenə də birincilər sırasında olacaqdır. Müdrik Azərbaycan xalqına xas olan xüsusiyyətlərdən biri də istənilən arenada mərhəmət, ədalət, humanizm prinsiplərinə sadiq qalmasıdır. İstər Azərbaycan əsgəri döyüş meydanında, istər Azərbaycan idmançısı İdman arenasında rəqiblə ləyaqət, mərhəmət prinsipi əsasında rəftar edir. İkinci Qarabağ müharibəsi zamanı mənfur düşmən döyüş meydanından məğlub şəkildə qaçarkən Azərbaycan əsgərinin davranışı, eyni zamanda Ağdamın “Qarabağ” futbol klubunun Fransanın “Marsel” futbol klubu ilə keçirdiyi oyunda baş məşqçimiz Qurban Qurbanovun humanist addımı bu deyinlərə əyani misaldır. İnanırıq ki, öz şərəf və ləyaqətini, öz qürurunu, öz milli dəyərlərini qələbədən də üstün tutan Azərbaycan idmançıları Budapeştdəki parlaq qələbədən sonra gələcəkdə də çoxlu sayda yeni-yeni qələbələrə, uğurlara imza atacaqdır! Anar Nəbiyev YAP Qazax rayon təşkilatının sədri aia.az Geri dön |