Ana Sayfa > Seçki 2024 > İdmançılarımızın əldə etdiyi möhtəşəm qələbələr xalqımızın qalib xalq olduğunu təcəssüm etdirir

İdmançılarımızın əldə etdiyi möhtəşəm qələbələr xalqımızın qalib xalq olduğunu təcəssüm etdirir


9-04-2022, 18:11. Yazar: admen
İdmançılarımızın əldə etdiyi möhtəşəm qələbələr xalqımızın qalib xalq olduğunu təcəssüm etdirir

Bir neçə gün bundan əvvəl Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha xalqımızı sevindirmiş, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanmış idmançılar bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Beləliklə həm sərbəst güləş, həm yunan-Roma güləşi üzrə komandalarımız Avropada birinci olublar. Aprelin 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən söylədiyi kimi, bu, böyük qələbədir, böyük nailiyyətdir: “Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha Azərbaycan güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır”.
Dövlət başçısının qeyd etdiyi kimi, güləş Azərbaycanda ən populyar, ən məşhur idman növüdür. Prezident İlham Əliyev də idmanın bu sahəsinə daim diqqət və qayğı göstərir. Dövlət başçısının Güləş Federasiyasına vəsait ayırması da bu qəbildəndir. Bu qayğını həmişə hiss edən məşqçilər, federasiyanın nümayəndələri, Gənclər və İdman Nazirliyi bu amili nəzərə alaraq güləşə, əlbəttə ki, xüsusi diqqət verirlər. Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə millimiz Vətənə qayıdanda yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin və Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və heyət üzvlərinin yaxınlarının təntənəli sürətdə qarşılanması bu dəstəyin daha bir nümunəsidir.
Yuxarıda qeyd edildiyi kimi, yığmanın baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Budapeştdə 1 qızıl, 4 gümüş və 2 bürünc medalla komanda hesabında Avropa çempionu olan Azərbaycan güləşçiləri bu dəfə ümidləri doğruldublar. Baş məşçisi Namiq Abdullayev də deyib ki, idmançılar dövlət başçısının diqqət və qayğısını daim hiss edir. Namiq Abdullayev həmçinin böyük məşqçi Zəlimxan Hüseynovun və məşqçi Arif Abdullayevin zəhmətlərini dəyərləndirərək qeyd edib ki, yeniyetmə və gənclərdən ibarət yığmalarımızın məşqçilərinin əməyi yüksəkdir: “Təlim-məşq toplanışlarında, yarışlara hazırlaşarkən vahid bir komanda kimi işləyirik. Qarşıda bizi İslam Həmrəyliyi Oyunları və dünya çempionatı gözləyir. Ona qədər İtaliyada keçiriləcək reytinq turnirində də əsas heyət üzvlərinin iştirakı nəzərdə tutulub. Bu yarışlara hazırlıq məqsədilə müxtəlif yerlərdə təlim-məşq toplanışları keçirməyi planlaşdırırıq”.

Beləliklə, yığmamız 165 xalla tarixində ilk dəfə komanda hesabında Avropa çempionu olub. Türkiyə millisi 150 xalla 2-ci, Gürcüstan isə 114 xalla 3-cü yeri tutub. Həm medalların sayına, həm əyarına, həm də toplanan xallara görə Azərbaycan yunan-Roma güləşi tarixində yeni rekorda imza atıb.
Onu da qeyd edək ki, idmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri, idman sahəsində uğurlarımızdır. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə qələbə qazandırdı. Prezidentin sölədiyi kimi, doğrudan da, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir.

Yeri gəlmişkən, gənc nəsil də mütləq vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında tərbiyə alması üçün Azərbaycan dövləti bütün imkanlardan istifadə edir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizi gücləndirir. Məhz buna görə bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə kimi tanınır və dünyada nadir ölkələrdəndir ki, öz taleyini özü həll edir, öz siyasətini müstəqil şəkildə aparır və istər döyüş meydanlarında, istər siyasi arenalarda qələbə qazanır.

Ən nəhayət, Qarabağ məsələsini də öz gücü, zəkası ilə həll edən dövlətimizin siyasətinə dəstək olan Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl edərək, ləyaqətlə mübarizə apararaq halal qələbəni öz istedadı, zəhməti hesabına qazanaraq bir daha xalqımızın böyüklüyünü nümayiş etdirir. Əminik ki, Vətən müharibəsində qazandığmız möhtəşəm Zəfərdən sonra Azərbaycan bütün sahələrdə yeni qələbələrə imza atacaq.

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri

AİA.Az

Geri dön